Ot kökü üstə bitər

post-img

Cənub bölgəsində, Cəlilabaddan tutmuş Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarına qədər yaşlı nəsil indi də onu hörmətlə yad edir, ruhuna dualar oxuyurlar. Bir zaman Lerikdə rəhbər partiya vəzifələrində çalışmış, sonralar Astara rayon milis şöbəsinin rəisi işləmiş polkovnik - leytenant Əbdülhüseyn Abdullayevi deyirəm.

Orta boylu, dolu bədənli, qarabuğdayı bu ağayana kişinin çöhrəsindən xeyirxahlıq, nəciblik, bir sözlə nur yağırdı.

Əbdülhüseyn Abdullayevin oğlunu isə təkcə respublikamızın cənub bölgəsində deyil, bütün Azərbaycanda yaxşı tanıyırlar. Adı Rövşən olan bu igid Birinci Qarabağ müharibəsinin qəhrəmanlarından biridir.

Torpaqlarımızın erməni işğalından müdafiəsi uğrunda döyüşlərdə şəhid olan polis zabiti oğlu Rövşən Abdullayev Vətənin ən yüksək mükafatına Milli Qəhrəman adına layiq görülüb. Lənkəran şəhərində onun büstü ucaldılıb.

Rövşənlə – o qəhrəman oğlumuzla bağlı qəfil yadıma düşənləri indi kövrələ-kövrələ xatırlayıram.

...İnstitutu yenicə bitirmişdim.1974-cü ilin sentyabr ayının ilk günləri idi. Təyinatımı Lerik rayonuna vermişdilər. Dəvəçi–Bakı, Bakı–Dəvəçi marşrutundan kənar çıxmayan 22 yaşlı bir gənc...O zaman qohumlarımızdan biri atamın bu narahatlığından-nigarançılığından xəbər tutub:

– Astaranın milis şöbəsinin rəisi ərkim çatan insandır, özü də əslən Lerikdəndir. O tərəflərdə xətir-hörmət yiyəsidir. Telefon açaram, məsələdən onu agah edərəm. Vəzifə sahibi olsa da, vaxt - macal tapıb Aydını özü ilə aparıb Lerikdə yerləşdirər, darıxma – deyə atamı arxayın saldı.

Bir gün sonra isə, qohumumuz “dostumla danışdım”, – deyə xəbər verdi. – Astarada yolunu gözləyir. Bu da ünvan ...

Beləcə, Lerikdən əvvəl Astaraya, deyilən ünvana yollandım.

Ev sahibi – Əbdülhüseyn müəllim məni çox mehriban, ağlıma gəlməyən bir qonaqpərvərliklə qarşıladı. “Əmi”nin bir neçə gün müsafiri oldum, halal duz-çörəyini kəsdim. Amma təyinat aldığım ünvana – Lerikə tələsirdim.

Onlarda qaldığım günlərdə “Əmi”nin ailəsi ilə də tanış oldum. Ailənin ərköyün olduğu qədər də dərrakəli, söhbətçil yaşca balaca oğlu Rövşənlə isə əməlli-başlı dostlaşdıq. Elə Rövşəndən öyrəndim ki, böyük “qaqaşı” Tofiq Bakıda həkimlik oxuyur, universitetdə oxuyan bacısı isə müəllim olacaq.

Üçünçü günün tamamında Əbdülhüseyn müəllimlə sağollaşıb Lerikə yola düşdük. Bizə öyüd-nəsihət, xeyir-dua verdi.

...İllər keçəcək, zaman-dövran dəyişəcək və mən sonralar biləcəkdim ki, həmin Rövşən böyüyüb ali hərbi məktəbdə oxuyacaq, zabit kimi doğma torpaqlarımızın ərazi bütövlüyü uğrunda erməni qəsbkarları ilə müharibədə şəhid olub Vətənin ən yüksək təltifinə – Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüləcək.

Əbdülhüseyn müəllimlə tanışlığımdan xəbərdar olan, bir vaxt elə özü də Lerikdə müxtəlif rəhbər vəzifələr tutmuş dostum Novruz Nəcəfoğlu ilə görüşlərimizin birində “Əmi”dən söz düşəndə təəssüflə onun bir müddət əvvəl vəfat etdiyini söylədi. Gözlərim önündə Əbdülhüseyn əminin nurlu çöhrəsi, oğlu Rövşənin şirin söhbətləri canlandı.

Aydın TAĞIYEV
yazıçı-publisist

Sosial həyat