Dövlət İmtahan Mərkəzi ölkənin regionlarında inzibati ərazi bölgüsünə əsasən, dövlət qulluqçuları üçün təlimlər keçirməyə başlayıb.
Təlimlər Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulan tədbirlər üzrə müəyyən edilib.
Aprelin 14-dən başlayan təlimlər Zaqatala, Balakən, Qax rayonlarında və Şəki şəhərində təşkil olunub. Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən “Ünsiyyət bacarıqlarının inkişafı”, “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi”, “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası” mövzularında dövlət qulluqçuları üçün təlimlər keçirilib. Təlimlər zamanı mövzularla bağlı iştirakçılara məlumatlar verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.
Qeyd edək ki, təlimlər ilin sonunadək digər şəhər və rayonlarda davam edəcək.
XQ

