COP29-un Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov mediaya müsahibəsində kiçik ada dövlətlərinin tarixən və hazırda istixana qazlarındakı izi ən az olan, amma istixana qazlarının yaratdığı problemlərə ən çox məruz qalan ölkələr olduğunu bildirib. Baş icraçı direktor sözlərinə əlavə edərək onların bu gün ekzistensial problemlə üz-üzə qaldıqlarını vurğulayıb: “Kiçik ada dövlətlərinin qlobal istixana qazlarına təsirləri 1 faizdən azdır. Ancaq bu dövlətlər yaratmadıqları problem nəticəsində öz ölkələrini itirmək təhlükəsi ilə üz-üzədir. Onlar həm iqtisadi, həm coğrafi, həm də sosial cəhətdən strateji dərinliyi olmayan ölkələrdir. Bir tufan ada ölkəsinin iqtisadiyyatını yox edə bilər”.
Elnur Soltanovun sözlərinə görə, iqlim müzakirələrinin ən həssas halqası bu ölkələrdir. Azərbaycan da inkişaf etməkdə olan ölkə kateqoriyasındadır. Ölkəmiz kolonializmin, imperializmin, işğalın, yaratmadığımız problemin hədəfi halına gəlməyin nə olduğunu yaxşı bilir. Azərbaycanın sahib olduğu dəyərlərə görə, biz kiçik ada dövlətlərinin və az inkişaf etmiş ölkələrin qarşılaşdığı problemləri dərindən hiss edirik. Onların iştirakının müəyyən hissəsini öz üzərimizə götürməyimiz bizim tarixi həssaslığımızın iqlim fəaliyyəti çərçivəsində ortaya qoyulmasının bir formasıdır.
Azərbaycan Prezidenti çıxışlarının birində bu məqama toxunaraq deyib: “İnkişaf etməkdə olan kiçik ada dövlətləri iqlim dəyişikliyinin təsirlərinə daha həssasdır. İqlim dəyişikliyinə heç bir təsiri olmayan bu ölkələr onun ən pis fəsadlarına məruz qalır, hətta ekzistensial təhlükə ilə üzləşirlər. İqlim dəyişikliyi onların Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində irəliləyişinə də mane olur.
COP29-a sədrliyimiz zamanı iqlim dəyişikliyinin inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yaratdığı problemlərin həlli prioritetlərimiz arasında olacaq. Biz Bakıda keçiriləcək COP29 zamanı inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə toplantısını keçirməyi planlaşdırırıq”.