Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən bildirilib ki, “Startap” şəhadətnaməsi almış növbəti 16 sahibkarın 10-u Bakı şəhərində, 6-sı isə regionlarda fəaliyyət göstərir.
2026-cı ilin yanvar-mart aylarında 29 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən 16 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub.
Şəhadətnamə almış sahibkarların 10-u hüquqi, 6-sı fiziki şəxsdir. “Startap” şəhadətnaməsi almış biznes subyektləri istehsal və xidmət sektorlarında fəaliyyət göstərir, onlar e-ticarət və rəqəmsal marketinq, səhiyyə texnologiyaları, onlayn oyun istehsalı, səyahət və turizm xidmətləri, rəqəmsal ödəniş sistemləri və s. sahələrdə innovativ həlləri həyata keçirirlər.
Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. “Startap” şəhadətnaməsinin verilməsi, yaxud imtina edilməsi haqqında qərar KOBİA tərəfindən Ekspertlər Şurasının rəyi əsasında verilir.
XQ

