Bağda oyurub fikirlərimlə baş-başa idim. Dərd-sər azdı bəyəm. Digər tərəfdən, indiyədək rastlaşdığım vəfalı, vəfasız o qədər insan olub ki…Vaxt olub mən özüm də dosta, tanışa qarşı vəfasızlıq etmişəm, bəzən kiminsə haqqına girmişəm və indi yadıma düşəndə, o səhvlərimin əzabını çəkirəm.
İnsan gərək tez-tez özünə hesabat versin, harada nəyi düz, nəyi yersiz elədiyini, başından böyük danışdığını saf-çürük etsin, qiymətləndirsin. Axı, biz Uca Allahın yaratdığı yer üzünün əşrəfi sayılan varlığıq...
Bu düşüncələr məni, sanki, əyləşdiyim məkandan ayırmışdı. Onu da deyim ki, ilk dəfə Bakıya gələndə bu bağda oturub beşmərtəbəli binalara üzüm tənəklərinin bürüdüyü eyvanlara heyranlıqla tamaşa edir, yanımdan keçən adamlara maraqla baxırdım. Mənə elə gəlirdi ki, bu şəhərdə yaşayan insanların hamısı xoşbəxtdi, rahat yaşayır, ürəkləri təmizdi... Axı, onda sadəlövh kənd uşağı idim.
Amma illər ötdükcə bu böyük şəhər mənə də həyatın hər üzünü göstərdi, müxtəlif taleli insanlarla üz-üzə gətirdi. Deyəsən, giriş bir az uzun oldu, axı. Onda keçək mətləbə.
Birdən yuxudan ayılan kimi oldum. Yanımda boylu-buxunlu, cins şalvar geyinmiş cavan oğlan oturmuşdu. Onun yanında isə qəribə bir qara it var idi. İtin tükləri par-par parıldayırdı. Elə bil onu ütüləmişdilər. Əvvəlcə mən itdən qorxdum. Çünki heyvan gözlərini mənə zilləmişdi. Yadıma Konan Doylun “Baskervillərin iti” romanındakı dəhşətli it düşdü.
Oğlan həyəcanımı hiss edib dedi:
– Narahat olmayın, dayı, dəyən deyil, tərbiyəlidir. O ilk dəfə gördüyü insanlara belə baxır...
Oğlanın bu sözlərindən sonra itin sifəti bir qədər dəyişdi. Sanki it məndən üzr istəyirdi. Bundan sonra mən də ürəyimdən keçənlərə görə itə üzrxahliq edirmiş kimi ona təbəssümlə baxmağa çalışdım.
Oğlandan soruşdum:
– Buna nə yedizdirirsən?
– Öz menyusu var. Ancaq o işə mən baxmıram. Hər şeyi yemir.
– Belə baxıram ki, sən qazandığını bu itə yedizdirirsən...
– Deyəsən, məni düz başa düşmədiniz. Mən ancaq onu gəzdirməklə məşğulam, qulluq edən başqa adamdır. Gündə iki dəfə gəzməyə – parka, bulvara, stadiona, ya da şəhərdən kənara dəniz qırağına gəzməyə çıxarıram. Yolumuz uzaq olanda avtomobillə gedirik.
– Soruşmaq ayıb olmasın, bu işə görə sahibindən nə qədər aylıq alırsan?
– Pullular bizim kimilərə pul verəndə elə bil canlarını verirlər. Bu itin sahibi mənə 600 manat verir. Başqa birinin itini də növbə ilə gəzdirirəm. O adam lap simicdir, 400 manat verir.
– Əcəb peşən var. Deməli, itgəzdirənsən. Belə baxanda pis deyil.
Oğlan itin başını tumarlaya-tumarlaya dedi:
– Nəyi pisdir ki? İndi idarələrdə işləyənlərə bu qədər əməkhaqqı vermirlər. Həm də səhər gedib, axşam qayıdırlar. Mən isə iti gəzdirməyə gündə, uzağı, 4–5 saat sərf edirəm.
– Yəqin, sahibi bu itə ayda 2–3 min manat xərcləyir. Bu, onun nəyinə lazımdır ki?
– Bilirsiz, hərənin öz marağı var. Varlıların bir qismi müxtəlif heyvan, quş, balıq saxlayırlar. Amma çoxu bahalı, xüsusi cinsdən olan it saxlayır. Bu adam da, it xəstəsidi. Harada gözəl, bahalı it görür, alır.
– Kimdir o adam, nəçidir?
– Bağışlayın, onu deyə bilmərəm. Bir də mənim nəyimə lazımdı kimdi, əsas odur ki, pulumu vaxtlı-vaxtında verir.
– Yaxşı olar ki, o adam itə sərf etdiyi pulları imkansızlara, müalicə üçün ona-buna ağız açanlara verə. Allaha da xoş gedər.
– Bəlkə də verir, biz bilmirik.
– Yaxşı, sənin bir sənətin, peşən yoxdur ki, beləsinin itgəzdirəni işləyirsən?
– Niyə elə deyirsiz, mən halal zəhmətlə dolanıram. Oğurluq eləmirəm, kiminsə malına, dövlətinə göz dikmirəm...
– Əcəb halal qazanc yeri tapmısan. Get fəhləlik elə, vağzalda yük daşı...
– Elə danışırsız ki, elə bil, heç nədən xəbəriniz yoxdur. Fəhlə yeri tapmaq elə asandır, bəyəm? Şirkətlərin çoxuna, ticarətə də cavan xanımları götürürlər. Bir də indi çox yerdə fəhləyə ən çoxu 400-500 manat verirlər. Bir ayda aldığın o pulla ailə saxlamaq, adam kimi yaşamaq olar? Əvvəllər hara getmişəm bəhanə ilə başdan eləyiblər, ya da bir ay işlədib, pulumu verməyiblər. Qardaşım universitet bitirib, müəllimdir. Ayda 550 manat alır. Ailəlidir. Ona da mən kömək eləyirəm...
İt yavaşca mırıldadı. Məncə, it həmsöhbətimə deyirdi ki, məni gəzdirməyə çıxarmısan, yoxsa başqaları ilə çənə döyməyə.
Oğlan itin başını tumarladı və sonra ayağa qalxıb xudahafizləşdi.
Həmsöhbətim gedəndən sonra o cavan itgəzdirən, o xoşbəxt it və o itin imkanlı sahibi haqqında düşünməyə başladım. Bu dəfə öz-özümə dedim ki, gör belə itlərə sərf edilən vəsaitlə nə qədər ac-yalavaca çörək vermək, xəstə soydaşımızı həyata qaytarmaq olar. Yox, mən itlərin ac, baxımsız qalmasının da tərəfdarı deyiləm. Ancaq it insandan dəyərli olarsa, axırda insanın da, itin də aqibəti yaxşı olmaz.
İtgəzdirən oğlanla, onun işi ilə bağlı ürəyimdə təəssüf hissi baş qaldırdı. Lakin onu bu işə görə qınaya bilmədim...
Səməd MƏLİKZADƏ