Hayastan rəsmilərinin Türkiyəyə yalvarış teleqramları
II yazı
Hörmətli oxucu! XQ-nin Türkiyə müxbiri Qafar Çaxmaqlının qəzetin 30 iyun tarixli nömrəsində dərc olunmuş “Ermənilər tarxidən niyə dərs almırlar?” yazısında söhbət 1920-ci illərin əvvəllərində Ermənistan rəhbərliyinin Türkiyə ilə sülh müqaviləsi bağlamaq üçün qardaş ölkəyə yalvarış müraciətlər ünvanlamasından gedir. Bu gün məqalənin 2-ci hissəsini oxuculara təqdim edirik.
...1921-ci il martın 15-də Vratsyan hökuməti “türk məsələsini araşdırmaq üçün” Vətənin Qurtuluşu Komitəsi”nin xüsusi iclasını çağırdı. Həmin iclasda keçmiş baş nazirlər Kaçaznuni və Ohancanyan da iştirak edirdi.
Vratsyan həmin iclasda da qeyd edir ki, “bizim danışacağımız yeganə dövlət... Türkiyədir. Bizim onlarla Aleksandropol paktı əsasında danışmaq imkanımız var...Məncə, biz ancaq Aleksandropol paktı əsasında danışıqlara başlaya bilərik. Bu gün həmin paktın bütün aspektlərini qiymətləndirməyin vaxtı deyil. Ölkəmizi bu ağır vəziyyətdən xilas etmək istəyiriksə, nə qədər çətin və şərəfsiz olsa da, bu addımı da atmağa məcburuq”.
Kaçaznuni qeyd edirdi ki, “Aleksandropol müqaviləsi nə qədər ağır olsa da, hər şeyə görə, bizim ovaxtkı və bugünkü vəziyyətimiz heç vaxt imkan verməyəcək ki, daha əlverişli vəziyyət yaradaq. Mənə elə gəlir ki, bugünkü şəraitdə Aleksandropol paktı ilə bağlı müəyyən islahatlara getmək imkanı var... Ölkəmizdə baş verən son siyasi dəyişikliklərlə bağlı elə bir vəziyyət yaranıb ki, sanki türklərlə aramızda yaxınlaşma yaranıb, bu, daha çox mümkündür. Bu vəziyyətimiz və müstəsna varlığımız türklərin müttəfiq kimi geniş dəstəyini zəruri edir. O dəstək ilk növbədə xarici düşmənə qarşı olmalıdır”.
Vratsyan belə bir sual qoyurdu: “Biz bolşeviklərlə vuruşanda türk qüvvələrindən istifadə edəcəyik, ya yox? Əgər belədirsə, o zaman danışıqlara bu gün başlamalıyıq”.
Ordunun baş komandanı Kuro Tarxanyan o zaman vurğulayırdı ki, bolşeviklərə qarşı “biz öz qüvvələrimizlə uzun müddət mübarizə aparmağa acizik”. “Türkiyə qüvvələrindən istifadə etməliyik, ya yox? Mənə elə gəlir ki, biz bu qüvvələrin dəstəyinə üz tutmaq məcburiyyətindəyik”, -deyə o yekunlaşdırırdı.
Komitənin toplantısında Vahan Minaxoryan buna qarşı çıxır. Mübarizəmiz ruslara qarşı olsa, heç bir türk qüvvəsi bizi xilas edə bilməz”.
Müzakirə olunan fikirləri yekunlaşdıran Vratsyan aşağıdakı məqamları səsverməyə qoyur. Birincisi, türklərlə dostluq münasibətlərinə başlamaq, ikincisi, Aleksandropol paktını bu əlaqələrin əsası kimi qəbul etmək”.
Sonra Türkiyə Böyük Millət Məclisi Hökumətinin Xarici İşlər Komissarlığına, Ankaraya da aşağıdakı teleqramın göndərilməsi qərara alınır:
“Bolşevizm adı ilə Ermənistana girmiş yad boyunduruğundan xilas olan Ermənistan xalqı azad və müstəqil yaşamaq, qonşuları və ilk növbədə türk xalqı ilə ən yaxın dostluq münasibətləri qurmaq əzmi ilə doludur. Hökumətim ötən il dekabrın 2-də Aleksandropolda imzalanmış Ermənistan-Türkiyə paktında təsbit edilmiş sazişi və sonradan yaradılmış faktiki şəraiti Türkiyə ilə Ermənistan arasında normal və dostluq beynəlxalq münasibətlərinin qurulması üçün əsas hesab edir.
Türkiyə xalqına və öz azadlığı uğrunda mübarizə aparan Böyük Millət Məclisi hökumətinə ən gözəl hissləri aşılayaraq, iki ölkə arasında dostluq əlaqələrinin qurulması, siyasi və iqtisadi-ticarət əlaqələrinin başlanması məsələsində sərəncamınıza arxalanaraq hökumətim məsələnin həllini sürətləndirməyin ən uyğun yolunun şəxsi təşəbbüs olduğuna inanır”.
İmza: S.Vratsyan, Ermənistan hökumətinin Baş naziri və Xarici işlər naziri.
Görüşdə Kaçaznuni Ankaraya səfər etmək və danışıqları şəxsən aparmağa hazır olduğunu bildirsə də, sonra bu olmayıb. Qəmərli cəbhəsinin komandiri, Mşetsi dəstəsinin başçısı Smbat Vratsyana və Kaçaznuniyə türklərdən dərhal kömək istəməyi təklif ediblər.
Martın 18-də Vratsyan Ankaraya daha bir teleqram göndərərək onu Kemalistlərin Ermənistandakı nümayəndəsinə təhvil vermişdi.
“Türk Böyük Millət Məclisi Hökumətinin Şərq Cəbhəsi Komandanlığının nümayəndəsi Behaəddinə,
Hazırkı müraciəti təcili olaraq yüksək səlahiyyətli orqanınıza çatdırmaqdan və şəxsən sizə izah etdiyim kimi, erkən cavabı tezləşdirməkdən məmnun olardıq.
Öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan Ermənistanın bolşeviklərə qarşı mübarizəsi, fikrimizcə, təkcə Ermənistanın deyil, bütün Orta Asiya xalqlarının xeyrinədir. Bu səbəbdən Ermənistan mübarizəsi zamanı qonşularından kömək alacağına ümid edir və ilk növbədə türk xalqının həyati mənafeyi Ermənistanın bu mübarizədən qalib çıxmasını və müstəqil qalmasını tələb edir.
Bu qənaətə əsaslanaraq, Ermənistan hökuməti Türkiyə Böyük Millət Məclisi Hökumətindən hər iki xalqın qarşılıqlı faydası üçün ən qısa zamanda xahiş edir.
İrəvan cəbhəsindəki erməni hərbi əsirləri qaytarılsın. Müəyyən şərtlər daxilində Ermənistan ordusuna hərbi sursatlar, ilk növbədə Rusiyanın üçlüləli tüfəngi və ya türk mauzer patronları və ya Ross və Lebel sistemli tüfəngləri verilməsini təmin edin;
Bizə bildirin ki, Böyük Millət Məclisinin hökuməti Ermənistana hərbi yardım göstərməyi mümkün hesab edib-etmir və imkan daxilində bizə hansı həcmdə və qaydada və hansı müddətdə yardım göstərə bilər.
Ermənistan hökuməti bu müraciətlə Aleksandropol müqaviləsindən sonra yaranmış və bolşevik hakimiyyəti dövründə pozulmuş dostluq münasibətlərinə arxalanır.
İmza: hörmətlə Vratsyan, Ermənistan hökumətinin baş naziri”.
Göründüyü kimi, Ermənistanın başı sıxılanda Türkiyənin humanizmi, onun xoş münasibəti yadına düşür. Amma başqalarının təhriki ilə türkə ən böyük xəyanəti etməkdən çəkinmir.
Məgər 30 il Azərbaycan ərazilərini işğal altında saxlayarkən ermənilər belə “həlim” “sülhsevər” deyildilər. Eynilə 1918–1920-ci illərdə də Azərbaycan və Türkiyəyə zərbə vurmaq, qonşu ölkələrin ərazilərini işğal etmək üçün məqam gözləmiş və qonşulara savaş açmaq kimi risklərə də getmişdilər. Sonra isə bu tarixi sənədlərdə olduğu kimi, düşdüyü quyudan çıxmaq üçün türkün yardımına, onun humanizminə bel bağlamışdılar. Müasir dövrümüzdə də Ermənistan həminkidir, yalnız zaman dəyişib.
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri