Azərbaycan Qran-Prisinin 2-ci günü də gərgin mübarizə ilə yadda qaldı

post-img

Dünən – Bakının sayca 8-ci dəfə evsahibliyi etdiyi Formula 1 Azərbaycan Qran-Prisinin 2-ci günündə Formula 1 üzrə 3-cü sərbəst yürüş və sıralama turu, Formula 2 üzrə sprint yarışları keçirildi. 

Corc Rassel 3-cü sərbəst yürüşdə qalib gəldi

Cümə günündən fərqli olaraq yarışın 2-ci gü­nündə pilotlar buludlu və yüngül yağışlı hava ilə qarşılaşıblar. Asfaltın qurumasını gözləyən sürü­cülər, sessiyanın başlanğıcında Esteban Okonun maşınının güc problemi səbəbindən dayandırıl­ması ilə üzləşiblər. Sessiya bərpa edildikdən son­ra yağan yüngül yağış və “Haas” sürücüsü Oliver Bermanın baryerlərə çırpılması səbəbindən yürüş yenidən dayandırılıb. Bir neçə dəqiqədən sonra sürücülər qırmızı təkərlərlə trasa qayıtsalar da, fa­silələr səbəbindən bərk (ağ) təkərlərlə uzun döv­rələr etmək mümkün olmayıb. 

3-cü sərbəst yürüşün sonunda Corc Rassel 1:42.514 dəqiqə ilə ən yaxşı nəticəni əldə edib. “Ferrari”nin monakolu sürücüsü Şarl Lekler 2-ci, “MakLaren”in britaniyalı pilotu Lando Norris 3-cü yerləri tutublar.

Xatırladaq ki, cümə günü ilk sərbəst yürüşdə Maks Ferstappen, daha sonra isə Şarl Lekler ən sürətli olmuşdular. Üç sərbəst yürüşdə fərqli ko­mandalardan liderlərin olması sıralanma turunun daha maraqlı keçəcəyinə işarə idi. 

Paraqvaylı Yosua Durksen Formula 2 sprint yarışında 1-ci oldu

Formula 2-nin sprint yarışında isə 11 koman­da iştirak edib. Yarış qəzasız ötməyib. “Rodin Mo­torsport” komandasının pilotu Rimoto Miyatanın idarə etdiyi boliddə yanğın olub. Hadisə avtomo­bilin səddə çırpılmasından sonra baş verib. Yapo­niyalı sürücü mübarizəni dayandırıb. 

Yarışın yekun nəticəsinə görə, “PHM AIX Racing” komandasının paraqvaylı pilotu Yosua Durksen qalib olub. Sonrakı 2 pillədə DAMS ko­mandasının amerikalı sürücüsü Cek Krauford və “Prema”da çıxış edən italiyalı Qabriel Mini qərar­laşıblar. 

Sonra sprint yarışının qalibi mükafatlandırılıb. Birinci yeri tutan Coşua Durksenə kuboku Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmə­dov təqdim edib.

Yarışdan sonra Yozua Dürksen mətbuat konf­ransında Bakıdakı yarışı unutmayacağını deyib. O qeyd edib ki, burada əldə etdiyi uğur karyerasına müsbət təsir göstərəcək.

Yaxşı mövsüm keçirdiyini vurğulayan paraq­vaylı sürücü onu da deyib ki, bu nəticədən sonra Formula 1-də çıxış etmək üçün şanslarını artırıb:

– Formula 2-də debüt ilimdir. Buna bax­mayaraq, hazırda çox yaxşı formadayam. Düşü­nürəm ki, bu, kifayət deyil, təkmilləşmək lazımdır.

Şarl Lekler 4-cü dəfə Bakıda sıralama turunu ilk başa vurdu

Formula 1 Azərbaycan Qran-Prisində sıralama turu da maraqlı mübarizə şəraitində keçib. “Ferra­ri” pilotu Şarl Lekler ardıcıl 4-cü dəfə Bakıda ke­çirilən Azərbaycan Qran-prisində sıralama turunu birinci pillədə başa vurub. “McLaren”in avstrali­yalı sürücüsü Oskar Piastri 2-ci, “Ferrari”nin digər üzvü ispaniyalı Karlos Sayns 3-cü yeri tutub. 

Qeyd edək ki, Formula 1 yarışı sentyabrın 15-də başa çatacaq.





İdman