Qiymət tənzimlənməsi nəqliyyat şəbəkəsinə yeni keyfiyyət gətirəcək

post-img

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib. Bildirilib ki, sosialyönümlülük baxımından ən optimal variant seçilməklə aşağıda qeyd olunan tariflərin tətbiqi məqsədəuyğun hesab edilib:

–müntəzəm şəhərdaxili (rayondaxili) av­tobus marşrutlarında sərnişindaşıma xidmət­lərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik müəyyən edilib. Bundan əlavə, metro nəqliyyatında sərnişin­daşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik, müntəzəm şəhərlərarası avtobus mar­şrutlarında sərnişindaşıma xidməti üzrə tari­fin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik olub.

– ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xid­mətlərinin tariflərinin yuxarı hədləri yenilə­nib. Lakin Bakı–Naxçıvan / Naxçıvan–Bakı istiqamətləri üzrə hava nəqliyyatı ilə ölkə­daxili sərnişindaşıma xidmətinin tarifində dəyişiklik edilməyib.

Beləliklə, bu qərarın qəbul edlməsini əsaslandıran səbəblərə gəldikdə, əvvəlki tariflər xidmət keyfiyyətinin artırılması, av­tobus parkının yenilənməsi və nəqliyyat va­sitələrinin daim saz vəziyyətdə saxlanmasına imkan vermirdi. Məhz bu səbəbdən də belə bir addım atılmasına zərurət yaranmışdı. 

Tariflərin yenilənməsi zamanı dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönüm­lülük nəzərə alınmaqla xidmət keyfiyyəti və müştəri məmnuniyyətinin artırılması, is­tehlakçı ilə xidmət göstərən tərəflərin ma­raqlarının uzlaşdırılması diqqət mərkəzində saxlanılıb. Bütün bunlarla yanaşı, xidmətin dayanıqlılığının və iqtisadi əlverişliliyin tə­min olunmasına, ölkədaxili sərnişindaşıma xidmətləri üzrə davamlılığın təmin edilməsi, keyfiyyətin yüksəldilməsi, habelə avtobus parklarının yenilənməsi, metro infrastruk­turunun genişləndirilməsinə mühüm önəm verilib. Nəhayət, gələcəkdə vətəndaşların ictimai nəqliyyatdan daha rahat istifadəsinə səbəb olan yeni sərmayələrin cəlbinə şərait yaradılıb, müntəzəm şəhərdaxili (rayondaxi­li) və şəhərlərarası avtobus marşrutlarında, metro nəqliyyatında tariflərin tətbiqində op­timal variantın seçilməsi əsas məsələlərdən biri olub.

Bakı–Naxçıvan / Naxçıvan–Bakı is­tiqamətləri üzrə hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətinin tarifində dəyişik­lik edilməyib. İşğaldan azad olunan ərazilər­də tikilən Füzuli və Zəngilan aeroportları da hava nəqliyyatı ilə ölkədaxili yeni tariflərlə vətəndaşların istifadəsi üçün açıq elan edilib.

Azərbaycanda “Avro-5” ekoloji standartı ilə istehsal edilən yanacağın, bərk məişət tul­lantılarının idarə olunması, ferrosilisium is­tehsalı sahəsinə verilən elektrik enerjisi üzrə xidmətlərin və bir sıra dərman vasitələrinin qiymətləri də tənzimlənib.

Yeri gəlmişkən, aidiyyəti beynəlxalq qurumlar və ictimaiyyət tərəfindən ekoloji mühitin qorunması, nəqliyyat emissiyala­rının azaldılması və daha təmiz nəqliyyat növlərinin təşviqi ilə bağlı çağırışlar artır. Azərbaycanda yanacağın keyfiyyətinin yük­sək standartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədilə neft emalı səna­yesində yenidənqurma və modernləşdirmə işləri həyata keçirilir, bu sahəyə investisiya xərcləri artır. Ölkəmizdə “Avro-5” standar­tına tam uyğun olaraq istehsal olunan dizel yanacağının və Aİ-92 benzininin maya dəyə­rinin yüksəlməsi bu məhsulların satış qiymət­lərinin artırılmasını zəruri edir.

Bununla bağlı Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 2024-cü il iyunun 29-da keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tən­zimlənib. Tarif (qiymət) Şurası Katibliyindən bu barədə verilən məlumat bildirilib ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə sa­tış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyənləşdirilib.

Dizel yanacağından istifadənin daha yük­sək ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə ben­zinlə dizel arasındakı qiymət fərqi azaldılıb. Qiymət dəyişikliyi enerji təhlükəsizliyinin dayanıqlılığını təmin etməklə yanaşı, yana­cağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz (CNG) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. Statistikaya əsasən, son illərdə Azərbaycana avtomobil idxalında elektrik mühərrikli avtomobillərin sayı artır. Yanacağın keyfiyyətinin yüksəldilməsi, öz növbəsində, nəqliyyat vasitələrinin təmirinə çəkilən xərclərin azaldaraq istismar müddə­tini uzadacaq. Yumşaq tarif keçidinə baxma­yaraq, psixoloji amil səbəbindən tarif tənzim­lənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcək.

Tarif dəyişikliyindən sonra da Aİ-92 mar­kalı avtomobil benzininin və dizel yanacağı­nın pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil. Əksər ölkələrdə artıq Aİ-92 markalı benzin istehsal olunmur və satılmır, dizelin daha yüksək ekoloji zərə­rinə görə istehlakının azaldılması məqsədilə qiyməti bahalaşdırılır. 

Dünya səviyyəsində böyük istehsalçılar “premium” markalı, elektrik və hibrid mühər­rikli avtomobillərin istehsalına keçidi sürətlə davam edir. Avropa İttifaqında benzin və ya dizel mühərrikli (karbon-neytral sintetik ya­nacaqla (e-yanacaq) işləyən avtomobillər is­tisna olaraq) yeni avtomobillərin istehsalı və qeydiyyatının dayandırılması istiqamətində tədbirlər həyata keçirilir.

*** 

Tarif (qiymət) Şurasının iclasında bərk məişət tullantılarının idarə edilməsi üzrə ta­riflərə də baxılıb.

Bərk məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması, ölkədə kommunal xidmətlərin yaxşılaşdırıl­ması istiqamətində mühüm önəm daşıyır. 

Ölkəmizdə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sahəsinə dövlət büdcəsindən subsidiyalar ay­rılır. Çünki bu sahə üzrə ödənişlər xidmətlə bağlı xərcləri qarşılamır. Həmçinin tariflərin aşağı səviyyədə olması bu sahəyə özəl sekto­run marağını azaldır.

Bununla əlaqədar olaraq daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün bərk məişət tullantılarının yığılması, daşın­ması və zərərsizləşdirilməsi xidmətləri üzrə texniki təchizat və zərərsizləşdirmə xidmə­tinin səviyyəsi nəzərə alınmaqla yeni tariflər təsdiqlənib. 

Bərk məişət tullantılarının yığılması və daşınması xidməti üzrə Bakı şəhəri üzrə əhali qrupu üzrə 1 nəfərə görə aylıq 1 manat (ƏDV daxil), qeyri-əhali qrupu üzrə 1 kubmetr üçün 15 manat və ya 1 ton üçün 68,30 manat (ƏDV daxil), bərk məişət tullantılarını zərər­sizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün 1 kubmetr üçün 3,60 manat və ya 1 ton üçün 16,40 manat müəyyənləşdirilib.

Digər regionlar üzrə əhali qrupu üzrə 1 nəfərə görə aylıq 0,70 manat (ƏDV daxil), qeyri-əhali qrupu üzrə 1 kubmetr üçün 12 manat və ya 1 ton üçün 54,60 manat (ƏDV daxil), bərk məişət tullantılarını zərərsiz­ləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün 1 kubmetr üçün 2,50 manat və ya 1 ton üçün 11,50 manat nəzərdə tutulub.

Qeyd edək ki, əhali istehlakçı qrupu ta­rifləri Rusiyada 9 manat/kub metr, Qazaxıs­tanda 2 manat/nəfər/ay, Gürcüstanda 1,6 manat/nəfər/ay, Belarusda 7-8,3 manat/kub metr təşkil edir. Qeyri-əhali istehlakçı qrupu tarifləri isə Rusiyada 16-20 manat/kub metr, Qazaxıstanda 7 manat/kub metr, Gürcüstanda 9,5 manat/kub metr, Belarusda 8,4-16,6 ma­nat/kub metr arasında dəyişir.

Yeni tarif tənzimləməsi dayanıqlı və key­fiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, dövlət büdcəsindən asılılığı azalda­caq, abonentlərin uçotunun və xidmət haq­larının yığımının təşkilini stimullaşdıracaq və özəl sektorun bu sahəyə marağını təşviq edəcək.

İclasda idxaldan asılılığın aradan qaldı­rılması, rəqabət qabiliyyətli məhsulların ixra­cının stimullaşdırılması üzrə dövlətin iqtisadi siyasəti nəzərə alınaraq, ferrosilisium isteh­salı sahəsinə verilən elektrik enerjisinin tarifi tənzimlənib. Alüminium sənayesində olduğu kimi bu sahəyə də gecə və gündüz tarifinin tətbiq ediləcəyi nəzərdə tutulub. 

Həmçinin iclasda yeni dövlət qeydiyyatı­na alınan 115 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiqlənib. Ticarət adı, farma­sevtik forması, təsiredici maddəsinin adı, do­zası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiqlənən dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi in­ternet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlar 2024-cü il iyulun 1-dən qüvvəyə minib.

Sosial həyat