Arazboyunda 24 günün 30 qələbə ünvanı

post-img

Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun döyüş yolu

Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılov 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl, Füzuli və Qubadlı rayonları, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsində şücaət göstərmişdir. Oktyabrın 19-da Qubadlı rayonu istiqamətində ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda gedən qeyri-bərabər döyüşlərdə Sübhan Cəbrayılov və dəstənin bir neçə üzvü həlak olmuşdur.

Kəşfiyyatçı “Cəbi”

Sübhan Cəbrayılov 1983-cü il oktyabrın 23-də Salyan rayonunun Marışlı kəndində anadan olub. 1989-cu ildə R.Qafarov adına Marışlı kənd tam orta məktəbinin 1-ci sinfinə gedib və 2000-ci ildə məzun olub. Məktəbi bitirdikdən sonra 2001-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. “N” saylı hərbi hissədə qulluq etdikdən sonra hərbə böyük marağı olduğu üçün 2002-ci ildən xidmətinə Xüsusi Təyinatlı Qüvvələrdə davam edib. 2004-cü ildən Sübhan XTQ-nin Xızı rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb. Ölkə xaricində, xüsusilə Türkiyədə keçirilən bir çox təlimlərdə iştirak edərək yüksək göstəricilər əldə edib. Sonra Türkiyə–Gürcüstan–Azərbaycanın birgə təşkil etdiyi “ETERNİTTY–2019” təliminə də qatılıb. Xüsusi təyinatlılara verilmiş bütün çətin tapşırıqlarda yüksək səviyyədə iştirak edib. Çoxlu təltifləri olan peşəkar təyinatlı olub. O, həm də idmanın boks və güləş növü ilə məşğul idi.

Sübhan Cəbrayılov 2016-cı ildə Azərbaycan tarixinə Aprel döyüşləri kimi düşən 4 günlük müharibədə iştirak edir. Cəbrayıl və Talış kəndi istiqamətlərindəki döyüşlərdə şücaət göstərib. Müharibənin bitməsindən təsirlənib və “qisasımız qiyamətəmi qaldı?” – deyir.

Qisas qiyamətə qalmadı

Lakin qisas qiyamətə qalmır. 4 il sonra o gün yetişir. Son dəfə sentyabrın 25-də ailəsi, övladları ilə vaxt keçirib, ertəsi gün “təlimə gedirəm”– deyib evdən çıxır.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin sərhədboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ilə ordumuz bütün cəbhəboyu zonada əks-hücum əməliyyatlarına başlayır. İlk gündən qızğın döyüşlərlərə qoşulan Sübhan Suqovuşan, Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunmasında iştirak edir.

Sentyabrın 27-də səhər Azərbaycan və Ermənistan bölmələri arasında mövcud olan təmas xətti yarıldı və döyüşlərin birinci saatları ərzində Füzuli rayonunun beş yaşayış məntəqəsi – Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, Kənd Horadiz, Qaraxanbəyli və Qərvənd işğaldan azad edildi. Təmas xətti yarıldıqdan sonra Sübhan Cəbrayılov və silahdaşları Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşır. Xüsusi Təyinatlı Qüvvələr tərəfindən dörd gün ərzində Cəbrayıl şəhəri istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Cəbrayıl şəhəri və rayonun 14 yaşayış məntəqəsi – Mehdili, Çaxırlı, Quycaq, Şəybəy, Cəfərabad, Çərən, Daşəsən, Dəjəl, Horovlu, Karxulu, Mahmudlu, Şürbəyli Aşağı Maralyan və Yuxarı Maralyan kəndləri işğaldan azad edilir.

Cəbrayılın azad olunmasında da XTQ-nin, xüsusilə, Sübhanın müstəsna xidməti olur. Cəbrayıl şəhəri və rayonun şərq hissəsi azadlığa qovuşduqdan sonra Xüsusi Təyinatlı Qüvvələr Füzuli istiqamətində döyüşlərə başlayır. Müharibənin birinci saatlarında işğaldan azad olunan və strateji əhəmiyyətə sahib olan Yuxarı Əbdürrəhmanlının Azərbaycan Ordusunun nəzarəti altında olması, Füzuli şəhərinə hücumu şərtləndirən amillərdən biri idi. Amma Ermənistan Ordusunun Füzuli şəhərində qurduğu güclü müdafiə xəttindən dolayı döyüşçülərimiz oraya Xocavənd rayonu ərazisindən daxil olmağı qərara alır. Həmin rayonda 10 gündən çox davam edən döyüşlər nəticəsində strateji əhəmiyyətə malik olan Hadrut qəsəbəsi işğaldan azad edilir. Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Sübhan Cəbrayılov və döyüş yoldaşları Hadrut uğrunda gedən döyüşlər zamanı bir sıra qəhrəmanlıq nümunələri göstərirlər. Bu nümunələrdən biri – baş gizirlər Sübhan Cəbrayılov, Camal İsmayılov, gizirlər Şəhriyar Quliyev və Elyar Vəliyevin Hadrut istiqamətində Ermənistan Ordusunun diversiya qrupunu pusquya salmaqları da daxildir.

Hadrut qəsəbəsinin azadlığından sonra Füzuli şəhəri istiqamətində irəliləməzdən əvvəl strateji önəmə sahib olan, Hadrut qəsəbəsinin və Füzuli şəhərinin arasında olan Ərgünəş dağı nəzarətə götürülməli idi. Döyüşlər Xüsusi Təyinatlı Qüvvələr və digər bölmələr tərəfindən Ərgünəş dağı uğrunda bir neçə gün davam edir. Yağışa, yorğunluğa, gecəyə-gündüzə, yuxusuzluğa baxmadan gedən döyüşlər nəticəsində əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Ərgünəş dağı işğaldan azad olunur. Bundan sonra – ayın 14-dən 16-na qədər – üç gün ərzində Bulutan, Edilli və Xırmancıq azadlığa qovuşur. Füzuli rayonu istiqamətində də ciddi irəliləyiş əldə olunur. Əvvəlcə Füzuli rayonunun qərb hissəsində yerləşən Qaradağlı, Qaraqollu və Xatınbulaq, bir gün sonra isə Arış işğaldan azad edilir.

Bununla da Azərbaycan Ordusu strateji nöqteyi-nəzərdən ciddi üstünlüyə sahib olur. Həm Xocavənd rayonunun şərq hissəsindən, həm də Füzuli rayonunun qərb hissəsindən şəhər nəzarət altına alınır və Füzuli əməliyyatının əsas hissəsi başlanır. 2 gün ərzində Füzuli istiqamətində ağır döyüşlər gedir. 2-ci Ordu Korpusunun, Xüsusi Təyinatlı Qüvvələrin və Daxili Qoşunların da qatıldığı ağır döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra kəndləri qısa müddətdə azad edir. Nəzarəti tam ələ alan Ordumuz Füzuli şəhərinə daxil olur. Ayın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhərinin 27 illik işğaldan azad olunduğu xəbərini xalqa çatdırır. O, həmçinin Füzuli uğrunda döyüşlərin ağır olduğunu vurğulayır və şəhərin böyük şücaət hesabına azad edildiyini bildirir.

Cəbrayıl şəhərinin və rayonun geniş bir hissəsinin, Hadrut qəsəbəsinin və ətraf yaşayış məntəqələrinin, həmçinin Füzuli şəhərinin və rayonun geniş bir hissəsinin azad edilməsindən sonra əsasən, Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlılarından ibarət olan dəstələrlə Azərbaycan Ordusunun bölmələri Zəngilan rayonu istiqamətində döyüşlərə qatılır və şəhər qısa müddətdə işğaldan azad olunur. Sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonu ərazisinə istiqamətlənir. Ayın 18-də Qubadlı rayonu istiqamətində döyüşlər başlanır. Döyüşlər ərzində ordumuzun bölmələri Qubadlı rayonunun 10-dan çox yaşayış məntəqəsini azad edir. Oktyabrın 19-u Sübhanın Qubadlı rayonu istiqamətində son döyüşü olur.

Şəhidlik məqamı

Sübhan Cəbrayılov və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olurlar. Döyüşlər əvvəlcə Qubadlı rayonu istiqamətində olan əlverişli mövqelər uğrunda aparılır. Qeyri-bərabər şəraitdə olan döyüşlərdə Ermənistan tərəfdən 150–200 hərbi qulluqçu döyüşür. 7 saatdan çox davam edən ağır döyüşlər nəticəsində Xüsusi Təyinatlı Qüvvələrdə qrupun şəxsi heyətindən dörd nəfər – baş gizir Sübhan Cəbrayılov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev şəhidlik məqamına ucalırlar. Cənazələri 3 gün neytral zonada qalır. Rəsmi məlumatlarda bildirilir ki, Sübhan Cəbrayılovun mənsub olduğu tabor müharibə zamanı Xüsusi Təyinatlı Qüvvələrin ən çox şəhid verən taborudur. Neytral zonadan 3 gün sonra nəşi götürülən Sübhan oktyabrın 23-də, doğum günündə Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Sübhan Cəbrayılova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilir. Sübhan Cəbrayılov ölümündən sonra, həmçinin “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilir.

Sübhan Cəbrayılova həsr olunmuş, onun döyüş qəhrəmanlıqlarından bəhs edən filmlərə baxıram. Filmdə Sübhanın dostları, döyüş yoldaşları, yaxınlarının onunla bağlı xatirələri, döyüş yoldaşlarının müharibə zamanı qeydə aldığı görüntülər əksini tapıb. Bu xatirələr onun Vətənə sonsuz bağlılığını, necə cəsarətli və döyüşkən ruha malik olduğunu gözlərimiz önündə canlandırır.

Xatirələr dilə gəlir

XTQ-nin canavarı adlandırılan kəşfiyyatçı Sübhan Cəbrayılovun döyüş yoldaşı, Vətən Müharibəsi Qəhrəmanı, Mahir Məmmədov o günləri xatırlayır:

– Sübhanın döyüş hazırlığı yüksək səviyyədə idi. Qaraxanbəyli kəndində düşmənin sığındığı səngərin ələ keçirilməsində onun böyük əməyi oldu. Həmin səngər tutuldu və düşmənin xeyli sayda canlı

qüvvəsi məhv edildi. Beləcə Qaraxanbəyli kəndi düşməndən tam təmizləndi. Sübhan Cəbrayılovun mənsub olduğu tabor üç gün ərzində Füzuli rayonu istiqamətində bir sıra əlverişli mövqeləri işğaldan azad etdi. Çətin tapşırıqlar zamanı subay silahdaşlarına deyirdi: “Siz arxadan gəlin. Biz evliyik. Uşaqlarımız var. Sizin geridə qoyduğunuz heç kim yoxdur”. O həm də tibb mütəxəssisi idi. Döyüş vaxtı arxadan kömək çatmayanda özü yaralıları böyük məsafələr qət edərək çiynində atəş altından çıxarırdı. Heç bir şəhidi döyüş meydanında qoymurdu. Başından güllə yağa-yağa qucağında, çiynində daşıyırdı. Elə gün olmur ki, mən onları Şəhidlər xiyabanında ziyarət etməyim. Bir yerdə oxumuşuq, təlimlərdə olmuşuq, bir qabdan yemək yemişik. Bu qədər qardaş itkisi ilə barışmaq olmur.

Döyüş yoldaşı, Vətən Müharibəsi Qəhrəmanı Əvəz Bani-Paşa danışır:

– O, güclü, peşəkar, fiziki güclü, savadlı təyinatlı idi. Tibb mütəxəssisi olaraq peşəsini, ixtisasını mükəmməl bilirdi. Cəbrayılın alınması zamanı dəstədəkilər 3 gün susuz qalmışdılar. Sübhan su dalınca gedib və bir erməninin həyətinə girmişdi. Erməni dilində danışaraq onu aldadıb əsir götürmüşdü. Həmçinin təkbaşına düşmənin içərisi şəxsi heyətlə dolu “Ural” maşınını partladaraq məhv etmişdi. Sübhan və döyüş yoldaşları Hadrut uğrunda döyüşlərdə də qəhrəmanlıq göstərmişdilər. O, Camal İsmayılov, Şəhriyar Quliyev və Elyar Vəliyevlə Hadrutda düşmənin diversiya qrupunu erməni dilində danışmaqla aldadıb pusquya salmışdılar. Bir dəfə bir erməni çoban geyimində onların arasına sızaraq təxribat törətməyə çalışırmış. Sübhan həmin erməni hərbçisini danışığından başa düşüb məhv etmiş, digər erməni polkovnikini əsir götürmüşdü. Həmin erməninin üstündə döyüş mövqelərini əks etdirən xəritə aşkarlanmışdı. Onun unudulmaz bir sözü vardı. Bir çətinliyimiz olan kimi deyirdi: Təki Vətən sağ olsun.

Bir dəfə çətin bir əməliyyata girirdik. Mənə dedi ki, Paşa, mən yaralansam, məni hara qədər apararsan? Dedim son nəfəsim yetən yerə qədər. Qayıdıb soruşdum ki, sən məni hara qədər daşıyarsan. Cavab verdi ki, səni lap Sumqayıta kimi çiynimdə aparacam. Mənə o qədər pis təsir etmişdi ki...

Şəhidin anası Ləzifə Cəbrayılova onun yoxluğuna inanmır:

– Sübhan sonbeşiyim idi. Hərbi xidmətdə olarkən boyuna, bədəninə, fiziki qüvvəsinə görə onu XTQ-yə seçmişdilər. Həmişə hara getdiyini soruşanda deyirdi, təlimə gedirəm. Heç vaxt işi haqqında danışmazdı. Sonuncu dəfə oğlumla sentyabrın 25-də görüntülü danışdım. Dedi, təlimə gedəcəyəm. Mən də ona sağ-salamat geri dönməsini arzuladım. Daha bilmədim ki, bu təlim, o təlimdən olmayacaq. Balam geri dönməyəcək, qəhrəmancasına vuruşacaq və qəhrəmancasına şəhid olacaq. Anasına şəhid anası adı verəcək. Qubadlıda 2 kənd alındıqdan sonra oktyabrın 19-da şəhid olub. 20-də bizə xəbər verdilər. Nəşi 3 gün neytral ərazidə qalıb. Ölümünə inanmırdım, deyirdim, yox, o, heç vaxt şəhid olmaz, yanlış məlumatdır, övladım o yerləri əlinin içi kimi tanıyır. Oktyabrın 23-ü onun ad günü idi. Həmin gün Sübhanın səsi, özü yox, bayrağa bükülmüş tabutu evimizə gəldi. Elə o gün də dəfn etdik, amma yoxluğuna inanmıram. Nə yaxşı ki, balamın əziyyəti, qanı yerdə qalmadı. Torpaqlarımız azad edildi.

Aprel döyüşlərində də iştirak etmişdi. Döyüşlər bitəndə narahat olmuşdu ki, niyə saxladılar, torpaqlarımızı azad edib irəliləyirdik. Neçə ay özünə gələ bilmədi. Döyüş yoldaşları gözünün önündə şəhid olmuşdular. Onlar qardaşdan da artıq idilər. Bir qabdan yeyib-içirdilər. Həmin vaxt mən də çox qorxmuşdum. Dedim, bala, bəlkə bu işdən uzaqlaşasan. Çox əsəbiləşdi. Cavab verdi ki, “mənim yanımda yoldaşlarım şəhid olub. Ata evimdə 18 il qalmışam, 20 ildir ki, oradayam, onların qanını mən almasam, kim alacaq”?

Lələtəpənin alınmasında qəhrəmanlıq göstərmişdi. Prezident uğurlu döyüşçüləri yığıb təltif etdi, mükafatlandırdı. Onların arasında balam da var idi. Ürəyi Qarabağ ilə döyünürdü. Evdə az olurdu, həmişə Qarabağın qisası üçün hazırlaşırdı. Deyirdi, oranı alaq ki, bizdən sonrakı nəsil rahat yaşasın.

Vətən müharibəsində 4–5 gündən bir zəng edirdi. Çox sevincli olurdu. Çünki zəhmətinin bəhrəsini görürdü. O, qarabağlı deyildi, amma bir qarabağlı qədər sevinirdi. Füzuli alınanda telefonda qızı ilə danışdı. Dedi, “müharibə bitsin, gəlib səni Azıx mağarasına aparacağam”.

İmanlı uşaq idi. Oruc tuturdu, namaz qılırdı. Deyirdim, bala, təlimlərdə olursan, oruc tutma, sənə çətin olar. Deyirdi, mənə Allah kömək edir, siz narahat olmayın. Heç rayona gələndə də orucunu pozmurdu. Arzusu idi ki, Şuşaya gedib məsciddə namaz qılsın. Döyüş yoldaşlarına deyirmiş ki, oktyabrın 23-ü ad günümdür, ona kimi Şuşaya gedib çıxarıq. Ad günümdə Şuşada namaz qılacağam. Qismət olmadı.

Sübhanın 2008-ci il təvəllüdlü Rahim adında oğlu və 2010-cu il təvəllüdlü Fidan adında qızı yadigar qalıb. Həyat yoldaşı Sevda Cəbrayılova deyir:

– Sentyabrın 25-də “təlimə gedirəm”– deyib evdən çıxdı. Həmişəki kimi arxasınca su atdım. Dua etdim ki, sağ-salamat qayıtsın. Təəssüf ki, mənim dualarım qəbul olunmadı. Amma onun duaları qəbul olundu. Sübhan həmişə arzu edirdi ki, mən şəhid olum, təki torpaqlarımız azad edilsin. Namaz qılanda da son duası özünə şəhidlik arzulamaq idi. O, bunu dildə demirdi, həqiqətən torpaqların azad edilməsi üçün canını qurban demişdi, şəhidlik məqamına yüksəlməyi çox arzulayırdı.

Qəhrəmanımızın böyük arzusu Şuşanın azadlığını görmək olub. Sübhan döyüşlərdən bir müddət əvvəl yaşadığı evə baxaraq qardaşına deyibmiş: “Bu evə bayraq necə gözəl yaraşar”. Yaraşır, doğru deyirmiş. Sübhanın oğlu Rahim onun hərbçi formasını geyməkdən qürur duyur. Atasının əşyalarını qoruyur, qayğısına qalır. Qızı Fidan isə hərbi həkim olmaq arzusundadır. İnşaallah, arzusuna çatar. Arzu edək ki, bir də ölkəmiz qan-qada görməsin, qapıları şəhid xəbəri döyməsin. Kimsənin balasının gözü yolda qalmasın.

Zərifə HÜSEYNOVA
XQ









Sosial həyat