İqlim dəyişikliyinin tez-tez baş verdiyi çağdaş dünyada ətraf mühit və təbiətin qorunması bəşəriyyət üçün böyük əhəmiyyət kəsb edir. Bu ciddi problemin həlli isə çox diqqətli, həssas yanaşma tələb edir.
Ekoloji problemləri həll etmək üçün onları, ilk növbədə, dərindən öyrənmək və dərk etmək lazımdır ki, ətraf mühitə zərər verə biləcək halların qarşısını almaq mümkün olsun. Təbii ki, bunun üçün ardıcıl düşünülmüş addımlar atılmalıdır. Bu istiqamətdə ekoturizm və ya təbiət turizminin inkişafı xüsusilə faydalıdır.
Ekspertlər hesab edirlər ki, ekoturizm, ilk baxışda təbiət turizmi sayılsa da, bir qədər fərqli anlayışdır. Burada əsas məqsəd ətraf mühitin bioloji müxtəlifliyinin qorunmasıdır. Ekoturistlərin gəzinti və səfərləri əyləncə məqsədi daşımır. Burada insanlardan təbiətə qarşı həssaslıq nümayiş etdirmələri tələb olunur.
Azərbaycan Ekoturizm Assosiyasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi turizmin bu növünün dayanıqlı olduğunu bildirərək söylədi: “Ekoturizm bir qədər geniş mənada istifadə edilir. Digər turizm növləri ilə müqayisədə turizmin bu növü insanlar tərəfindən, təəssüf ki, nisbətən daha az istifadə olunur. Ekoturizm ətraf mühitin məhv olmaması naminə düşünülən turizm növüdür. Burada məqsəd insanların yerli təbiətdən zövq almasına şərait yaratmaqdır.
Yaxşı olardı ki, insanlar ekoloji turizmlə bağlı maariflənsinlər. Təbii ki, hədəfimiz ekoturizmin ölkədə və xaricdə təşviq edilməsidir. Uzun illər şəhər turizminə üstünlük vermişik. İşgüzar turizm adlanan məfhuma daha çox diqqət yetirmişik. İşgüzar turizm beynəlxalq tədbirlərdə iştirakla ölkəni tanıtmaq məqsədi daşıyır. Azərbaycan bununla bağlı kifayət qədər mötəbər tədbirlərə evsahibliyi edib.
Bu səbəbdən Azərbaycana gələn turistlərin həm sayı, həm də coğrafiyası genişlənib. Pandemiyadan əvvəl biz ərəb və Asiya ölkərindən çoxlu turist qəbul etməyə başlamışdıq. Bakıda turizm infrastrukturu kifayət qədər inkişaf etdi, hotellərin, turizm agentliklərinin sayı artdı. Bu dövrdə biz daxili turizmi və regionlarımıza xas olan ekoloji turizm imkanlarını unutmuşduq. Bu istiqamətdə fəaliyyətimiz olmamışdır”.
S.Dübəndi onu da bildirdi ki, ekoturizm, eyni zamanda, xalqımızın mədəni və mənəvi irsinin qorunması və gələcək nəsillərə olduğu kimi ötürülməsi anlayışını özündə ehtiva edir. Turizmin bu növü həm də yüksək ekoloji mədəniyyətin, bir növ, nümayişidir.
Turizm üzrə tanınmış ekspert Ceyhun Aşurov Azərbaycanda ekoturizm xidmətinin inkişafı üçün əlverişli şəraitin olduğunu söylədi. Bildirdi ki, ölkəmizdə ətraf mühitin qorunması və iqlim dəyişikliklərinin təsirinin aradan qaldırılması ilə bağlı məqsədyönlü işlər görülür. Ekoturizm xidmətləri ölkəmizdə geniş yayılmasa da, xüsusi turist seqmentləri çərçivəsində Azərbaycanın müxtəlif təbii ərazilərinə turlar təşkil olunur. Bu o deməkdir ki, ölkəmizdə turistlər üçün ekoturizm xidmətləri mövcuddur. Bu xidmətlərin əlverişli olması onu təşkil edən təşkilatdan, tur şirkətlərindən və iştirakçılardan asılıdır.
Qarabağa artan beynəlxalq maraq bölgədə turizm, xüsusən də ekoturizm standartlarının oturuşmasını aktuallaşdırır. Bu ərazilərdə geniş infrastruktur layihələri həyata keçirilir, yollar çəkililir, yeni yaşayış məskənləri salınır. Əsas odur ki, bu addımlar çox sürətlə gedir və paralel olaraq da orada məskunlaşma, iş yerlərinin açılması ilə bağlı məsələlər davam etdirilir. Ona görə də oradaki rekreasiya resurslarının qorunması, geniş imkanların olması turizm potensialının gələcəkdə düzgün və səmərəli şəkildə istifadəsinə ciddi şərait yaradır.
Ümumiyyətlə, parkların, orada rekreasiya ehtiyatlarının qorunması, lazım olan nişan və işarələrin qoyulması, ətraf mühiti təmiz saxlamaqla bağlı vaxtlı-vaxtında öncədən qoruyucu tədbirlərin görülməsi və məlumatların yerləşdirilməsi, ara-sıra müəyyən aksiyaların keçirilməsi, mətbuatda işıqlandırılmasına geniş ehtiyac var.
Azərbaycanın Ekoturizm Cəmiyyətinə üzv qəbul olunduğunu bildirən tanınmış ekspert Ruslan Quliyev isə qeyd etdi ki, bu gün ölkənin daxili bazarında ekoturizmə marağın artırılması istiqamətində çox böyük işlər görülməlidir. Ekspert daha sonra dedi:
– Ekoturizm ətraf mühitin məhv olmaması, ona daha çox qayğı göstərilməsini nəzərdə tutur. Turizmin bu növü dayanıqlı olmaqla bərabər, səyahətçilərin təbiətdən zövq almasına şərait yaradır. Bu gün ekoturizmin inkişafı ilə bağlı həm Dövlət Turizm Agentliyi, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gördüyü işlər sistematik xarakter daşımalıdır.
Bununla yanaşı, vətəndaş cəmiyyəti və özəl sektor əməkdaşlığı da fəal olmalıdır. Qarabağ və Şərqi Zəngəzurda ekoturizmin bütün növlərinin inkişaf etdirilməsi üçün çox böyük şərait mövcuddur. Azərbaycan ekoturizmin, rekreasyon turizmin, eyni zamanda, sağlamlıq turizminin çox gözəl model ölkəsi ola bilər. Ekoturizm sahəsinə diqqət və təşviq siyasəti daha da genişləndirilməlidir.
Deyilənlərə əlavə olaraq qeyd edək ki, ekoturizm bizim üçün nə qədər yeni olsa da, dünyada bu sahəyə marağın artırılması artıq tendensiya halını alıb. Ekoturizm təbiətin qorunması, ölkə barədə maraqlı məlumatların əldə edilməsi və ekoloji turların təşkili ilə ekoloji mədəniyyətin formalaşdırılmasına təsir göstərən başlıca amildir.
Ölkəmizin hər güşəsində, demək olar ki, turizmin bu növü üçün geniş imkanlar mövcuddur. Azərbaycanın əsrarəngiz təbiətə, zəngin tarix və mədəniyyətə malik olduğunu nəzərə alsaq, turizmin bu növünün inkişaf etdirilməsi üçün artıq zamanın yetişdiyini deyə bilərik.
Ceyhun ALIŞLI
XQ