Qədim Şabranın çağdaş söz ocağı

post-img

Əgər müstəqillik dönəminə qədər bölgələrdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) cəmi 3 regional filialı fəaliyyət göstərirdisə, bu gün qurumun 15-dən çox yerli bölməsi var. Düz 10 il əvvəl – 2016-cı ilin yayında Şabran rayonunda da AYB-nin yerli bölməsi yaradılıb.

...1578-ci ildə Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda Dərbənd əyalətinin Şabran sancağı olub. Mərkəzi Şabran (qədim şəhər) idi. Sovet dövründə isə burada Dəvəçi adlı rayon 1930-cu ildə təşkil edilmişdi. Nəhayət, 2010-cu ildə qədim məkanın tarixi adı özünə qaytarılıb. Şabranın şair qızı Aybəniz Əliyar bu barədə öyünclə yazıb:

Zamanın qulu – tarix,
İndi qul zaman oldu.
Qayıtdı ulu tarix,
Dəvəçi Şabran oldu!

Klassik poeziyamızın bir çox maraqlı səhifələri məhz Şabranla bağlıdır. Fələki Şirvani Şirvanşahın əmri ilə Şabranda həbsə məhkum edilib və öz “Həbsiyyə”sini burada yaradıb. Ondan sonra ən böyük klassiklərindən olan Xaqani də Şirvanşah Axsitanın qəzəbinə tuş gələrək Şamaxıdan Şabrana sürgün edilib, 7 ay zindanda qalıb. Burada yazdığı şeirləri, ustadına hörmət və ehtiram əlaməti olaraq, o da “Həbsiyyə” adlandırıb. Aradan neçə əsr keçəndən sonra, 2012-ci ildə Xaqani yenidən Şabrana “qayıdıb” – bu dəfə möhtəşəm bir abidə kimi...

Onu da deyək ki, əslində, Şabran adında da, Dəvəçi adında da, bu yurdun Qalaaltı, Çıraqqala kimi toponimlərində də aşkar bir poetik çalar var və burada tarixdən, təbiətdən ilham alaraq bədii əsərlər yazmaq ənənəsi qədimlərdən gəlir. Buna görə də AYB bölməsinin yaradılması təbii qarşılanıb. O vaxt rayona rəhbərlik edən tanınmış yazıçı Novruz Novruzov (Nəcəfoğlu) bu təşəbbüslə çıxış edib və tanınmış yazıçı-publisist Aydın Tağıyev bölmənin rəhbəri təyin olunub.

Rayonda, eyni zamanda, Xaqani Poeziya Evi və Şabran Ədəbi Məclisi fəaliyyət göstərir. İllərdir ki, burada Xaqani Poeziya Günləri təntənə ilə qeyd edilir və bayram respublika əhəmiyyəti daşıyır. Şabran bölməsi daha 2 rayonu – Siyəzən və Xızını da özündə birləşdirir.

Bölmənin möhtəşəm tədbirləri sırasında Şabranda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə Əfzələddin Xaqaniyə həsr olunmuş elmi konfrans yada düşür. Həmin məclisdə hətta uzaq Çindən gəlmiş professor Huanq Zhongxianq da həvəslə iştirak edib.

Bu ilin martında Siyəzən şəhərində dahi dramaturq Cəfər Cabbarlının abidəsinin yeni məkanda – şəhərin mərkəzində təqdimatı da hər kəsə unudumaz təəssürat bağışlayıb. Böyük ədibin irsinə ehtiram nümunəsi olan bu təqdimat əsl mədəniyyət bayramı idi. Tədbirə AMEA-nın prezidenti İsa Həbibbəyli və tanınmış alimlər, Milli Məclisin deputatları, Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı, AYB-nin katibi Elçin Hüseynbəyli, ədibin nəvəsi Vüqar Qaradağlı da qatılmışdılar.

Ötən həftə isə Xaqani adına Şabran Poeziya Evində ədəbi məclis üzvlərinin iştirakı mərhum şair Qəribxan Qocaoğlunun “Bir ömrün səsi” adlı şeirlər kitabının təqdimatı keçirilib.

AYB Şabran bölmənin rəhbəri Aydın Tağıyevin dedikləri:

– Son illər rayonda yazıçıların “İmza günləri”, paytaxtdan gələn qələm adamlarının iştirakı ilə görkəmli yazıçılarımızın yubileyləri, yerli müəlliflərin yaradıcılıq gecələri, kitab təqdimatları, anım günləri keçirilməsi ənənə halını alıb. Məclis üzvlərinin əsərlərindən ibarət illik “Şabran nəğmələri”, “Çıraqqala işığında” topluları, “Çıraqqala” rüblük ədəbi-bədii, publisistik toplusu işıq üzü görüb.

Şabran əbədi mühitinin canlandırılmasında yazıçı-publisist Novruz Nəcəfoğlunun xidmətləri böyük olub. Bir çox maraqlı roman, povest, hekayələr, publisistik kitabların müəllifi olan Novruz müəllimin respublika nəşriyyatlarında çapdan çıxan əsərləri ilə yanaşı, qardaş Türkiyədə də kitabları oxuculara təqdim edilib, əsərləri ingilis, rus dillərinə tərcümə olunub. Bir nasir kimi o, beynəlxalq mükafata layiq görülüb.

AYB-nin Şabran bölməsinin Sumqayıt, Quba, Şirvan bölmələri ilə sıx taradıcılıq əlaqələri var. Burada Aybəniz Əliyar, Nəcməddin Mürvətov, Qurban Məmmədov, Ənvər Zeynaloğlu, Bayram Novruz, Təvəkkül Kərim, Çingiz Xalidoğlu kimi qələm sahibləri var. Uzun illər rayondakı ədəbi birliyə rəhbərlik etmiş dəyərli şair Qafar Süleyman və Sabir Zöhramlı ötən il haqq dünyasına qovuşublar. Şabran yazarları göstərilən diqqət və qayğıya öz yaradıcılıq nümunələri ilə cavab verməyə çalışırlar. Məzahir Zeynalın yaradıcılığından bir bənd nümunə:

Sabah sevgimizin doğum günüdür,
Qoynunu bizimçün açacaq səhər.
Sübh çağı göylərdən səda gəlməmiş
Baxışlar sevgidən tutacaq bəhər.

Son illərdə Aydın Tağıyevin “Məktub”, “İspan çəkməsi” və “Məhkəmə günü”, Aybəniz Əliyarın “Darıxmaq”, “Vətən andı” və “Ruhumun aynası”, Nəcməddin Mürvətovun “Dünyamızın zərrəsiyəm” və “Şairdə sirr olmur...” kitabları, “Otuz il, qırx dörd gün” pyesi oxuculara ərməğan edilib.

Əli NƏCƏFXANLI
XQ

Sosial həyat