Faşizm qurbanı olmuş azərbaycanlılara xatirə abidəsi

post-img

İkinci Dünya müharibəsi zamanı Almaniyanın hərbi əsir düşərgəsində həlak olan azərbaycanlı əsirlərin xatirə lövhəsinin açılışı olub. Bu dəfə mərasim Bergen-Belzen memorial kompleksinin hərbi əsirlər məzarlığında baş tutub.

Ölkəmizin Almaniyadakı səfirliyi tərəfindən Azərbaycan və alman dillərində hazırlanmış xatirə lövhəsinin açılışı münasibətilə Bergen-Belzen Memorial Kompleksinin tədqiqat və sənədləşmə departamentinin rəhbəri Akim Yah və Memorialın Beynəlxalq Məşvərət Şurasının üzvü Rolf Keller çıxış edərək xatirə lövhəsinin açılışının bu əsir düşərgəsində əzab çəkmiş və həlak olmuş azərbaycanlı hərbçilərin xatirəsinə ehtiramın ifadəsi olduğunu vurğulayıblar. Səfir Nəsimi Ağayev iki il əvvəl səfirlik tərəfindən Daxau, ötən il isə Zaksenhauzen əsir düşərgələrindən sonra Bergen-Belzen əsir düşərgəsində soydaşlarımızın xatirəsinə həsr olunmuş lövhənin açılışını mənəvi borcun yerinə yetirilməsi və tarixi hadisə kimi qiymətləndirib.

Çıxışlardan sonra xatirə lövhəsinin üzərindəki örtük götürülüb, əklillər qoyulub və həlak olmuş əsirlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Xatırladırıq ki, Bergen-Belzen hərbi əsirlər məzarlığında isə azərbaycanlı əsirlər də daxil olmaqla 19 min 580 sovet hərbi əsiri dəfn olunub.

XQ

Sosial həyat