Beynəlxalq Valyuta Fondunun dərc etdiyi “World Economic Outlook” hesabatı dünyada iqtisadi mühitin yenidən gərginləşdiyini göstərir. Qlobal iqtisadi artım proqnozunun 0,3 faiz aşağıya doğru revisiya edilməsi, eləcə də neft ixrac edən ölkələr üzrə iqtisadi artım proqnozunun 2,6 faiz azaldılması dünya iqtisadiyyatında qeyri-müəyyənliklərin və risk amillərinin artdığını bir daha təsdiqləyir.
Əsas ssenari üzrə qlobal artım 2026-cı il üçün 3,1 faiz səviyyəsində proqnozlaşdırılır, 2027-ci ildə isə 3,2 faizə yüksəlməsi gözlənilir. Fond eyni zamanda vurğulayır ki, Yaxın Şərqdəki münaqişə enerji və əmtəə qiymətlərini, inflyasiya gözləntilərini və maliyyə şərtlərini sərtləşdirərək qlobal iqtisadiyyatın dayanıqlılığını sınağa çəkir.
Belə bir şəraitdə Azərbaycanın 2026-cı ilin ilk rübündə ÜDM-də 0,3 faiz azalma qeydə alınması, əslində, iqtisadi sistemin zəifləməsindən çox, xarici ağrılı təsirlərin daxili nəticəyə ötürülməsi kimi oxunmalıdır. Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi göstəricilərə əsasən, yanvar-mart aylarında ölkədə 29,703,2 milyon manatlıq ÜDM formalaşıb, sənaye istehsalı 0,2 faiz artıb, pərakəndə ticarət dövriyyəsi 3,7 faiz yüksəlib. Eyni dövrdə neft-qaz sektorunda əlavə dəyərin azalması, qeyri-neft sahələrində isə nisbi artımın davam etməsi iqtisadiyyatın daha çox bir neçə istiqamətə söykənməyə başladığını göstərir.
Daha mühüm məqam ondan ibarətdir ki, qeyri-neft ixracı artım xəttini qoruyur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın aprel sayına görə 2026-cı ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə ixrac 11,7 faiz artaraq 862 milyon dollara çatıb, ərzaq məhsulları üzrə ixrac 25,1 faiz artaraq 281 milyon dollar olub. Yanvar-fevral göstəricilərində də oxşar dinamika müşahidə edilir: qeyri-neft ixracı 19,7 faiz artıb, aqrar ixrac 34,6 faiz, aqrar-sənaye ixracı 22 faiz yüksəlib. Bu rəqəmlər Azərbaycanın ixrac strukturunda bazarların, logistikanın və istehsal zəncirinin tədricən şaxələnməsini də ifadə edir.
İqtisadi sabitliyin təkcə istehsalda deyil, institusional mühitdə də qurulduğu görünür. Yeri gəlmişkən, aprelin 10-da keçirilən İqtisadi Şuranın iclasında sahibkarlığın qarşısında duran maneələr, xüsusən tikinti və kommunal infrastruktura qoşulma, eləcə də sənaye sahəsindəki problemlər müzakirə olundu. Bu, dövlətin biznes mühitini yaxşılaşdırmaq üçün reaksiyadan daha çox, qabaqlayıcı idarəetmə xətti seçdiyini göstərir.
Paralel olaraq, Dünya Bankının “Business Ready 2025” hesabatı 101 iqtisadiyyatı əhatə edir. Azərbaycan isə həmin çərçivədə ilk dəfə qiymətləndirilib və Mərkəzi Bankın məlumatına görə, maliyyə xidmətləri komponentində 87,2 bal toplayaraq fərqlənib. Bu, biznes mühitinin rəqabət qabiliyyətini artırmaq üçün islahatların artıq beynəlxalq ölçüdə görünməyə başladığını göstərən əhəmiyyətli siqnaldır.
Azərbaycan iqtisadiyyatı qlobal təzyiqlərdən tam sığortalanmayıb, lakin daxili tələbin, qeyri-neft ixracının, institusional islahatların və investisiya mühitinin hesabına öz dayanıqlılığını qorumağa çalışır. Dünya Bankı 2026-cı il üçün Azərbaycanın iqtisadi artımını 2,0 faiz, IMF isə 2,2 faiz səviyyəsində proqnozlaşdırır. Hər iki göstərici yaxın perspektivdə ehtiyatlı optimizmin əsasını yaradır.
Bu mənzərədə əsas məsələ sürətin özü qədər, bu sürətin keyfiyyətidir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin məcmusu ölkədə sahibkarlığın inkişafını sürətləndirir, biznes mühitinin daha da əlverişli hala gəlməsinə təkan verir və dövlətlə özəl sektor arasında əməkdaşlığın dərinləşməsi üçün geniş imkanlar açır. Paralel olaraq, “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” üzərində iş aparılır və həmin sənəddə müəyyən ediləcək prioritetlər iqtisadi yüksəlişin daha keyfiyyətli və dayanıqlı mərhələyə keçidinə zəmin yaradacaq.
Eyyub KƏRİMLİ,
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri
Fondun “World Economic Outlook” hesabatında proqnozların aşağı salınması təsadüfi xarakter daşımır. Belə ki, hazırda qlobal enerji bazarlarında ciddi volatillik müşahidə olunur. Digər tərəfdən, qlobal təchizat və logistika zəncirlərində zəifləmə tendensiyası hiss edilir ki, bu da ümumi tələbin azalmasına təsir göstərir. Eyni zamanda, dünya üzrə maliyyə şərtlərinin sərtləşməsi prosesi sürətlənir. Bu amillər, xüsusilə neft ixrac edən ölkələr üçün həm qısamüddətli risklər yaradır, həm də uzunmüddətli struktur çağırışları aktuallaşdırır.
Azərbaycanın mövcud vəziyyəti də bu kontekstdə aydın görünür və artıq statistik göstəricilərdə öz əksini tapır. Neft hasilatının azalması ixrac gəlirlərinə təsir edir və bu, ölkə iqtisadiyyatının hələ də enerji sektorundan müəyyən dərəcədə asılı olduğunu göstərir. Bu baxımdan, yeni inkişaf strategiyası hazırlanarkən risklərin azaldılması məsələsi xüsusi diqqət mərkəzində saxlanılmalıdır.
Hesab edirəm ki, belə bir strategiyada üç əsas istiqamət düzgün müəyyənləşdirilməlidir. İlk növbədə, iqtisadiyyatın şaxələndirilməsi prioritet olmalıdır. Qeyri-neft sektorunun payı real iqtisadi göstəricilərlə artırılmalı, aqrar sahənin inkişafı sürətləndirilməli, emal sənayesi ilə inteqrasiya gücləndirilməlidir. Eyni zamanda, ixracyönümlü məhsul çeşidi genişləndirilməlidir.
İkinci mühüm istiqamət fiskal dayanıqlılığın gücləndirilməsidir. Bu, neft gəlirlərindən asılılığın azaldılması yolu ilə həyata keçirilə bilər. Neft Fondundan transfertlərin optimallaşdırılması, büdcə xərclərinin şəffaflığının artırılması, antisiklik fiskal mexanizmlərin tətbiqi və dövlət borcunun effektiv idarə olunması bu sahədə əsas alətlər kimi çıxış edir.
Üçüncü istiqamət isə insan kapitalının inkişafıdır. Təhsil sistemi əmək bazarının tələblərinə uyğunlaşdırılmalı, innovasiya və yeni texnologiyaların tətbiqi genişləndirilməli, ixtisaslı kadrların hazırlanmasına xüsusi önəm verilməlidir. Rəqəmsal iqtisadiyyatın inkişafı da bu kontekstdə prioritet istiqamətlərdən biri kimi çıxış etməlidir.
Bununla yanaşı, hər bir dövlət proqramının icrasında müəyyən çətinliklərin mövcudluğu da nəzərə alınmalıdır. İcra mexanizmlərinin yetərincə effektiv olmaması, institusional koordinasiyanın zəifliyi və ölçülə bilən nəticələrin çatışmazlığı əsas problemlər sırasındadır. Bu səbəbdən, yeni strategiyada konkret, ölçülə bilən hədəflər müəyyən edilməli, sektorlar üzrə aydın göstəricilər formalaşdırılmalı və güclü monitorinq sistemi qurulmalıdır.
Nəticə etibarilə, strategiyanın hazırlanması zamanı risklərin düzgün qiymətləndirilməsi, qlobal şokların – xüsusilə neft qiymətlərinin dəyişməsi, hasilatın azalması və geosiyasi gərginliklərin təsirlərinin öncədən nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə aparılan dərin təhlillər və sistemli yanaşma ölkənin iqtisadi dayanıqlılığını təmin edən əsas amillərdən biri olacaq.
Nurlan ABDALOV
XQ


