Ermənistanın baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində çıxışı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistana təhdid yaratmaqda ittiham edib, Avropa İttifaqına daxil olmaq və Türkiyə ilə diplomatik əlaqələr qurmaq istəyindən danışıb.
Eyni zamanda, ölkədə milli təhlükəsizlik xidməti dövlət çevrilişi hazırlayan cinayətkar dəstənin aşkarlanması barədə məlumat yayıb. İstintaq Komitəsinin məlumatına görə, 7 nəfərə qarşı cinayət işi açılsa da, indiyədək yalnız 3 nəfər həbs edilib. Qalanları axtarılır. Sui-qəsdçilər arasında Qarabağdan olan qaçqınların da olduğu bildirilir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, sui-qəsdçilər hərbi hazırlıq bəhanəsi ilə Rusiyaya aparılan bir neçə nəfəri Ermənistana cəlb ediblər. Ermənistan istintaq komitəsinin məlumatına görə, yaraqlılar Rusiyada Arbat bazasında təlim keçiblər. Üç ay ərzində onlara 220 min rubl maaş verilib, lakin əvvəlcə təlimçilərin əsl niyyətindən xəbərləri olmayıb.
Öncə insanlara bildirilib ki, kurslardan sonra sərhəddə döyüş tapşırığını yerinə yetirmək üçün vətənə qayıda biləcəklər. Sirr bəlli olanda hazırlıq keçənlər baş nazir Nikol Paşinyanı devirməyə razı olmayıblar. Milli təhlükəsizlik xidmətinin məlumatına görə, cinayətkar qrupun digər üzvləri onlardan asılı olmayan şəraitə görə cinayəti başa çatdıra bilməyiblər.
Saxlanılanlardan biri “Qara Pantera” hərbi-vətənpərvər ictimai təşkilatının sədri Serob Qasparyandır. O, sentyabrın 17-də axşam saatlarında həbs edilib. “Hraparak” qəzetinin məlumatına görə, hüquq-mühafizə orqanları onu bir neçə ay ərzində izləyib. Eyni zamanda, Qasparyan bunu hiss edib və yaxınlarına bildirib ki, hakimiyyət onu həbs etmək üçün səbəb axtarır. “Hraparak” yazır ki, təhlükəsizlik qüvvələri təkcə onun evində deyil, İkinci Qarabağ müharibəsində iştirak etmiş digər şəxslərin də evlərində axtarış aparıblar. Ancaq silah və ya pul tapılmayıb. Erməni qəzeti daha sonra yazır: “İttiham mahiyyətcə, Rusiyada hərbi təlimlər keçən şəxslərə onların gəlib Ermənistanda hakimiyyət dəyişikliyi etməyə hazırlaşdıqlarını söyləməsi ehtimalı və ifadəsinə əsaslanır”.
Maraqlıdır ki, bu, dövlət çevrilişinə cəhdlə bağlı ilk xəbər deyil. Məsələn, 2023-cü ilin sentyabrında milli təhlükəsizlik xidməti Paşinyana qarşı sui-qəsd hazırladıqlarını açıqlamışdı. İstintaqın məlumatına görə, cinayətin təşkilatçısı İrəvanın keçmiş meri Albert Bazeyandır. Onunla birlikdə “Səlibçilər” təşkilatından daha 7 nəfər saxlanılmışdı. O vaxt axtarışlar zamanı saxlanılan şəxslərdən odlu silah, döyüş sursatı və zirehli əşyalar aşkar edilmişdi. Nəticədə o, 6 ay həbsdə yatdıqdan sonra ev dustaqlığına buraxılmışdı.
Erməni jurnalisti Robert Ananyan özünün “X” səhifəsində hadisə ilə bağlı yazır ki, həbs olunan qruplaşmanın fəaliyyəti Ermənistanda davam edən daxili siyasi müxalifət səfərbərliyi kontekstində nəzərdən keçirilməlidir. Onun sözlərinə görə, Robert Köçəryan və Serj Sarkisyanın rəhbərlik etdiyi siyasi qüvvələrin Nikol Paşinyan hakimiyyətinə qarşı son dərəcə dözümsüz olduğu məlumdur: “2020-ci il müharibəsindən bu yana bu qüvvələr hökuməti dəyişmək üçün 6 dəfə küçə etirazları təşkil etsə də, geniş ictimai dəstək almayıb”.
R.Ananyan vurğulayır ki, Ermənistanda parlament müxalifəti radikal mövqe nümayiş etdirir, Paşinyanı Azərbaycana güzəştə getməkdə ittiham edir və onu nəyin bahasına olursa olsun, baş nazir postundan uzaqlaşdıracaqlarını bəyan edir. Ancaq jurnalist onu da əlavə edir ki, hazırda bu terror qruplaşması ilə erməni müxalifət dairələri arasında əlaqə olduğuna dair sübut yoxdur. “Lakin hakimiyyəti zorla dəyişmək niyyətində olan qrupların adətən sponsorları və siyasi dəstəyi olur. Nəzəri cəhətdən silahlı qruplar ölkə liderlərini fiziki olaraq aradan qaldıra və onları himayə edən siyasi qüvvələr dövlət rəhbərliyini öz üzərinə götürə bilər”, - yazan R.Ananyan silahlı qruplaşmaya Rusiya xüsusi xidmət orqanlarının komandanlığı və koordinasiyası altında, Ermənistanın ifrat müxalif dairələrinin siyasi dəstəyinin olduğuna inandığını da bildirir.
R.Ananyan yazır ki, Paşinyan hakimiyyəti Rusiya ilə qarşıdurmadadır. Paşinyan Rusiyanın “qırmızı xətlərini” keçməyə yaxındır. Sentyabrın 18-də baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını ittiham edib. O, bildirib ki, KTMT Ermənistanın təhlükəsizliyinə, gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdidlər yaradır, buna görə də İrəvan bu təşkilata üzvlüyünü dondurub. Erməni jurnalist ehtimal edir ki, Paşinyanın Rusiyanın xoşuna gəlməyən addımları və bəyanatları dövlət çevrilişinə cəhdi körükləyir və bunun arxasında ruspərəst anti-Paşinyan qüvvələri dayanır.
Xatırladaq ki, cari ilin fevralında France 24 telekanalına müsahibəsində Nikol Paşinyan demişdi ki, Rusiya birbaşa olaraq erməni əhalisini Ermənistanda dövlət çevrilişi etməyə çağırıb və Moskvanın təbliğatı səngiməyib. Nikol Paşinyan müsahibəsində rusiyalı fərari Dmitri Setrakovun Ermənistanda Rusiya hərbçiləri tərəfindən oğurlanmasından narahat olduğunu açıqlamış və bu kontekstdə qeyd etmişdi ki, İrəvanda bu cür qanunsuz hərəkətlər yolverilməzdir.
Lakin Ermənistandan qalxan informasiya səs-küyünə Moskvadan gələn cavab təmkinli oldu. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova IV Avrasiya Qadınlar Forumu çərçivəsində dedi ki, dövlət çevrilişində rus izinin axtarılması absurddur. Zaxarovanın sözlərinə görə, bu psevdosensasiyanın arxasında Qərb kəşfiyyat xidmətlərinin məsləhətçiləri dayanır: “Onların vəzifəsi Rusiya-Ermənistan yaxşılaşmanın qarşısını almaqdır”. Rusiya rəsmisi əlavə edib ki, Ermənistandakı bəzi dairələr uzun illərdir xəyali Rusiya təhlükəsi axtarışına əl atan qərblilərin köhnəlmiş taktikalarını qəbul edirlər.
S.ELAY
XQ