Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Suriya Ərəb Respublikasına 53,926 milyon ABŞ dolları dəyərində 160,472 milyon kubmetr (qaz halında) təbii qaz ixrac edilib.
Qeyd edək ki, 2025-ci il iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.
İmzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. 2025-ci il avqustun 2-dən etibarən isə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start verilib. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır.
Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1200-1300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.
XQ

