Avqustun 13-dən Göygöl rayonunun Milli Yaylaq Festivalı ərazisində şəhid övladları üçün “Ənənə” yay düşərgəsi təşkil olunub.
Düşərgə “YAŞAT” Fondunun təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyətinin, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun tərəfdaşlığı, “Bakcell”in baş sponsorluğu ilə keçirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hərbi vətənpərvərlik və milli ənənələr mövzusunda təşkil olunan düşərgədə 50-dək şəhid övladı iştirak edir.
Açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və digər qonaqlar iştirak ediblər.
Tədbirdə düşərgənin məqsədi barədə məlumat verilib.
Beş gün davam edəcək düşərgədə iştirakçılar üçün oxatma, atçılıq və digər qədim milli oyun növləri üzrə yarışlar keçiriləcək. Məqsəd vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
Xatırladaq ki, “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün bundan əvvəl Londonda yay məktəbi, Antalyada isə yay düşərgəsi keçirilib.
Fond tərəfindən şəhid övladları üçün mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr və təlimlər təşkil edilir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərilir.
Düşərgənin baş sponsoru “Bakcell”, media dəstəyi ASAN TV və ASAN Radiodur.