Dövlət dəstəyi cəmiyyətə rifah, insanlara məmnunluq gətirir

post-img

Son 7 ildə 5 sosial paket 4 milyon insanı əhatə edib

Ölkəmizdə sosial dövlət modeli yeni inkişaf dövrünə daxil olub. Bu mərhələ yalnız sosial təminat tədbirlərinin genişlənməsi ilə deyil, həm də onların effektivliyinin artırılması, hədəfliliyinin gücləndirilməsi və dayanıqlılığı ilə səciyyələnir.

Müasir dövrdə sosial dövlət anlayışı təkcə sosial yardımların verilməsi ilə məhdudlaşmır, vətəndaşların rifahının yüksəldilməsi, sosial ədalətin təmin edilməsi, insan kapitalının inkişafı və inklüziv iqtisadi artımın dəstəklənməsi kimi daha geniş məqsədləri əhatə edir. Sosial dövlət modeli yeni inkişaf mərhələsində daha sistemli, hədəfli və müasir yanaşmalar əsasında formalaşır. Məqsəd yalnız sosial müdafiəni təmin etmək deyil, həm də vətəndaşların potensialını reallaşdırmaq, onların həyat keyfiyyətini yüksəltmək və cəmiyyətin inkişafına töhfə verməkdir.

Son illərdə minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılması əhalinin həssas təbəqələrinin rifahının yaxşılaşdırılmasına yönəlmiş mühüm addımlardandır. Bu artımlar inflyasiya təzyiqlərinin kompensasiya olunması, əhalinin alıcılıq qabiliyyətinin və sosial bərabərliyin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Sosial dövlət modelinin yeni mərhələsinin əsas xüsusiyyətlərindən biri aktiv məşğulluq siyasətinin genişləndirilməsidir. Özünüməşğulluq proqramları, peşə hazırlığı kursları və əmək bazarına inteqrasiya tədbirləri işsizliyin azaldılmasına və vətəndaşların iqtisadi fəallığının artırılmasına xidmət edir. Xüsusilə regionlarda kiçik bizneslərin qurulmasına dəstək verilməsi, sosial xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi də diqqət mərkəzindədir.

Əlilliyi olan şəxslərin, şəhid ailələrinin və digər həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən proqramlar sosial dövlət prinsiplərinin real həyata tətbiqinin göstəricisidir. Mənzil təminatı, reabilitasiya xidmətləri və sosial infrastrukturun inkişafı bu sahədə əldə olunan mühüm nailiyyətlər sırasındadır.

Rəqəmsallaşma sosial dövlət modelinin inkişafında mühüm rol oynayır. Elektron hökumət xidmətlərinin genişləndirilməsi, sosial reyestrlərin yaradılması və məlumat bazalarının inteqrasiyası sosial siyasətin daha çevik və operativ həyata keçirilməsinə imkan verir. Bu, həm də resursların daha səmərəli idarə olunmasına şərait yaradır. Yeni mərhələdə diqqətçəkən digər mühüm istiqamət isə işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun bərpası və əhalinin sosial təminatıdır. Bu ərazilərə qayıdan əhalinin məşğulluğu, sosial xidmətlərlə əhatə olunması və yaşayış şəraitinin yaxşılaşdırılması sosial dövlət modelinin inklüzivliyini daha da gücləndirir, yerli iqtisadiyyatın canlanmasına və sosial rifahın yüksəlməsinə müsbət təsir göstərir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında ictimai şuranın sədri Elşad Məmmədov bildirdi ki, ölkə başçısının sosial ədalət və inklüziv dəyərlərə əsaslanan uğurlu rifah siyasəti nəticəsində bir-birinin ardınca icra olunan sosial islahatlar ölkəmizdə sosial inkişafın həm əhatəliliyinə, həm də davamlılığına təminat yaradıb. Dövlətimizin başçısının sosial sahəyə diqqət və qayğısını ifadə edən “bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır” fikirləri Azərbaycanda sosial dövlət modelinin inkişafının mahiyyətini aydın şəkildə əks etdirir.

Son 7 ildə icra edilən 5 sosial islahat paketi 4 milyon insanı əhatə edib ki, bu məqsədlər üçün də təqribən 8 milyard manat vəsait sərf edilib. Həmin sosial islahat paketləri nəticəsində minimum pensiya 3 dəfəyədək artırılaraq 110 manatdan 320 manata çatdırılıb. Son illər bütün pensiyaların və pensiya kapitallarının hər il indeksləşdirilməsi də həyata keçirilib. Təkcə bu il pensiyaların indeksləşdirilərək artırılmasına 640 milyon manat vəsait ayrılıb və bu artımlar 1,1 milyon pensiyaçıya şamil olunub. Cari ilin I rübünün sonuna qeydə alınan rəqəmlərə əsasən pensiyaların orta məbləği 594 manat, yaşa görə orta aylıq pensiya məbləği isə 632 manat təşkil edir.

Minimum əməkhaqqı 3,1 dəfə artırılaraq 130 manatdan 400 manata çatdırılıb. Bu il qanunvericiliyə edilən yeni dəyişikliklə minimum əməkhaqqının məbləğinə baxılmasının dövriliyi də təmin edilib. Bununla da ildə bir dəfədən az olmayaraq həmin məbləğə yenidən baxılacaq. Ötən dövrdə orta aylıq əməkhaqqı 2 dəfə artaraq 545 manatdan 1 mart 2026 tarixə artıq 1099 manat olub.

Qeyd olunan sosial islahat paketləri ilə sosial müavinət, təqaüd ödənişləri üçün ayrılan illik vəsaitdə 5 dəfə, ünvanlı yardımın hər ailəyə düşən orta aylıq məbləğində isə 2,4 dəfə artım olub. Bu sosial islahat paketləri yaşayış minimumunun da 65 faiz artırılaraq 173 manatdan ötən il 285 manata, ehtiyac meyarının 2,2 dəfə artırılaraq 130 manatdan ötən 285 manata çatdırılmasına imkan verib. 2026-cı il üçün isə yaşayış minimumu və ehtiyac meyarı 300 manatdır.

Elşad Məmmədov vurğuladı ki, sosial müdafiə xərclərindəki artım dinamikası daha çox nəzərə çarpır. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əhaliyə ödənişlər üzrə bu il üçün nəzərdə tutulan xərcləri (8 milyard 196 milyon manat) 2024-cü ilə nisbətən 1 milyard 534 milyon manat, 2025-ci illə müqayisədə isə 912 milyon manat daha çoxdur:

– Ölkəmizdə sosial müdafiə sisteminin inkişafı təkcə ödənişlərdəki artımlarla deyil, əhalinin məşğulluğunun, sosial təminatın, sosial xidmət və reabilitasiya sahələrində keyfiyyətin və xidmət istiqamətlərinin artırılması ilə də xarakterizə olunur. 2018-2025-ci illərdə 2,2 milyon nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktiv məşğulluq tədbirlərinə cəlb olunub ki, onlardan da 836 min nəfəri münasib işlərlə təmin edilib. 56 min nəfər isə peşə hazırlığına yönəldilib. Bununla da 2018-ci ilə nisbətən 2025-ci ildə işlə təmin olunanların sayı 3,6 dəfə artıb. İşsiz və işaxtaran şəxslərin öz kiçik biznesini quraraq əmək bazarına çıxışına mühüm dəstək olan özünüməşğulluq proqramına cəlb olunanların sayı 2,7 dəfə artaraq 100 mindən çox olub.

Dünya Bankı tərəfindən maliyyələşdirilən “Məşğulluğa dəstək” layihəsinin 1-ci fazası çərçivəsində 26,7 min şəxsin layihədən faydalanmasına baxmayaraq, növbəti mərhələdə (2025-2029) daha 30 min şəxs üçün kiçik bizneslərin qurulması nəzərdə tutulur.

Böyük Qayıdış proqramına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin artıq 9445 şəxsin məşğulluğu təmin olunub, o cümlədən 802 sakin özünüməşğulluq proqramı üzrə kiçik biznes qurub.

Keyfiyyətli və əlçatan sosial xidmətlərin göstərilməsi üçün mühüm amil olan sosial infrastruktur layihələri içərisində dövlət sosial xidmətlərini “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən təqdim edən DOST konsepsiyası əhəmiyyətli yer tutur. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST infrastrukturu 7 DOST Mərkəzi, 2 DOST filialı, “Smart DOST” xidmət məntəqəsi, 2 DOST məntəqəsi ilə paytaxt və bölgələrimizdə fəaliyyət göstərir.

Ölkəmizdə aparılan sosial islahatların mühüm istiqamətlərindən biri də dövlət sosial xidmətlər sisteminin rəqəmsallaşdırılmasıdır. Son illərdə nazirliyin xidmətlərindən 90 faizdən çoxu elektronlaşdırılıb, o cümlədən bir çox xidmətlər proaktivləşdirilib. Bu sahədə aparılan davamlı təkmilləşdirilmə işləri çərçivəsində isə mayın 1-dən daha 4 müavinət növünün də proaktiv qaydada təyin edilməsinə başlanacaq. Rəqəmsal dövlət xidmətlərinin vahid mərkəzləşdirilmiş sistemə keçidi məqsədilə görülən tədbirlər çərçivəsində “e-Sosial” mobil tətbiqi üzərindən rəqəmsal xidmətlərin “mygov” platformasına inteqrasiyası bu ayın sonunadək tam yekunlaşacaq.

Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin sosial sahəyə yüksək diqqət və qayğısı nəticəsində ölkəmizdə vətəndaş rifahının və məmnunluğunun təminatı, həmçinin sosial sahədə xidmətlərin innovativ əsaslarla daha da təkmilləşdirilməsi istiqamətində irəliləyişlər qarşıdakı dövrdə də uğurla davam etdiriləcək.

Mustafa KAMAL
XQ







Sosial həyat