Tofiq Bəhramov adına stadion 73 illik idman tariximizin şahididir
Köhnə dostumuz, hələ uşaqlıq illərindən çoxlarımızın həyatının bir parçasına çevrilən və getdikcə hər qarışına dərindən bələd olduğumuz Respublika stadionunun rəsmi açılış mərasimindən artıq 73 il ötür. Amma illər bir-birini əvəz etsə də, öz unudulmaz tarixi ilə haqlı olaraq daim fəxr edə biləcək bu nəhəng idman qurğusu qocalmır, əksinə, ildən-ilə qamətini daha da düzəldib gözəlləşir, qonaqları ilə hər görüşə daha çox şad olur.
Həyata vəsiqə aldığı ilk illərdə o dövrün tələblərinə uyğun olaraq “xalqlar atası” İ.V.Stalinin, sonralar “proletariatın dahi rəhbəri” V. İ. Leninin adını daşıyan, 1993-cü ildən isə əsl futbol adamı, Beynəlxalq Futbol Federasiyası (FİFA) hakimlər korpusunun respublikamızda ilk səlahiyyətli nümayəndəsi Tofiq Bəhramova dərin ehtiram əlaməti olaraq onun adı verilən əzəmətli stadion 73 illik tarixində bir-birindən mötəbər yarışların, tədbirlərin, hadisələrin şahidi olmuşdur.
Həmin gün, 1951-ci il sentyabrın 16-da burada böyük bir bayram yaşanmış, respublika rəhbərliyinin, idman ictimaiyyətinin, on minlərlə azarkeşin iştirakı ilə stadionun açılış mərasimi keçirilmişdir.
Azərbaycanın çoxminli bədən tərbiyəçisi ordusunun, ən yaxşı idmançılarının, görkəmli yetirmələrinin, Sovet İttifaqı çempionları və rekordçularının məmnuniyyətlə, xoş bir həyəcanla iştirak etdikləri tədbirin sonunda isə tribunalara toplaşan 40 mindən çox tamaşaçı (hətta statistika 45 min də deyir) o illərdə hələ “Neftyanik” adlanan komandamızın SSRİ çempionatının “B” qrupunda Vilnüsün “Spartak” kollektivi ilə görüşünü tbilisili hakim N. Ramişvilinin start işarəsindən final fitinədək böyük maraqla izləmiş və 4:0 hesablı qələbəmizə ürəkdən sevinmişdir. Oyunun qəhrəmanı isə iki qolun müəllifi, sonralar Moskvanın məşhur “Dinamo” komandası heyətində dörd dəfə SSRİ çempionatlarının qızıl medalını qazanmış, unudulmaz mərkəz hücumçusu Ələkbər Məmmədov olmuşdur.
Bu gün metronun “Gənclik”stansiyası yaxınlığında gurultulu həyatının 74-cü ilinə qədəm qoyan, yaşından, peşəsindən, vəzifəsindən asılı olmayaraq, yüz minlərlə insanımızın sevimli istirahət yeri kimi oyun günləri qapılarını böyük qonaqpərvərliklə onların üzünə taybatay açan Tofiq Bəhramov adına Respublika stadionu müxtəlif illərdə güləş, boks,voleybol, yüngül atletika və digər növlər üzrə mötəbər yarışlara şahidlik etsə də, ilk növbədə, futbolla nəfəs alır və milyonların ən sevimli oyununa xidmət edir.
“Neftçi”nin, Azərbaycan futbolunun əksər pərəstişkarları kimi, mənim də bu stadionda izlədiyim ilk oyundan az-çox nəsə yadımda qalıb. Rayonda orta məktəbi bitirib, yenicə Bakıya gəlmişdim. 1961-ci il iyulun 2-si idi. “Neftçi” növbəti ölkə çempionatının ikinci dövrəsi çərçivəsində Xarkovun “Avanqard” kollektivini qəbul edirdi. Heç-heçə (1:1) başa çatan oyunda bizdən topu Adamas Qolodets vurdu. Həmin gün futbolumuzun flaqmanının heyətində Ələkbər Məmmədov, Əhməd Ələsgərov, Adil Babayev, Vyaçeslav Semiqlazov, Robert Çançaleyşvili və başqalarını da yaxından gördüm.
İndi statistikanın köməyi ilə Bakı və Xarkov komandaları arasında həmin çempionatda oynanılmış birinci dövrə matçı haqqında da kifayət qədər məlumat əldə etmək olar. Mayın 13-də Xarkovun “Avanqard” stadionunda keçirilmiş görüşdə moskvalı hakim P. Apuxtin Azərbaycan paytaxtı futbolçularının xeyrinə 1:0 hesabı qeydə almışdır. Qələbə topunu 58-ci dəqiqədə sağ kənar hücumçusu Kamil Eynullayev vurmuşdur.
Azərbaycan futboluna sadiq pərəstişkarlardan hər biri qəlbində gözəl stadionumuzla bağlı xoş xatirələr gəzdirir. Onlar “Neftçi”nin SSRİ çempionatlarında ən böyük uğurunun sevincini 1966-cı il noyabrın 30-da yaşamışlar. Həmin gün 28-ci ölkə birinciliyinin vida görüşündə bakılıların 45 min tamaşaçının gözü qarşısında Moskvanın “Spartak” komandasının qapısına vurduqları üç cavabsız top (3:0) bizə bürünc mükafat qazandırmışdır. Bu, SSRİ çempionatlarında Azərbaycan paytaxtına gətirilən ilk medal dəsti idi. İdman ictimaiyyətimiz, bütün xalqımız özünü çox xoşbəxt hesab edirdi.
Həyat, onunla da birlikdə futbol hadisələri davam edir. Tezliklə yenə hamı “Tofiq Bəhramov”a tələsəcək. UEFA Avropa Liqası turnirinin əsas mərhələsində “Qarabağ”ın oktyabrın 3-də İsveçin “Malmö” klubu ilə görüşünə çox qalmır. Azərbaycan futbolunun şərəfini ləyaqətlə qoruyan Ağdam komandasının bu stadionda beynəlxalq görüşlərdə özünü daha inamlı hiss etməsi də təsadüfi deyil…
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist