Bu həzin, yapışıqlı səs sahibini radioda dinləyən hər kəs dərhal tanıyır və “Eldost Bayramdır” – deyir. Biz də səsinin sehri ilə məşhurlaşmış bədii qiraət ustası, diktor, Xalq artisti Eldost Bayramla söhbətimizdən yetərincə zövq aldıq.
– Eldost müəllim, səsinizlə insan qəlbinin sarı siminə toxunmağı bacarırsınız. Yəqin ki, uğurunuzu təmin edən təkcə bu deyil...
– Səs Allahın lütfüdür. Amma seçilmək, tanınmaq üçün sənəti sevmək, illərlə çalışmaq, əziyyət çəkmək tələb olunur. Mənim 5–6 yaşım olanda kəndimizə radio qovşağı çəkilmişdi. Reproduktordan diktorların səsini heyrətlə dinləyirdim. O vaxt sehrli sayılan həmin qutuya marağım da elə taleyimi həll elədi. Belə də deyə bilərəm: həyat yolumu Aydın Qaradağlı və Ramiz Mustafayevin səsi müəyyənləşdirdi. Bu xüsusda Fatma Cabbarovanın, Züleyxa Hacıyevanın da adını qeyd edə bilərəm. Məqsədimə çatanda – radionun diktoru olanda sevincim yerə-göyə sığmadı. İllərlə çalışdım, səsimi cilaladım, şeirə yatımlı olduğuna görə bədii qiraətlə də məşğul oldum. Yəni zəhmət çəkə-çəkə irəlilədim. Bu gün də “Oxuduğunuz şeir qəlbimizə yatdı” kimi rəylər eşidirəm. Bu da məni mənəvi cəhətdən yaşadır.
– Böyük rejissor Adil İsgəndərovun kursunda təhsil almısınız...
– 1969-cu ildə Pedoqoji Universitetin tarix fakültəsində təhsil alırdım. Həmin vaxt mənim üçün çox vacib olan 2 imkan yarandı: dil kursu və Adil İsgəndərovun kinostudiyada açdığı kinoaktyorluq kursu. Kinoaktyorluğu seçdim və 1 il bu kursda Telman Adıgözəlov, Sevil Xəlilova ilə birlikdə təhsil aldım. Sonra Ədil İsgəndərovun radionun baş direktoru Ramiz müəllimə təklifi ilə orada diktorluğa başladım.
– Diktorluq sənətinin əsas məziyyətləri hansılardır?
– Diktorlar Azərbaycan dilini təbliğ edirdi, biz etalon sayılırdıq. İnsanlar sözlərin düzgün tələffüzünü, düzgün diksiyanı öyrənmək üçün radio dinləyirdilər. Diktorun dilində ləhcə, deffekt olmamalıdır. Baxın, kimsə mənim danışığımdan bilməz ki, hansı bölgədənəm. Dilimi aksentdən təmizləmişəm. Qulağım hər zaman tanınmış diktorlarda idi, tamaşaları izləyirdim, aktyorların tələffüzünə diqqət yetirirdim. Yadımdadır, bir dəfə Şəkidə tədbirdə aparıcı idim, bir xanım mənə yaxınlaşıb dedi ki, nitq qabiliyyəti üzrə nəyə nail olmuşamsa – Azərbaycan Radiosuna minnətdaram. Siz əsl məktəbsiniz. Təəssüf ki, indi diktorluq sanki sıxışdırılıb aradan çıxarılır. Aparıcılar isə monoloq söyləyir, müsahiblərinə danışmağa imkan vermirlər. Bu, yaxşı tendensiya deyil...
– Müsahibələrinizin birində demisiniz ki, şeirləri səsləndirən zaman özüm də həmmüəllifə, obraza çevrilirəm. Ruhən təzələnir, gəncliyimə qayıdır, sirli anlar yaşayıram. Maraqlıdır, şeirləri necə seçirsiniz?
– Mən şeiri daxilindəki mənaya görə sevirəm, həssas şeirləri ruhuma daha yaxın hesab edirəm. Radioda işləməklə yanaşı, 2 il filarmoniyada mötəbər tədbirlərdə konsert proqramlarının aparıcısı olmuşam. Tədbirlərə daha çox gənclərin gəldiyini nəzərə alaraq, lirik, bədii şeirləri səsləndirməyə daha çox üstünlük verirdim. Bir dəfə Famil Mehdinin “Gözəl olmayan qız” şeirini oxuyacaqdım. Səhnəyə çıxıb dedim: “Gözəl olmayan qız varmı görəsən?”. Dinləyicilər maraqlandılar, nə demək istəyir? Davam elədim:
Bəlkə, gözəlliyi görməyən gözlər,
Duymayan ürəklər var bu dünyada...
Gənc yaşlarımda mən də yazmışam, ancaq axı onlar şeir deyil. Allah mənə yazmaq qabiliyyəti yox, ifa etmək qabiliyyətini verib və mən də şairlərin şeirlərini oxuyub bir növ onlarla həmmüəllif olmaqla kifayətlənirəm. Hərdən şairlər mənə deyirlər: “Eldost müəllim, yəni bu şeiri mən yazmışam? Siz yeni bir rəng, yeni bir yön vermisiniz şeirə”.
– Musiqi alətlərini kökləmək, yeni ifaya hazırlamaq zərurəti olur həmişə. Siz şeir və ya xəbər oxuyarkən səsinizi nizamlamağa ehtiyac duyursunuzmu?
– Tədbirlərin birində musiqi tərtibatçıları səsgücləndirici aparatı nizama salırdılar. Mən də mikrafonu yoxlamaq istədim, musiqiçilərdən biri sual verdi ki, Eldost müəllimə exo, yəni əks-səda effekti də verimmi? Dedilər ki, Eldost müəllimə exo lazım deyil, exo onun öz səsində, bogazındadır. Təvazökarlıqdan uzaq olsa da, bu münasibətdən çox məmnun qaldım. Mütəxəssislər var ki, qiraətçi bədii mətni ifa etdikdən sonra ona uyğun musiqi əlavə edir, müəyyən təmizləmə işi aparırlar. Amma, məncə, orijinal ifa daha gözəldir. Bəzən musiqi dinləyiciyə mane olur.
– Pedaqoq kimi də fəaliyyət göstərmisiniz...
– COVID xəstəliyindən öncə 3 il akademiyada dərs demişəm. Tələbələrə ilk sözüm bu olurdu ki, peşənizi və ailənizi düzgün seçin. Çünki hər ikisi ömrünüzün sonuna kimi sizinlə olacaq. Pedaqoqam, ancaq, nədənsə, müntəzəm dərs deməkdən həmişə yayınmışam.
– Bu gün bir çox televiziya verilişləri mövcuddur, gənc aparıcılar yetişir, onlara tövsiyəniz nə olardı?
– Gənclərə demək istəyirəm ki, bir azərbaycanlı kimi dilimizi təbliğ etsinlər. Torpaqlarımız azad edildiyi kimi, dilimiz də yad ünsürlərdən təmizlənsin. Bu yolda gənclərə uğur arzu edirəm!
– Təşəkkürlər və uğurlar, Eldost müəllim!
Aynur HİLALİ