VIII məqalə
İntellektual fəzilət
Azərbaycan liderlik təcrübəsində intellektual fəzilətliliyin siyasi şüurun kanonuna çevrilməsi mühüm hadisədir. Bu, müasir liderlikdə fəzilətliliyin, ümumiyyətlə, siyasi fəaliyyətin atributu keyfiyyətində olması deməkdir. Məsələnin bu aspekti postmüharibə dövründə liderliyin “Intelligent Foreign Policy” kontekstində araşdırılmasını aktual edir. Bunun səbəbi postmüharibə dövrünün bir sıra geosiyasi, siyasi və diplomatik xüsusiyyələri ilə bağlıdır.
Postmüharibə mərhələsi inkişaf, quruculuq və əməkdaşlıq dövrü kimi təsəvvür edilməlidir. Azərbaycan Vətən savaşında qazandığı uğurla, bütövlükdə, regional və multiregional miqyaslarda dövlətlərarası münasibətləri yeniləşdirdiyindən bu tələbə cavab verən liderlik nümunəsini yaratmalıdır. XXI əsrin üçüncü onilliyində yalnız tərəqqi, quruculuq və təhlükəsizliyə xidmət edən liderliyin reallaşması mürəkkəb bir prosesdir. Üstəlik, həmin siyasət “Intelligent Foreign Policy” səviyyəsində aparılmalıdırsa, ikiqat çətin situasiya meydana çıxır. Burada son dərəcə dərin və peşəkar fəaliyyətlə incəliyi uyğunlaşdırmaq, həssas situasiyaların neqativ yöndə inkişaf etməsinin önünü kəsmək çox vacibdir. Məhz buna görə postmüharibə dövründə yüksək rasional-məntiqi aspektlə intellektual fəzilətliliyin harmoniyası zəruridir. Fəzilətli siyasi zəkavilik yüksək rasionallğın və məntiqi ciddiyyətin liderliyin qeyri-konstruktiv müstəviyə deqradasiya etməsinin qarşısını alır. Burada liderin hər bir addımında fəzilətli olması şərti ön plana çıxır. Postmüharibə dövründə uğurlu liderliyin perspektivi bu məqamdan xeyli dərəcədə asılıdır.
Bunlarla yanaşı, postmüharibə dövründə uğurlu “Intelligent Foreign Policy” üçün əhəmiyyəti çox olan bir sıra faktorların meydana gəlməsi, bu liderlik nümunəsini yaradıcı inkişaf etdirmək tələbini ortaya qoyur. Prezident İlham Əliyev postmüharibə dövründə uğurlu liderlik nümunəsini eksklüziv olaraq, praktiki fəaliyyətdə yaradır. Bu, dinamik prosesdir. Aspektləri və istiqamətləri çoxdur. Onların sistem halında təzahürü bütövlükdə eksklüziv “Intelligent Foreign Policy”ni təmsil edir.
Eksklüziv “Intelligent Foreign Policy”
Bu, liderlikdə çox maraqlı fenomendir. Sürətlə dəyişən mühitdə yüksək zəka səviyyəsində nəticəverici siyasi kurs yaratmaq və eyni zamanda, həyata keçirmək güclü kreativlik tələb edir. Burada kreativliyin anlayışının hansı anlamda işlədildiyini izah etmək zəruridir. Çünki bizim eksklüziv “Intelligent Foreign Policy” kontekstində işlətdiyimiz kreativliyin anlamı onun fəlsəfi və ümumi siyasi-nəzəri dərkindən bir qədər fərqlənir. Kreativlik istedad, yaradıcı proses, müəyyən kontentin yaradılmasını və ya bu prosesin nəticəsini ifadə edə bilər. Zəkavi xarici siyasətdə bu aspektlərin hər biri mövcud ola bilər. Lakin konkret situasiyalarda kontentin yaradılması ön plana çıxa bilər. Deməli, eksklüziv siyasi kreativlik özündə iki faktoru ehtiva edir – yaradıcı prosesin predmetləşmiş nəticəsi və konkret kontentin yaradılması. Siyasi kontent həmin anlamda liderin nitqini, özünüifadə formalarının cəmini, ümumilikdə isə uyğun mühitin yaradılmasını əhatə edir. Eksklüziv zəka siyasətində uyğun mühitin kontent (əsas məzmun) kimi yaradılması aparıcı faktordur.
Bu o deməkdir ki, lider sürətlə dəyişən geosiyasi mühitdə predmetləşmiş yeniliklər (reklam, layihələr, platformalar, proqramlar və s.) yaratmaqla yanaşı, müxtəlif istiqamətlərdə elə mühit formalaşdırmalıdır ki, özünün siyasi kursunun uğurlu olması üçün fayda versin. Postmüharibə dövründə problemin də ən çətin tərəfi bununla bağlıdır. Çünki, lider eyni zamanda çox sayda komponenti olan mürəkkəb bir mühitdə uğur formulunu dəqiq müəyyən etməlidir. Özü də məsələ uğurlu olmaq üçün uyğun mühitin əsas məzmun (kontent olaraq) yaradılmasından ibarətdir.
Siyasi kreativlik və kontent
Siyasi kreativliyin bu anlamını bir qədər sadə dildə ifadə etməyə çalışaq. Postmüharibə mühitində liderin siyasi kreativliyi yalnız irəli sürdüyü təbliğat, təşviqat, proqramlar, layihələr, əməkdaşlıq platformaları ilə məhdudlaşmır. Daha önəmlisi, siyasi fəaliyyət təsirinin maksimum hüdudları daxilində liderliyi bütün aspektlərində uğura apara biləcək mühitin yaradılmasıdır. Bu, artıq zəka səviyyəsində sistemli, əhatəli və çox sayda faktoru birləşdirə biləcək siyasət tələb edir. Belə çıxır ki, postmüharibə dövründə xarici siyasəti zəka səviyyəsində aparmaq birbaşa yeni siyasi elementlər (proqram, layihə, platforma və s. formasında) yaratmaq qabiliyyəti ilə yanaşı, liderin təsir dairəsi hüdudları daxilində uyğun mühiti (əsas məzmun kimi siyasi kontenti) yarada bilmək bacarığını da tələb edir. Bu iki faktorun zəkavi miqyasda funksionallığı xarici siyasət kursunu xarakterizə edə bilər.
Siyasi-nəzəri olaraq burada ümumi mənzərə aşağıdakı kimi formalaşır: “Intelligent Foreign Policy”nin adekvat dərki müasir fəlsəfi və elmi idrak üçün əsas araşdırma strategiyalarından olan “fon-fiqur” vəhdəti prizmasında mümkündür. XX əsrin ikinci yarısında ingilis alimi Con Spenser Braunun “forma” məntiqində ifadəsini tapmış həmin dərketmə strategiyası özlüyündə çox mürəkkəb məzmun və mahiyyətə malikdir. Lakin həmin məntiq XX əsrin sonları və XXI əsrin əvvəllərində hər bir yeni sosial, siyasi, iqtisadi, mədəni və s. proseslərin adekvat dərki üçün başlıca idraki vasitə kimi qəbul edilir.
“Intelligent Policy”nin kodları (“memlər”i)
Bizim qənaətimizə görə, İlham Əliyevin nümunəsində “Intelligent Foreign Policy” məhz ən yeni siyasi liderlik fenomenidir və onun adekvat fəlsəfi, siyasi-nəzəri, kulturoloji, ideoloji və s. dərki ən yeni fəlsəfi və siyasi-nəzəri idrak strategiyaları çərçivəsində baş tuta bilər. Mövqeyimizi daha konkret və sadə üsulla ifadə edə bilmək üçün “Intelligent Foreign Policy” üçün əhəmiyyəti olan daha iki anlayışı daxil etməliyik. Onlar liderin fəaliyyət müstəqilliyi və məqsədyönlülüyüdür. Məsələnin məğzi uğurlu siyasi kontent yaratmaq və həm də geniş geosiyasi mühitdə bunu etmək üçün xüsusi zəkavi keyfiyyətlərə malik olmağı tələb edir.
Liderin siyasi fəaliyyətdə yeni təşəbbüslərinin (əməkdaşlıq platformaları, inkişaf proqramları, təhlükəsizliklə bağlı təşəbbüsləri, regional və regionlararası inteqrasiya naminə irəli sürülən rasional layihələr və s.) substantiv aspekti ilə onların reallaşması üçün uyğun mühitin (sosial, siyasi, ideoloji, diplomatik, mədəni, geosiyasi, iqtisadi) yaradılması vəhdət təşkil etməli, ahəngdar olmalı, bir-birini tamamlamalıdır. Bunu fəlsəfi ümumiləşdirsək, məsələni “fon-fiqur” vəhdəti kimi təsəvvür edə bilərik. Yəni “fon” liderin yaratdığı uyğun sosial-siyasi-geosiyasi-mədəni-təhlükəsizlik-ideoloji xarakterli mühitdir, “fiqur” isə liderin zəka səviyyəsində irəli sürdüyü və çox müxtəlif sferalara aid konkret platformalar, layihələr, proqramlardır. Bu iki istiqamətin qarşılıqlı əlaqəsində liderin zəkavi fəaliyyətinin substantiv aspekti ilə funksional aspekti vəhdət (harmoniya, ahəngdarlıq) təşkil etməlidir.
Deməli, “Intelligent Policy” yeni liderlik nümunəsi kimi özünün ən müasir idraki əsaslarına malikdir və onların prizmasında adekvat dərk oluna bilər. Bu məqamda liderlik fəaliyyətinin müstəqilliyi və məqsədyönlülüyü çox vacib politoloji faktorlar kimi özünü göstərir. İdeya ondan ibarətdir ki, özlüyündə “fon-fiqur” yanaşması “İntelleginet Policy” fenomeninin praktiki liderlik fəaliyyətinə çevrilməsini təmin etmir, yalnız müvafiq idraki strategiya yarada bilir. Konkret zəkavi liderlik nümunəsi üçün fəaliyyət, düşünənləri reallaşdırmaq potensialı, bəlkə də “liderlik ekosu” gərəkdir. Bu keyfiyyətdə iki başlıca faktor kimi liderlik fəaliyyətində müstəqilliyi və məqsədyönlülüyü götürməyə üstünlük veririk.
Belə çıxır ki, real “Intelligent Policy” liderin müstəqil və məqsədyönlü fəaliyyət göstərə bilməsini tələb edir. Əgər lider fəaliyyətində müstəqil deyilsə, avtomatik olaraq “fon-fiqur” idraki konstruksiyası pozulur, süniləşir və praktiki kontekstdə səmərəsiz, nəticəsiz olur. Məqsədyönlülük isə zəka səviyyəsində liderin öncədən siyasi diaqnoz əsasında etdiyi proqnostik qənaətlərdən yaratdığı başlıca hədəfə çatmaq üçün lazımdır. Əgər bu hədəf yüksək sürətlə dəyişən geosiyasi, siyasi, iqtisadi, mədəni və təhlükəsizlik mühitində tez-tez “gözdən yayınarsa” və bu mənada hədəfdən çıxarsa, “Intelligent Policy” tam mənasında alına bilməz.
Bundan başqa, nəzərə almaq lazımdır ki, “fon-fiqur” idraki və feili fəaliyyət strategiyası liderin (“fiqur”) daim uyğun mühit (“fon”) yaratmasını tələb edir. Faktiki olaraq, burada liderliyin yeni siyasi, geosiyasi, iqtisadi, mədəni, təhlükəsizlik və s. dəyərlər (bunlar yeni “memlər” də ola bilər) yaratmasından söhbət gedir. Biz burada fəlsəfədə, sosiologiyada, kulturologiyada, analitik psixologiyada və liderologiyada işlədilən “mem” anlayışına konkret məzmun veririk.
Bizim bu mövzuya yanaşmamızda “liderlik memi” yeni liderlik kodlarıdır. Problemin bu cəhəti də çox aktual və əhəmiyyətlidir. Çünki söhbət faktiki olaraq yeni tarixi mərhələdə “İntellegent Policy” kontekstində yeni zəkavi və uğurlu liderlik nümunəsinin baza elementlərindən, dəyişməz faktorlarından, yəni “memlər”dən gedir. Düşünürük ki, mövzunun bu aspekti İlham Əliyevin liderlik nümunəsində dərindən fəlsəfi və politoloji kontektslərdə araşdırılmalıdır.
Yekun
Vurğulanan məqamların əsasında postmüharibə dövrü İlham Əliyevin “Intelligent Foreign Policy” nümunəsinin ümumi fəlsəfi və politoloji özəlliklərinin bir qismini müəyyən etmək mümkündür. Həmin kontekstdə “postmüharibə dövrü” birbaşa inkişaf paradiqmasına əsaslanan və hər hansı müharibə situasiyasını istisna edən, regional və regionlararası miqyaslarda sülh, əməkdaşlıq, qarşılıqlı faydalı və təhlükəsiz əlaqələrə üstünlük verən zaman kəsimi kimi dərk edilir.
İlham Əliyevin həmin şərtlərdə liderlik fəaliyyəti mahiyyətcə “Intelligent Policy” kimi qiymətləndirilə bilər. Onun konkret substantiv və funksional özəllikləri mövcuddur. Onlar ən müasir fəlsəfi və elmi idrak strategiyası olan və C.Braunun “forma” məntiqinə əsaslanan “fon-fiqur” idrak strategiyasına dayanan faktorlardır. Substantiv aspektini İlham Əliyevin lider kimi təşəbbüsləri olaraq əməkdaşlıq platformaları, inkişaf proqramları, təhlükəsizliklə bağlı təşəbbüsləri, regional və regionlararası inteqrasiya naminəsi, irəli sürülən rasional layihələri və s. təşkil edirlər. Funksional apsekti isə özündə vurğulanan substantivlik elementlərinin reallaşmasını feili fəaliyyətdə təmin edən uyğun sosial, siyasi, ideoloji, diplomatik, kültürəl, geosiyasi, iqtisadi mühitin yaradılmasını ehtiva edir.
Nəhayət, yeni tarixi mərhələ üçün İlham Əliyevin nümunəsində “Intelligent Policy”nin substantiv və funksional aspektlərinin praktiki müstəvidə sintezini təmin edə bilən mexanizmlər qismində liderin müstəqil və məqsədyönlü fəaliyyəti zərurət kimi qəbul ediməlidir. Onu da mütləq vurğulamaq gərəkdir ki, İlham Əliyevin zəkaya əsaslanan xarici siyasət nümunəsi eksklüziv olaraq formalaşır. Bu da problemin təhlilinə xüsusi dinamizm, açıqlıq və qeyri-xəttilik verir.
Sonda onu deyək ki, İlham Əliyevin “Intelligent Policy” nümunəsinin substantiv, funksional və təminedici mexanizmlərin sistemi kimi daha dərin, detallı və əhatəli araşdırılması çox vacibdir. Bu, başqa silsilə araşdırmaların idraki hədəfi olmalıdır.
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru