Çalxalandıqca zaman nehrə kimi...

post-img

Ağlımız kəsib dünyanı tanıyanda çox şeyi öz axarında görmüşük. Çətinliklər vardı, ancaq elə də hər şey üçün fikir eləmirdik. Süfrəmizdə yağ da vardı, ət də, süd də, üstəlik, qaymaq da. Geyinməyə bir dəst kostyumumuz, bir cüt ayaqqabımız, ana-bacımızın yundan toxuduğu yun jaketimiz, təzədən-köhnədən paltomuz vardı. Bəzən kiçik qardaş böyük qardaşın əyninə olmayan köynəyini, istiliyini geyinərdi. Lakin ümid sarıdan çox varlıydıq. Buna görə də kitablara sarılmışdıq, əlimizə keçən əsəri oxuyurduq...

O illərdə el-obada yazılmamış qanun­lar vardı. Böyük danışanda kiçik susardı. Özündən böyüyə cavab qaytarmaq ədəb­sizlik sayılardı. Ailədə hər kəs eyni süfrə­də oturardı. Xeyirdə-şərdə hamı bir olardı. Ağıllı, savadlı adamlar məclisin yuxarı ba­şında oturardı...

Kimsə daim harasa tələsmirdi. Bir hö­kumət adamları məşhur idilər, bir əmək qəhrəmanları, bir də çalıb-oxuyanlarla fut­bolçular. Zeynəb xanım: “Dünyanın xoş­bəxti mənəm dünyada”, – deyirdi və biz də ona əl çalırdıq. Anatoli Banışevski kəllə ilə qol vururdu, iki-üç gün sevinirdik. Rayo­numuz pambıq planını respublikada birinci doldururdu, sevincək olurduq, fəxr edirdik.

Görünür, hansı məqamdasa sadəlövh­lüklə xoşbəxtlik çox yaxın olur. Onda nə biznes söhbəti vardı, nə qaç-qov, nə də bu qədər dərin təbəqələşmə. Çoxumuz üzdə sakit, arxayın idi. Varlılar vardı, amma səsləri indiki kimi çıxmazdı. Onlar pulu qorxa-qorxa xərcləyərdilər. Heç vaxt da pullu olmaları ilə qorxularından qürrələn­məzdilər. Avtomobili də qabaqcıl pambıq­çı, üzümçü və ya sağıcının adına alırdılar ki, problem çıxmasın. Müəllimin, həkimin, mühəndisin, bir sözlə, təhsillinin el arasın­da hörməti vardı. Onlar da elinə-obasına, insanlara doğma, mehriban idilər. Onda yediyimiz çörəyin, meyvənin, içdiyimiz suyun ətri, tamı başqa idi...

Deyəcəksiz ki, guya hər şey ürəyiniz istəyən kimi idi? Yox! Onda da haqsız­lıq vardı. Onda da xalqın, dövlətin malını oğurlayan, rüşvət alan, halala haram qatan, düzə düz deməyən, südə su qatan, çörəyin çəkisini azaldan vardı. Amma bu qədər yox, vallah yox! Biz belə zəmanədə göz açdıq, tərbiyə aldıq, böyüdük.

Sonra hər şey dəyişdi: – o həyat tərzi də, düşüncələr də, məişətimiz də. Hamı ora-bura qaçmağa, çoxlu pul qazanmaq üçün özünü “oda-közə” vurmağa başladı. Mənəvi dəyərlərimiz bazar qanunları mən­gənəsində sıxılmağa, aşınmağa başladı. Halalla haram arasındakı sərhədlər pozul­du...

Arın-arxayın adamların çoxu dünya­dan köçüb getdi, onların yerini narahat adamlar tutmağa başladı. Biri mal-mülk üçün hər cür fırıldaq, əliəyrilik etdi, digəri vəzifə almaq üçün min dona girdi. Sürətlə varlananlar yolunu, yerişini dəyişdi, və­zifə kreslolarını tez-tez dəyişən taxtabaş­lar xalqa ağıl öyrətməyə, təmiz, vicdanlı insanları qaralamağa başladılar. Sanki hər şeyin təbii ahəngi dəyişdi. Bizim kimilər isə elə köhnə atmosferdəcə yoluna davam elədi. Ayın başında maaşımızı alıb, günlə­rin sayına böldük, ən zəruri ehtiyaclarımızı siyahının başına yazdıq. Sıramızdan ayrı­lıb yeni axına qoşulanlar da oldu. Müəllim oldu məktəbi atıb getdi “tolkuçka”da pul qazandı, bəzisi taksovatlıq elədi. Eləsi də oldu “manıs”lara qoşuldu, az sonra pula “manqır” dedi...

Biz isə dəyişə bilmədik... Biz uyuşa bilmədik bu zamanın şərtlərinə, yeni hə­yatın ritminə. Çünki xəmirimiz başqa za­manda yoğruldu, ömrümüzün yarısı başqa iqlimdə keçdi. Hər hava hər sinəyə düş­mədiyi kimi, bu yeniləşməni də biz həzm edə bilmədik. Hər iş ədalətlə görülsəydi, hər kəsin haqqı zəhmətinə, bacarığına görə verilsəydi, bəlkə biz də cəmiyyətdə “ar­tıq adamlar”a çevrilməzdik. Təəssüf ki, hər şey gözlənilən kimi olmadı. Bir çox məsələlər elə bolşevikcəsinə həll edildi. Ağıllılar qaldı geridə, qaraqışqırıqçılar ön cərgədə addımladılar.

İndi qatarı getmiş sərnişinlər kimi ora-bura vurnuxur, gənclik xatirələri ilə yaşayırıq. Sözümüz-söhbətimiz çox zaman dünənlə bağlı olur. Elə bil orta “iqlim” aradan götürülüb. Cəmiyyətimiz kəskin təbəqələşdiyi kimi, iqlimimiz də kəskin kotinental olub. Uyuşmuruq, bir araya gələ bilmirik. Eyni məkanda fərqli dünyanın fərqli adamları kimiyik.

Gözəl bir deyim var: “İnsan validey­lərindən çox öz zəmanəsinə oxşayır”. Biz iki zəmanə arasında qaldıq. Doğulduğu­muz, böyüdüyümüz zəmanə köçünü çəkib getdi, yerinə fərqli bir dövr gəldi. Əslində, dəyişən zəmanə deyil, içtimai münasibət­lər, yeni düşüncə sistemidir. Məncə, ölkə­dən-ölkəyə dəyişmək zamandan-zamana dəyişməkdən daha asandır. Vətən maddi anlam olduğu kimi, həm də zaman məf­humunu özündə ehtiva edir. İnsan qoyub gəldiyi ata yurdu kimi, keçib getdiyi illər üçün, günlər üçün də darıxır...

Biz zaman qəribiyk. Biz daha rəngli yuxular görmürük, böyük arzularla yaşa­mırıq. Dünyanı nəvələrin gözü, arzuları ilə görürük. Çox şeylə barışırıq. Rəhmət­lik şair İsa İsmayılzadə dediyi kimi, biz bir termos şüşəsi kimi sınıb tökülmüşük içimizə. Ancaq sınmağımızı üzdən bilən, görən azdır... Bəli, biz zaman qəribiyik. 

Səməd MƏLİKZADƏ

Sosial həyat