Rəsmi Tehran Vaşinqtonla təmasları davam etdirmək niyyətindədir, amma...
İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığında bildirib ki, müharibə nə İranın, nə də ABŞ-ın maraqlarına uyğun deyil. Pezeşkian münaqişənin həlli üçün diplomatik yollara əl atmağın vacibliyini vurğulayıb.
“Müharibə heç kimin maraqlarına xidmət etmir və təhdidlərə qarşı mübarizədə gərginliyi azaltmaq üçün bütün rasional və diplomatik yollardan istifadə edilməlidir”, – o qeyd edib. Eyni zamanda, Pezeşkian ABŞ-İsrail münasibətlərində “etimadsızlıq və sayıqlığın” saxlanmasının vacibliyini vurğulayıb. Ş.Şərif isə öz növbəsində Pezeşkianı əmin edib ki, “Pakistan davamlı sülh və regional sabitlik üçün dürüst və səmimi vasitəçi roluna tam sadiqdir”.
İran rəhbərliyinin danışıqların 2-ci raundunda iştirak edəcəyi barədə məlumatı Pakistanın rəsmi mənbələri yayıblar. Onların məlumatına görə, İran nümayəndə heyəti aprelin 21-də İslamabada gələ bilər. Tehranın özü danışıqlarda iştirakını hələlik rəsmən təsdiqləməyib. İran nümayəndə heyətinin tərkibi olduğu kimi qalacaq: ona parlamentin spikeri Məhəmməd Bağır Qalibaf başçılıq edəcək, xarici işlər naziri Abbas Əraqçi də iştirak edəcək.
Yayılan xəbərlərdə qeyd olunur ki, ABŞ nümayəndə heyətinin çərşənbə axşamı və ya sonrakı günlərdə İslamabada gələcəyi gözlənilir. Danışıqların 1-ci raundunda olduğu kimi, bu dəfə də heyətə vitse-prezident Ceyms Devid Vens, ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff və prezidentin kürəkəni Jared Kuşner başçılıq edəcəklər.
“France 24” Pakistan təhlükəsizlik mənbəsinə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Pakistan ordusunun rəisi Asim Munirlə telefon danışığında dəniz blokadası ilə bağlı məsləhətini nəzərə alacağını bildirib. Mənbənin məlumatına görə, Munir bazar ertəsi Trampa bildirib ki, blokada İranla sülh danışıqlarına ciddi maneə ola bilər.
İran Amerikanın Pakistan vasitəsilə göndərdiyi təklifləri nəzərdən keçirir. İİR-in Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Beqai zənginləşdirilmiş uranın ABŞ-a ötürülməsi ilə bağlı iddiaları təkzib edib. O, “Tasnim” informasiya agentliyinə açıqlamasında bildirib ki, zənginləşdirilmiş uranın ABŞ-a verilməsi məsələsi danışıqların indiki mərhələsində müzakirə olunmayıb və əvvəllər də müzakirə predmeti olmayıb. XİN-in nümayəndəsi hazırda Hörmüz boğazının idarə olunması ilə bağlı İran parlamentində baxılan qanun layihəsinə də toxunub və qeyd edib ki, ölkənin bütün dövlət qurumları İran xalqının mənafeyini qoruyan üsul və mexanizmlər əsasında fəaliyyət göstərir. O əlavə edib ki, qanunun bəzi müddəaları Xarici İşlər Nazirliyi ilə razılaşdırılmaqla həyata keçiriləcək.
İsmail Beqai, həmçinin onu da qeyd edib ki, İran hərbçilərinin Hindistan gəmilərinə atəş açıb-açmaması məsələsi araşdırılır. O, iddia edib ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadası atəşkəs rejiminin pozulması kimi qiymətləndirilməlidir. Beqai, həmçinin bildirib ki, Pakistan İran və ABŞ arasında yeganə vasitəçidir: “Hazırda Pakistan İran və ABŞ arasında diplomatik prosesdə yeganə rəsmi vasitəçidir. Digər ölkələr təmasda olduğu və məsləhətləşmələr apardığı halda, vasitəçiliyin effektivliyi hər iki tərəfin öz öhdəliklərini yerinə yetirməsindən asılıdır”.
İ.Beqayi təsdiqləyib ki, rəsmi Tehran ABŞ-la danışıqların yeni mərhələsini keçirməyi planlaşdırmır. İran Xarici İşlər Nazirliyinin sözçüsü bu bəyanatı Əl-Cəzirə telekanalına istinadən yayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, İran danışıqlardan imtina edir, çünki ABŞ sazişin icrası zamanı onu pozub. O sözlərinə əlavə edib ki, Tehran ilkin diplomatik danışıqlar zamanı ABŞ-ın İrana hücumlarını unuda bilməz: “İran öz milli maraqlarını müdafiə etməyə davam edəcək. Amerikalılar İranı günahlandırmaq oyunu oynayırlar. Onlar konstruktiv rol oynamaq əvəzinə bu oyunu davam etdirirlər. Amma biz amerikalıların həqiqəti deyəcəyini gözləmirik, onlar həmişə bizi günahlandırırlar”.
“Tasnim” xəbər verir ki, bu arada İran Silahlı Qüvvələrinin Hatəmul-Ənbiya qərargahı bəyanat yayıb. Bəyanatda İranın ABŞ-ın ticarət gəmisinə hücumuna lazımi cavab veriləcəyi bildirilir. Qərargah bəyanatda qeyd edir ki, ABŞ xüsusi təyinatlılarının Oman dənizində İran ticarət gəmisinə açıq hücumundan sonra İran Silahlı Qüvvələri qəti şəkildə cavab verməyə hazır vəziyyətdədir. Lakin gəmidə ekipaj üzvlərinin ailə üzvlərinin də olduğu üçün İran onların həyatını qorumaq üçün zəruri tədbirlər görməyib. “Mövcud vəziyyəti nəzərə alaraq və gəmidə olan ekipaj üzvlərinin və onların ailələrinin təhlükəsizliyinə tam inam əldə etdikdən sonra İran Silahlı Qüvvələri ABŞ hərbi qüvvələrinə qarşı lazımi tədbirlər görəcək”, – bəyanatda deyilir.
Bu arada İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistanın xarici işlər naziri İshaq Dar arasında telefon danışığı olub. A.Əraqçi qeyd edib ki, Amerikanın İran gəmilərinə qarşı təhdidləri və Vaşinqtonun Tehrana qarşı “məntiqsiz tələbləri” “ABŞ-ın Fars körfəzindəki vəziyyətin nizamlanmasında ciddilik nümayiş etdirmədiyini təsdiqləyir”.
Eyni zamanda, İranın xarici işlər naziri vurğulayıb ki, Tehran “öz maraqlarını və milli təhlükəsizliyini qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək”. Bununla yanaşı, o, həmçinin regionda sülh və təhlükəsizliyin qorunması ilə bağlı məsləhətləşmələrin davam etdiriləcəyini təsdiqləyib.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Pakistan ordusunun rəisi Asim Munir ona İran limanlarının dəniz blokadasında hər hansı dəyişiklik etməyi məsləhət görməyib. Media daha əvvəl yazmışdı ki, Munir Trampa blokadanın İranla sülh danışıqlarına ciddi maneə olduğunu deyib.
“Münir blokada ilə bağlı mənə heç nə tövsiyə etməyib”. Bu sözləri Donald Tramp “The Hill”ə deyib. ABŞ lideri hesab edir ki, blokadanın İrana çox ciddi iqtisadi təsiri var: “Blokada çox güclüdür, olduqca güclüdür. Onlar (İran) bu blokadaya görə gündə 500 milyon dollar itirirlər. Hazırda Hörmüz boğazına biz nəzarət edirik, onlar yox”.
Eyni zamanda, İranın məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhseni-Ejei bəyan edib ki, Tehran danışıqlar zamanı əvvəlki tələblərindən əl çəkməyib: “Düşmən bizə danışıqlar təklif etdi və İslam İslam Respublikası öz tələblərindən bir zərrə belə geri çəkilmədi”.
Hazırladı:
İ.HƏSƏNQALA
XQ

