Dünən Xankəndi şəhərində uzun illərdən sonra ilk dəfə toy mərasimi təşkil olunub. Gənc yazar Fərhad Kərimlinin toy mərasimi Xankəndidəki restoranlardan birində keçirilib.
Kərimlilər ailəsi Şuşada yaşasa da, toyu Xankəndidə etmək qərarına gəlib. Onların ailəsi Şuşada 4 otaqlı mənzillə təmin olunub.
Bəy, gəlin, onların ailə üzvləri və qohumları Şuşa şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, sonra Cıdır düzündə gəzintiyə çıxıblar. Onlar daha sonra Xankəndi şəhərinin mərkəzini gəzərək toy keçiriləcək restorana yollanıblar.
Gəlinlə bəy “Qarabağ şikəstəsi” sədası altında şadlıq sarayına daxil olduqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi anılıb.
Çıxış edənlər hər iki gəncə xeyr-dua veriblər.
Bəyin atası Kərim Kərimli deyib: “Şuşa da, Xankəndi də bizim üçün əzizdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin igidliyi, qazilərimizin rəşadəti, Azərbaycan xalqının birliyi sayəsində Xankəndini işğaldan azad etdik. Xankəndinin son 35 illik tarixində ilk dəfə olaraq toy edirik. Azərbaycan xalqına həmişə toy-bayram arzulayıram”.