Siyasət və süni intellekt

post-img

I MƏQALƏ

“Kosmotexnisizm”

Fəlsəfədə belə bir qəribə anlayış daxil ediblər. “Kosmotexnisizm” bütövlükdə dünyaya yeni texnologiyaların mahiyyətinə vardığı qlobal dünyanı ifadə etmək üçündür. Yəni hesab edirlər ki, artıq prinsipcə bəşər övladı özünü, yaşadığı cəmiyyəti, ölkəni və Kosmosu özünün yaratdığı texniki xarakterli “varlıqlar” vasitəsilə “görə bilər”. Əbəttə, xeyli yayğın və mücərrəd yanaşmadır (müəllifi Cənubi Koreya filosofu Yak Hueydir). Ancaq burada hər bir ölkə üçün düşündürücü olan bir məqam vardır.

İndi insanların böyük əksəriyyətinin adi məişət və iş həyatında kompüterlər, informasiya texnologiyaları (müxtəlif növ və ünsiyyət hüdudu olan telefonlar, smartfonlar və s.) və süni intellektin fərqli növləri (robotlar, kobotlar, kiborqlar, ChatGPT-lar, kreatorlar və s.) getdikcə daha fundamental anlamlarda yer tutmağa başlamışlar. Hətta gənclər arasında elə kəsimlər var ki, vurğulanan süni qurğular olmadan yaşamağı “geridə qalmışlıq” və “nadanlıq” kimi qəbul edirlər.

Təbii ki, bu proses insanın öz varlığı, yaşadığı cəmiyyətin kimliyi və bütövlükdə dünyanı qavramasında ciddi dəyişikliklər edir. Sanki insan özü hiss etmədən ekzistensiyasını yeni texniki qurğuların prizmasında və əhatəsində dərk edə bilir. O, ayrıca varlıq kimi düşünmək şansını getdikcə itirmiş kimi görünür.

Belə gedişat, şübhə yoxdur ki, insanın yaradıcılıq xüsusiyyətlərinə, onun aldığı nəticələrin xarakterinə və funksiyasına, dünya haqqındakı fikirlərinə böyük təsir edir. Hiss etmədən insan dünyaya bu “süni yeniliklər prizmasında” baxmağa məcbur qalır. Onun başqa yolu yoxdur – dünya texnika və texnologiyanın “gözü” ilə “dünyalaşır”. Buna görə də “kosmotexnisizm” heç də mənasız və məzmunsuz bir anlayış deyildir. O başqa məsələdir ki, həmin gedişat qlobal dünya və Kosmosu gələcəkdə necə görə biləcəyimizə aparıb çıxaracaq.

İnsan bu barədə də ciddi düşünür və artıq bir çox ümumi anlayışlar da daxil etmişdir. Məsələn, “Böyük Antropoloji keçid”, “sinqulyarlıq nöqtəsi”, “təbii və süni intellektin simbioz dünyası”, “robotların hökmranlığı dövrü” və s.

Bütün bunların fonunda hazırda gündəlik fərdi və sosial həyatda, daxili siyasətdə və xarici siyasətdə, beynəlxalq münasibətlərdə əhəmiyyətli yer tutan süni intellektin mümkün təsirlərinin nəticələri üzərində düşünmək zərurəti qarşıya çıxır. Belə demək mümkündür ki, bu artıq hansısa seçim deyildir, bir reallıqdır.

Təbii, yaxud süni reallıq?

Məsələnin maraqlı tərəfi də bu məqamla bağlıdır – necə reallıqdır? Onu nə tam təbii, nə də tam süni reallıq adlandırmaq olmur. Hər iki aspekt vardır. Üstəlik, təbiiliklə sünilik bir-biri ilə sıx qarşılıqlı əlaqədədirlər. Məsələn, fundamental elmi tədqiqatlarda süni intellekt olmadan keçinmək hardasa imkansız hala gəlmişdir. Hərbi texnikanın substantiv və funksional inkişafını yeni informasiya-kommunikasiya texnologiyaları və süni intellektsiz təsəvvür etmək mümkün deyildir. Strateqlər indi hərbi əməliyyatlarda süni intellekt təhlükəsini, onların insandan asılı olmayan idarəetmə imkanlarını dərindən anlamağa çalışırlar. Məşhur Henri Kissincer də həyatının son illərində belə qənaətə gəlmişdi: süni intellekt bütövlükdə bəşəriyyət və Kosmos üçün ciddi risklər yaratmağa başlamışdır. Dronların kollektiv fəaliyyəti və bir sıra hallarda avtonom əmrlərə tabe olması nəzarətdən çıxa bilən hadisə kimi qiymətləndirilməkdədir. Burada tibbin də nailiyyətlərini nəzərə almaq lazımdır.

Ölümsüzlük mümkündürmü?

Belə ki, indi nanomiqyasda elə tibbi əməliyyatlar edir, yeni kəşflərə imza atırlar ki, insanın özü-özünün genetik quruluşunu dəyişə bilmək imkanı meydana gəlmişdir. Kimya üzrə 2020-ci il Nobel mükafatı laureatları Cenifer Daudna və Emmanuel Şarpantye CRISPR/Cas9 genomunu redaktə etməyi (buna “molekulyar qayçı” texnologiyası da deyirlər) bacarmaqla tibb və biologiyada yeni mərhələnin başlanğıcını qoymuşlar. Onların kəşfi canlı varlığı gen miqyasında keyfiyyətcə dəyişməyə imkan verir. Məsələn, canlıların rəngləri dəyişir, bütövlükdə yeni görünüş ala bilir və ya insan QİÇS-ə yoluxmur. Lakin bu nailiyyətdən neqativ istifadə üçün də istifadə edə bilərlər. Buna görə də CRISPR/Cas9-dan istifadə qanunla məhdudlaşdırılmışdır. Hətta bir çinli alim ana bətnində olan qız uşağında QİÇS-ə heç zaman yoluxmayacağını göstərən gen dəyişikliyi etdiyinə görə həm külli miqdarda cərimələmiş, həm də həbsə atılmışdır. Nədən ehtiyat edirlər?

Məsələ xeyli dərəcədə məhz siyasətlə bağlıdır. Heç kəs zəmanət verə bilməz ki, elmin süni intellekt və nanomiqyasdakı nailiyyətlərindən hansısa hökumət və ya sistemxaric dairələr xüsusi məqsədlə istifadə etməyəcək. Deyək ki, “ölümsüz kiborqlar” yaradıb, onu hədəf seçilən ölkəyə yeritməklə ciddi sosial, mədəni, ekzistensial, mənəvi-əxlaqi, idarəetmə və digər problemlər yaratmaq fikrinə düşənlərin meydana gəlməsi istisna deyildir. İndi bir sıra siyasi və elmi dairələrdə pandemiyaların xüsusi gen əməliyyatı olduğu haqqında mövqelər KİV-də yayılır.

O cümlədən indi hətta böyük dövlətlərin liderləri belə çox uzun ömürdən və hətta ölümsüzlükdən bəhs edirlər. Təsəvvür edək ki, həmin iddiada olanlardan hansısa ölümsüz olmasa da, daha çox uzun illər yaşamaq şansı əldə etdi. O halda dünyanın aqibəti necə ola bilər? Özünü “ölümsüz” sayan lider dünyanı necə “ölümsüz” etmək xəttini seçəcək? Bu kontekstdə C.Daudna və həmkarının Nobel mükafatı xeyirdir, yoxsa şər?

Əlbəttə, bir elmi yenilik kimi xeyirdir, buna şübhə yoxdur və hansısa liderin “ölümsüzlük” eşqinə düşməsi də alimliyin məsələsi deyildir. Ancaq reallıq var: Eynşteyn dünyada yoxdur, lakin onun məsum elmi kəşfi dünyanı atom bombası ilə hədələməyə cəsarət edənlərə yardımçı olmaqdadır. Məhz bu, siyasətdir! Özlüyündə elm, alim və elmi kəşf antifəzilət deyildir, lakin hər bir konkret dönəmdə bir sıra dairələr bu məsumluğu özlərinin mənfur siyasi məqsədlərinə kölə edirlər! Hələlik bu mərəzdən bəşəriyyət xilas olmamışdır.

Deməli, hələ siyasətlə süni intellektin münasibətlərinin dərinlikləri tam açılmamışdır. Məsələnin Kainat miqyasında müasir anlamı da maraqlıdır.

Kainat necə yaranmışdır?

Kainatın yaranması mexanizmləri ilə əlaqəli çox düşündürücü və ən yeni elmi nəticələr müxtəlif jurnallarda dərc edilir. Həmin kəşflər göstərir ki, insanın yaradıcı imkanları çox geniş üfüqlərə və dərinliklərə təsir etmək səviyyəsinə çatmışdır. İnsan özünün yaratdığı süni intellekt vasitəsi ilə yaşamın bütün kriteriyalarını dəyişə bilər. Nümunə kimi, keçən il ABŞ alimlərinin ulduzların yaranması ilə bağlı aldıqları son nəticələri dərc etməsini göstərə bilərik. Həmin elmi nəticələrə görə, kosmosda ulduzlar və onların sistemlərinin yaranma mexanizmi ilə canlıların çoxalması oxşardır. Bütövlükdə, kosmosda ulduzlar buta formasında fraktal olaraq (yəni prosesin tərkib hissələri bir-birinə oxşar olur və hər bir hissə tamı fasilələrlə təkrar edir) meydana gəlirlər. Bu, mürəkkəb prosesdir və üzərində geniş dayanmaq bizim üçün çətindir. Onu vurğulayaq ki, alternativ izah istisna deyildir.

Aktual məsələlərdən biri “ən yeni elmi kəşflərdən xüsusi məqsədlərlə yararlanmağa çalışanların uğur qazanması hansı nəticələr verə bilər?” sualına cavab axtarışları ilə bağlıdır. Deyək ki, indi başqa planetlərdə həyat axtarışları intensivləşir. Onun hansı nəticə verməsindən asılı olaraq, ümumiyyətlə, insanın həyat haqqında təsəvvürləri tamamilə dəyişə bilər. Bu prosesin bəşəriyyətə təsiri məsələsinin nəticələri haqqında fikir bildirmək çətindir.

Bütövlükdə, bu cür faktların işığında siyasət və süni intellektin qarşılıqlı təsirləri çox ciddi problem kimi görünür. Yeni texnologiyalar sahəsində çox inkişaf etmiş ölkələrin liderlərinin ala biləcəkləri qərarlar bütövlükdə bəşəriyyətin taleyini müəyyən edə bilərmi? Və bunu öncədən heç kimsə bilməyə bilər! Bu neqativ gedişata hazırıqmı?

Onu vurğulayaq ki, süni intellektlə siyasət arasında iki aspektdə münasibətlər aktualdır. Birincisi, hər bir dövlətin süni intellekt siyasətidir. İkincisi, süni intellektin sosial, ictimai, mədəni, texnoloji və yaradıcı fakt kimi, ümumiyyətlə, ölkənin siyasi kursu fonunda özəlliklərinin dərkidir.

Dövlətin süni intellekt siyasəti

Adətən siyasətlə süni intelektin münasibətləri dedikdə dövlətin süni intellekt siyasətinin daxili mühitə və beynəlxalq miqyasda ölkənin təsirinin xarakterinə aid məsələləri nəzərdə tuturlar. Daxili mühitə təsir kontekstində, bir qayda olaraq, iqtisadi artımın təmin edilməsi üçün texnologiyaların inkişafının sürətlənməsi, vətəndaşların həyat keyfiyyətlərinin yüksəlməsi və milli təhlükəsizliyin möhkəmlənməsi nəzərdə tutulur. Bunun üçün süni intellektin inkişafının milli strategiyası da hazırlanır. Azərbaycanda həmin sənəd 2025-2028-ci illəri əhatə edir.

Vurğulanan kontekstdə dövlətin siyasəti ilə süni intellektin inkişafının əsas xüsusiyyətləri aşağıdakı müddəalarla bağlı götürülür.

Birincisi, strateji planlaşdırmadır.

İkincisi, tənzimləmə və etikadır (qanunvericilk bazasının yaradılması və süni intellekt etikası).

Üçüncüsü, idarəetməyə tətbiqdir (avtomatlaşdırma, proqnozlaşdırma və s.).

Dördüncüsü, infrastruktur və verilənlərdir (Big Data).

Beşincisi, prioritet istiqamətlərdir (səhiyyə, maliyyə, təhsil və s.).

Altıncısı, beynəlxalq əməkdaşlıqdır (qlobal təşəbbüslərdə iştirak, geosiyasətdə yüksək rəqabətliyi nəzərə almaq və s.).

Altı şərtin kompleks təsiri müxtəlif siyasi məqamları önə çəkir. O cümlədən, süni intellekt sferasında liderlik məsələsi xüsusi aktuallıq alır. Burada bir əlaməti mütəxəssislər həmişə vurğulayırlar.

ABŞ və “Asiya pələngləri”

Süni intellekt sferasında liderliyi adətən ABŞ və Qərb texnologiyaları ilə əlaqələndirirlər. Son illər isə Asiya ölkələrinin bu prosesdə daha aktiv iştirakı müşahidə edilir.

“Global AI Index”i üzrə 2024-cü il nəticələrində 2 Asiya ölkəsi – Çin və Sinqapur yer almışlar. Cənubi Koreya 6-cı yerdə göstərilmişdir, Hindistan isə ilk 10-luğa daxildir. Belə alınır ki, “Asiya pələngləri” süni intellektin inkişafında qlobal miqyasda getdikcə daha güclü təsir imkanları əldə edirlər. Bu da bütövlükdə həm Asiyada inkişafın tempini artırır, həm də həmin region dövlətlərinin qlobal geosiyasətdə nüfuzu yüksəlir.

Ancaq Asiya ölkələrinin süni intellektin inkişafında fərqli tempə malik olmaları tərəfi də unudulmamalıdır. Müqayisə üçün Sinqapurda iş yerlərinin 40 faizinin süni intellekt texnologiyaları ilə uyğunluq təşkil etdiyi halda, Laosda bu göstərici cəmi 3 faizdir. Bu da özlüyündə Asiya dövlətlərinin siyasəti ilə süni intellekt sferasında rəqabətlilik üstünlükləri arasında nisbəti müəyyən etməkdə çətinlik yaradır.

Burada başlıca məqam ondan ibarətdir ki, ümumi halda dövlətin siyasəti ilə süni intellektin inkişafının beynəlxalq miqyasda rəqabətliliyi arasında əlaqə kifayət qədər ciddi məsələdir.

Ayrıca, bu problemin Azərbaycan üçün vacibliyi yüksək dərəcədədir. Çünki Azərbaycan Cənubi Qafqazda bütün sferalarda çox aktiv addımlar atır. Buna görə də Azərbaycanda süni intellektlə dövlət siyasəti arasında nisbət milli ilə yanaşı, regional əhəmiyyət kəsb edir. O cümlədən, dövlət siyasəti – süni intellekt münasibətləri kontekstində əhəmiyyəti olan “əsaslandırılmamış informasiya” və ya “etibarsız, təsdiqlənməmiş informasiya (“misinformation”) və “dezinformasiya”nın (“disinformation”) məna fərqlərinin elmi izahı daha da aktual görünür. Bu məqam üzərində geniş dayanmaq lazım gəlir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Sosial həyat