Son illərdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətlərində ardıcıl tədbirlər görülür.
Bütün bunlarla bərabər, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişikliyi, dünyada orta temperaturun yüksəlməsi, qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən, suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə sudan səmərəli istifadə üçün təxirəsalınmaz layihələr həyata keçirilməsini zəruri edib. Bu məqsədlə Prezident İlham Əliyevin tapşırığına əsasən, su ehtiyatlarından səmərəli istifadə edilməsi ilə bağlı yaradılan Dövlət Su Komissiyası müvafiq tədbirləri uğurla gerçəkləşdirir. Həmin layihələrdən biri də Yengicə su anbarının tikintisidir. Bu infrastrukturun inşasında əsas məqsəd su ehtiyatlarının artırılması, əkinə yararlı torpaqların genişləndirilməsi, müasir təsərrüfatların qurulmasıdır.
Çay hövzəsində qurulan Yengicə su anbarı bəndinin ümumi uzunluğu 449,5 metrə, hündürlüyü isə 45 metrə çatacaq. Anbar istifadəyə verildikdən sonra 15 kəndin ərazisində fəaliyyət göstərən 3 minə yaxın fermer təsərrüfatının su təminatı tamamilə yaxşılaşacaq. Ümumilikdə su anbarı tikildikdən sonra Qəbələ rayonunun aran hissəsində 10 min hektar yeni torpaq sahəsinin suvarılması tam təmin olunacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, təkrar əkin aparılmasına da imkan yaradacaq.