Oyun içində oyun

post-img

Elçinin “Şekspir” tamaşası üzərində qeydlər

Xalq yazıçısı Elçinin dram əsərləri rejissor üçün sonsuz imkanlar açan, onun təxəyyül və fantaziyasını körükləyən, rejissoru axtarışlara sövq edən məqamlarla zəngindir. Təfəkkürümüzü qəliblərdən, vərdiş qandallarından xilas etməyə çalışan bu pyeslərin hər birinin səhnə taleyi uğurlu olub, hər rejissor bu meydanda öz gücünü sınayıb, bu energetik dalğa aktyorları da öz cazibə qüvvəsində saxlamağı bacarıb. 

Elçinin dramaturgiyası janr baxımından çox­şaxəli və zəngindir. O, dramaturgiyamızda yeni janrlar – pyes-pritça, dramatik povestlə yanaşı, ənənəvi janr formalı dram, komediya (tragikome­diya) və faciə janrlarında dəyərli əsərləri ilə səhnə­mizi zənginləşdirmişdir. Elçinin pyesləri Azərbay­can dramaturgiyasında yeni mərhələdir. 

Bu baxımdan, yazıçının dünyanın bir çox ölkələrində səhnəyə qoyulmuş “Şekspir” dramın­da bir ruhi xəstəxananın divarları əhatəsindəki xəstələrin daxili aləmi müxtəlif hadisələr vasitəsilə açılır. Obrazlar öz təxəyyüllərindəki dünyada yaşa­yırlar və bu dünyanın içində də bir Şekspir dünyası var. Yer planetini müharibələrdən qorumaq üçün Şekspirin əsərlərinə ehtiyac var. Bəşəri fəlakət­lərdən xilas yollarını xəstələrə məhz sənət əsər­ləri göstərir. Hamının dəli kimi baxdığı, başqa bir planetdən gəldiyini iddia edən bu insanlar bəşə­riyyəti xilas etməyin yollarını nişan verirlər. Əsər həm də bu mesajı verir – insanlığın nicatı göydə deyil, yerdədir, insanı elə insanın özü xilas edə bilər. Tamaşaçı bu nəticəyə gəlir. Dramaturq tarixi şəxsiyyətlərin (Stalinin, Sara Bernarın) iç dünyası­nı, mənəvi təbəddülatlarını dəlilərin diliylə açır və səhnəyə gətirir. 

Bir çox səhnələri dolaşmış “Şekspir” əsəri, nə­hayət, Bakı Bələdiyyə Teatrında Xalq artisti Məra­him Fərzəlibəyovun yeni quruluşunda səhnələş­dirilib. Rejissor əsərə tamamilə fərqli prizmadan yanaşıb. “Şekspir” dünyanın bir çox ölkələrində səhnəyə qoyulub, müxtəlif rejissorlar bu əsərə fərqli yöndən yanaşıblar, müəllifin fikrinə, məqsə­dinə maksimum dərəcədə yaxınlaşmağa çalışıb­lar. Fərzəlibəyovun quruluş verdiyi tamaşa isə insanla dünya arasındakı oyun üzərində qurulub. Beləliklə, teatr səmasındakı göyqurşağına yeni rənglər, çalarlar əlavə olunur. Ruhi-əsəb klinika­sındakı xəstələr özlərinin qurduqları xəyali dün­yada yaşayırlar və xoşbəxtdirlər. Səhnədə daim yellənməkdə olan saat kəfkiri dünyanın modelidir. Yox, belə getsə, simvollar meşəsində aza bilərik. Yaxşısı budur, rəmz və işarələrin dilini rejissorun vasitəsilə açaq. 

Tamaşanın premyerasından sonra Mərahim müəllimlə görüşdük və ayaqüstü söhbət elədik. Əlbəttə, onunla mütəmadi görüşlərimiz zamanı “Şekspir”i hazırladığını mənə demişdi və tamaşa ilə bağlı bəzi fikirlərini də bölüşmüşdü. Fərzəlibə­yov sənətə öz estetik platformasını gətirmiş, oriji­nal teatr anlayışı yaradan rejissorlardandır. Onun üçün teatr həyatın yenidən yaradılması, yaxud bərpa olunması deməkdir. “Şekspir” tamaşasını hazırlayarkən əsərin fəlsəfi ideyası barədə birlikdə xeyli söhbətlərimiz olmuşdu və mən onun düşün­cələrində intensiv axtarışların nüanslarını görür­düm. Tamaşaya baxdıqdan sonra isə məni düşün­dürən sualları ona vermək fürsətini qaçırmadım. Səhnədə, tamaşanın vizual səhnə tərtibatında on oyun zəri görünür. Bu zərlərin hansı anlam daşı­dığını soruşdum. Mərahim müəllim belə bir izah verdi: “Əsərdə beş ağıllı (həkim personalı) və beş dəli (pasientlər) var, nəticə budur ki, dünya insan­larla, insanlar isə dünya ilə oyun oynayır. Tamaşa­çı səhnədə böyük oyuna şahidlik edir, dünya və insanlar arasında gedən bu oyunda udan, uduzan tərəf varmı? Elçin müəllim bu əsəri bütün zaman­lar üçün yazıb”.

Tamaşa xoşbəxtliyə can atan tənha insanların ağlagəlməz üsullarla həyatdan zövq almaq üçün göstərdikləri səylərdən bəhs edir. Səhnənin orta­sında saat kəfkiri aramsız olaraq yellənir, bu saat dünyanı simvolizə edir və tamaşanın ideya-bədii həlli üçün rejissor tərəfindən tapılmış uğurlu de­taldır. Baş həkim (İlqar Musayev) dəlilərə həsəd aparır, onlar öz xəyali dünyalarında xoşbəxtdirlər və arzularının gerçəkləşəcəyinə inanırlar. Baş hə­kim pasiyentlərinin ağıllı fikirlərinə o qədər inanır ki, o da onlar kimi xoşbəxt olmaq istəyir. Lakin bu mümkün deyil. O, ürəyindəki qürur nöqtəsini tapa bilmir, yeknəsək həyatına rəng qatmağı bacarmır. İstedadlı aktyor İlqar Musayev xarakterik rollar ifa­çısı kimi tanınır və bu tamaşada da potensialını ortaya qoyur, baş həkimin daxili sarsıntılarını qa­barıq ştrixlərlə canlandırır. 

Əməkdar artist Hüsniyyə Mürvətovanın can­landırdığı Sara Bernar obrazı kamerton kimi situ­asiyanı sanki tənzimləyir, tamaşaya lirik-sentimen­tal çalar qatır. Hüsniyyə Mürvətova özünəməxsus ecazkar plastikası olan aktrisadır və fərqli qadın xarakterləri yaratmaqla daxili imkanlarının geniş­liyini hər dəfə sübut edir, heyrətləndirməyi bacarır. 

Stalin obrazının ifaçısı Rəşad Kəsəmənli öz rolunun öhdəsindən bacarıqla gəlir. Milyonlarla in­sanın qanını tökmüş diktator tamaşaçılar qarşısın­da diz çöküb törətdiyi cinayətlərə görə üzr istəyir, bağışlanmağı üçün yalvarır. Dünyanı barmağına dolayan Stalinin qoltuğundakı qlobus acı gülüş doğurur. 

Zülfiyyə Qurbanovanın yaratdığı ər-arvad ob­razı şəxsiyyətin ikiləşməsinin bariz nümunəsidir. Aktrisa səhnədə vizual metamorfozanın öhdəsin­dən sənətkarcasına gəlir, isterik məqamları inan­dırıcı boyalarla təqdim edir və haqlı olaraq tama­şaçı rəğbəti qazanır. 

Tural Əhmədin Drob-13-ü son dərəcə dinamik­dir, o, başqa planetdən gəldiyini zənn edir, polislər onu tutub ruhi xəstəxanaya gətiriblər, şəxsiyyət vəsiqəsi isə yoxdur. Bu tip xəstələrin sənədinin olmaması onların psixoloji atributudur. Drob-13-lə Sara Bernarın dialoqları tamaşaya xüsusi tempe­rament qatır. Onları güdən həkim münasibətlərinə mane ola bilmir. 

Veneralı demişkən, “bu planetin işlərindən baş açmaq çətin məsələdir”. Toğrul Rza səhnədəki passiv duruşu ilə belə nəzərləri öz üzərinə fokus­lamağı bacarır. Veneralı son dərəcə əhəmiyyətli obrazdır, o, daim özgə planetdən kiminsə gələcə­yini gözləyir, binokl daim əlindədir. O, xilas yolunu naməlum məchulluqda – göylərdə axtarır. 

Sonda personajların əlində Şekspirin kitabları­nı görürük. İllüziyalar ifşa olunur; başqa planetdən kimsə gəlib dünyamızı xilas etməyəcək. Yaşadığı­mız dünyadan gözəli yoxdur və insanlar Yer pla­netini qorumalıdır. Bunun üçün dahilərin zəkasına arxalanmalıyıq, bəşəriyyəti onların yazdığı kitab­lar xilas edəcək. Rejissorun əsas ideyası bundan ibarətdir. 

“Şekspir” tamaşası ideya və məzmununa, ifa­çıların plastikasına, rejissorun səhnə fəndlərinə və estetik parametləri düzgün müəyyənləşdirməsinə, orijinal tapıntılarına görə Bakı Bələdiyyə Teatrının ən uğurlu işlərindəndir.

Kənan HACI

Sosial həyat