“Ümummilli Lider və gənclər siyasəti” mövzusunda konfrans keçirilib

post-img

Fevralın 3-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “2 fevral - Gənclər Günü”nə  həsr olunmuş “Ümummilli Lider və gənclər siyasəti” mövzusunda konfrans keçirilib. 

Konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

XQ xəbər verir ki, tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov ölkə gənclərini təbrik edib, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin gənclərə olan münasibətindən, onlara göstərdiyi diqqət və qayğıdan söz açıb:

“Öncə bütün gəncləri Gənclər Günü münasibətilə təbrik edir, onların hər birinə uğur və müvəffəqiyyət arzulayıram. 

Bizim üçün qürurvericidir ki, bu gün biz qalib gənclərlə bir yerdəyik. Bu gün Azərbaycan gəncləri öz vətənpərvərliyi, milli-mənəvi dəyərlərə bağlılığı, elmi-intellektual potensialı, ən müxtəlif sahələrdə əldə etdikləri uğurlarla bütün dünyada tanınmaqda, sevilməkdədir. Bütün bunlar Azərbaycan gəncliyinin mübarizliyindən, zəhmətkeşliyindən, novatorluğundan xəbər verir.

Bu bir tarixi həqiqətdir ki, Azərbaycan gəncləri hər zaman dövlətin diqqət və qayğısını öz üzərində hiss edib, bu qayğı sayəsində uğur və inkişaf yolunda qətiyyətlə addımlayıblar. Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 1997-ci ildən etibarən hər il 2 fevral tarixinin Gənclər Günü kimi qeyd edilməsi dövlətimizin ölkə gəncliyinə verdiyi önəm və diqqətin təzahürüdür. Bu fakt sübut edir ki, Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərə cəmiyyətin və dövlətin əsas hərəkətverici qüvvəsi kimi böyük əhəmiyyət vermiş, gənclərimizin inkişafı üçün əlindən gələni əsirgəməmişdir. 

Prezident İlham Əliyev də hər zaman gənclərə mütəmadi diqqət göstərib, onların xarici ölkələrdə təhsil almasına, özlərini elm, idman və s. sahələrdə daha yaxşı inkişaf etdirmələrinə şərait yaradıb. 

Bu gün Azərbaycanda dövlət idarəçiliyində  xeyli sayda gənc təmsil olunur ki, bunun özü Prezidentimizin gənclərə olan inam və etimadından, ölkəmizin gənclərlə bağlı siyasətindən xəbər verir. Azərbaycan gənclərinin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, qələbəmizə verdiyi tarixi töhfə hər zaman Müzəffər Ali Baş Komandan tərəfindən təqdirlə qarşılanıb, dövlət başçısı öz çıxışlarında bu mövzuya xüsusi önəm verib. Bu gün dövlətimizin gənclərimizə yaratdığı şərait, eləcə də gənclərimizin milli-mənəvi dəyərlərə bağlılıq səviyyəsi, yüksək intellektuallığı onu deməyə əsas verir ki, Azərbaycan gəncliyi bundan sonra da öz uğurları ilə bizi sevindirməkdə davam edəcək, respublikamızın inkişafına, anti-Azərbaycan qüvvələrinin ifşasına böyük töhfələr verəcək”.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru, filologiya elmləri doktoru, professor Afət Abbasova, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor, Türk Ağsaqqalları Birliyinin sədri Sudeif İmamverdiyev, Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin  dekanı,  siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Murtəza Həsənov, Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf  xanım Cəlilli, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü Vahid Novruzov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə tələbəsi Nəzrin Abdullayeva Azərbaycan dövlətimizin gənclərə olan diqqət və qayğısına diqqət çəkib, 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin tarixi qəhrəmanlığa imza atdığını bildiriblər. Natiqlər qeyd ediblər ki, bu gün dövlətin idarə edilməsində, milli maraqlarımızın müdafiəsində yaxından iştirak edən Azərbaycan gəncləri bundan sonra da xalqa və dövlətə sədaqətlə xidmət etməkdə davam edəcək, hər zaman Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməklə respublikamızın tərəqqisinə töhfə verəcəklər. 

























Sosial həyat