Bakı – Tbilisi: paytaxtlardan regiona uzanan nizam

post-img

Acarıstan – Naxçıvan xətti əməkdaşlığın submilli modelidir

Azərbaycanın xarici siyasətində Gürcüstanla münasibətlər, sadəcə, mehriban qonşuluq əlaqələri deyil, həm də regional təhlükəsizliyin təminində və qlobal iqtisadi layihələrin icrasında həlledici rol oynayan strateji müttəfiqlikdir. Bu tərəfdaşlıq illər keçdikcə daha da dərinləşərək, paytaxtlar səviyyəsindən regional müstəviyə uğurla inteqrasiya olunub.

Bu günlərdə Azərbaycanın Batumidəki Baş konsulu Fuad Əzizovun Acarıstan Muxtar Respublikası Ali Şurasının yeni seçilmiş sədri Tsotne Ananidze ilə keçirdiyi görüş sözügedən dinamikanın növbəti bariz təzahürüdür. Görüşdə həm parlamentlərarası, həm də bölgələr arasındakı iqtisadi-humanitar əlaqələrin dərinləşdirilməsinin prioritet istiqamət kimi müəyyən edilməsi ölkəmizin diplomatik nümayəndəliyinin ərazidəki aktiv siyasi rolunu təsdiqləyir.

İki ölkənin regionları arasında əməkdaşlığın inkişafında strateji qovşaq rolunu oynayan bu diplomatik mərkəz Azərbaycanın Cənubi Qafqaz və Qara dəniz regionunda artan nüfuzunun rəmzi kimi çıxış edir. Diplomatik missiyamız ölkəmizin maraqlarını Gürcüstanın qərb rayonlarında – Acarıstan, Quriya və İmeretidə yüksək səviyyədə təmsil etməklə tərəflər arasındakı dialoqun çevikliyini təmin edir. Xüsusilə regional müstəvidə separatizm təhdidlərinə qarşı vahid mövqedən çıxış etmək və ərazi bütövlüyü prinsiplərini qarşılıqlı dəstəkləmək baxımından bu siyasi koordinasiyanın rolu əvəzsizdir. Bu fəaliyyət, eyni zamanda, Azərbaycanın qonşu dövlətin daxili sabitliyinə və davamlı inkişafına verdiyi strateji önəmin göstəricisidir.

Cənubi Qafqazın müasir siyasi mənzərəsində diqqətçəkən əsas tendensiyalardan biri də məhz Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında formalaşan “submilli diplomatiya” modelidir. Ekspert dairələrində böyük maraqla qarşılanan bu əməkdaşlıq formatı submilli subyektlərin beynəlxalq münasibətlər sistemində daha fəal rol oynaya biləcəyini və strateji tərəfdaşlığı regional səviyyədə dərinləşdirdiyini nümayiş etdirir. Bu model təkcə siyasi bəyanatlarla deyil, həm də konkret layihələrlə dəstəklənir.

Bu ümumi fon daxilində Naxçıvan və Acarıstan arasında əlaqələr daha konkret və praktik məzmun kəsb edir. İlbəil genişlənən münasibətlər ticari-iqtisadi, səhiyyə və təhsil sahələrində ciddi potensial ortaya qoyur. Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında qurulan əməkdaşlıq, elmi-tədqiqat işləri və tələbə mübadiləsi proqramları təhsil sahəsində davamlı əlaqələrin formalaşmasına zəmin yaradır. Bununla yanaşı, səhiyyə sahəsində həyata keçirilən təşəbbüslər, o cümlədən Acarıstandan olan uşaqların Naxçıvanın unikal təbii müalicə mərkəzlərində (Duzdağ Fizioterapiya Mərkəzi) şəfa tapması humanitar əməkdaşlığın konkret təzahürüdür. Nəqliyyat sahəsində isə Naxçıvan və Batumi arasında nəqliyyat əlaqəsi regionlararası inteqrasiyanı gücləndirir, sosial və mədəni əlaqələrin intensivləşməsinə, qarşılıqlı turist axınının artmasına səbəb olur.

Mədəni-humanitar sahədə də regional əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Diplomatik nümayəndəliyimiz Azərbaycanın “yumşaq güc” strategiyasının əsas icraçısı kimi çıxış edərək, mədəniyyətlərarası dialoqun güclənməsinə töhfə verir. Acarıstanda yaşayan soydaşlarımızın milli kimliyinin qorunması, Azərbaycan dilinin tədrisi və onların yerli cəmiyyətə inteqrasiyası istiqamətində atılan addımlar Bakının regiondakı mənəvi nüfuzunu artırır. Hər il yüz minlərlə azərbaycanlı turistin bu bölgəyə səfər etməsi diplomatik iş yükünü artırmaqla yanaşı, xalqlararası ünsiyyəti dövlət siyasətinin bir hissəsinə çevirir. Batumi Dövlət Universiteti ilə qurulan sıx əlaqələr və mütəmadi keçirilən mədəniyyət günləri Azərbaycanı regionda təkcə enerji ixracatçısı deyil, həm də zəngin sivilizasiya mərkəzi kimi tanıdır.

* * *

Münasibətlərin praktik əsaslarını göstərən mühüm hadisələrdən biri də Acarıstan istiqamətində həyata keçirilən yüksək səviyyəli işgüzar səfərlərdir. Bu səfərlər zamanı regionun transmilli layihələrdəki rolu, Avropa–Asiya nəqliyyat dəhlizində mühüm qovşaq kimi çıxış etməsi və sənaye, turizm, xidmət sektorunda inkişaf potensialı geniş şəkildə təqdim olunub. Xüsusilə Batumi şəhərinin liman infrastrukturu, dəmir yolu bağlantıları və enerji marşrutları baxımından strateji mövqeyi vurğulanıb. Bu diplomatik missiyalar Azərbaycanın qlobal enerji və nəqliyyat strategiyasının birbaşa icrasına xidmət edir. Deyə bilərik ki, regiondakı Batumi və Poti limanları Azərbaycanın neft, qaz və qeyri-neft məhsullarının Avropaya çatdırılmasında əsas qapı rolunu oynayır. Bu çərçivədə SOCAR-ın irimiqyaslı investisiyalarına, o cümlədən Kulevi terminalının fəaliyyətinə göstərilən diplomatik dəstək mühüm əhəmiyyət kəsb edir. Kulevi Neft Terminalı və Batumi Limanı vasitəsilə həyata keçirilən tranzit əməliyyatları Azərbaycanın enerji müstəqilliyini regional iqtisadi hegemonluğa çevirir.

SOCAR-ın Acarıstan regionundakı aktivliyi, qazlaşdırma layihələri və sosial təşəbbüsləri Azərbaycanın Gürcüstan iqtisadiyyatındakı həlledici payını və humanitar məsuliyyətini göstərir. Proseslərin diplomatik himayəsini təmin etmək iqtisadi maraqların siyasi risklərdən qorunmasında həlledici filtr funksiyasını yerinə yetirir və Orta Dəhlizin təhlükəsizliyini zəmanət altına alır.

Gürcüstanlı siyasi ekspert Vüqar İsayev bildirdi ki, konsulluq Azərbaycanın Gürcüstanın qərb regionları ilə, xüsusilə Acarıstanla iqtisadi və humanitar əlaqələrinin koordinasiya mərkəzidir. Bu, “paytaxt diplomatiyası”ndan “regional diplomatiya”ya keçidin praktiki nümunəsidir. Onun fikrincə, Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında əməkdaşlıq bu modelin mühüm submilli komponentidir və “paradiplomatiya” anlayışına uyğundur. Onun sözlərinə görə, bu əlaqələr regionların təkcə daxili inkişaf aktoru deyil, həm də beynəlxalq münasibətlərdə fəal iştirakçıya çevrildiyini göstərir: “Batumi Port Azərbaycanın Orta Dəhliz strategiyası üçün vacib logistika qapısıdır və Naxçıvan–Batumi istiqamətində formalaşan nəqliyyat əlaqələri regionlararası inteqrasiyanı gücləndirir”.

V.İsayev vurğuladı ki, Azərbaycan–Gürcüstan əməkdaşlığı artıq regional təhlükəsizlik və enerji layihələri üzərində qurulmuş sabit sistemə çevrilib: “Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum və Bakı–Tbilisi–Qars layihələri bu strateji xəttin əsas dayaqlarıdır. Humanitar və təhsil sahəsindəki əlaqələr, o cümlədən universitetlərarası əməkdaşlıq və sosial təşəbbüslər bu münasibətlərin yumşaq güc elementini təşkil edir və uzunmüddətli etimad mühitini gücləndirir”.

Ümumiyyətlə, geosiyasi nöqteyi-nəzərdən bu əlaqələr Azərbaycan–Gürcüstan–Türkiyə üçtərəfli əməkdaşlıq formatının praktiki tətbiq sahəsidir. Batumidəki diplomatik nümayəndəliyimiz Azərbaycanın Qara dənizdəki geosiyasi varlığını hiss etdirməklə yanaşı, yerli hakimiyyət orqanları ilə birbaşa əlaqələr vasitəsilə operativ informasiya mübadiləsi imkanı yaradır. Bu əlaqələr regionların beynəlxalq münasibətlər sistemində fəallaşmasının göstəricisidir. Naxçıvan–Acarıstan əlaqələri isə Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının regional səviyyədə ən uğurlu təzahürüdür. Bu model ölkəmizin regiondakı uzunmüddətli strateji üstünlüyünü və iki xalq arasındakı sarsılmaz dostluğu təmin edən fundamental sütundur.

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət