...Qarabağ müharibəsi başlananda onlar yenicə orta məktəbi bitirmişdilər. Demək olar ki, bütün qayğılardan uzaq böyümüşdülər. Atalı- analı günlərin şirinliyində şıltaq uşaqlıq illərini başa vurmuşdular. Artıq yeniyetmə çağlarında idilər. 90-cı illərin ağrı-acıları bu üç dostun da nisgilinə çevrilmişdi. Elə bil, birdən-birə böyümüşdülər...
20 Yanvar faciəsi... 90-cı illərin meydan hərəkatı... Müstəqilliyini yenicə qazanan bir ölkənin siyasi-iqtisadi çətinliyi... Və bir də ölkənin başı üstünü alan qara buludlar –ermənilərin növbəti ərazi iddiaları... Bütün bunlar üç yeniyetmə dostun qayğılarının yelkəni olmuşdu. Bu yelkən onları haralara aparacaqdı?!..
...Üç ayrılmaz dost idilər. Üçü də eyni ildə –1974-cü ildə dünyaya göz açmışdı. İsaq yanvarda, İmran fevralda, İslam isə may ayında. Oxşarlığa bir baxın, adları da eyni hərflə başlamışdı: İsaq, İmran, İslam Qum kəndinin yuxarı məhəlləsindən həyata cilvələnmiş, kənd uşaq bağçasında qayğısız körpəliklərini keçiriblər. Məktəb yaşı çatanda üçü də eyni sinifdə bir partada əyləşib. Sinif müəllimləri onları bir-birindən ayrı oturtmaq istəsə də, dostlar inadlarından dönməyiblər. Onların oturuş-duruşları, özlərini aparmaları tamam başqa olub. Aşağı sinif şagirdləri onlara özlərinin qəhrəmanları kimi baxıblar. Sinifdən-sinifə keçdikcə onlar daha da sıx bağlanıblar bir-birinə. Söz düşəndə müəllimləri deyərmişlər: Görəsən, onların yolları nə vaxt ayrılacaq?
...1991-ci ilin son zəng günü 23 məzunun sevinc və kədərinin ünvanı olur. Sevinən kim, kövrələn kim. Yenə nəzərlər bu üç dostda idi. Onlar sevinə, gülə bilmirdilər. Sakitcə dayanıb müəllimlərinin, valideynlərinin nəsihətlərini dinləyirdilər. Sinif yoldaşları gələcək arzularından söz açanda onlar susurdular.
Erməni işğalçılarına qarşı Qarabağ müharibəsi başlananda Qum kənd tam orta məktəbinin məzunları olan üç dost– İsaq İsazadə, İslam Yusifov və İmran Şamxalov kəndin qəhrəmanlıq tarixinə adlarını yazmaq üçün and içirlər: Vətən uğrunda döyüşə hazırıq!
Hər üç dost rayon hərbi komissarlığına müraciət edərək, 6 aylıq sürücülük kursuna yazılırlar. Şəkidə kurs keçdikdən sonra dostları həqiqi hərbi xidmətə çağırırlar. Qədərə bir baxın. İmran İsaqla, İslamdan 3 ay kiçik olsa da, onu da eyni gündə əsgəri xidmətə çağırırlar. 1992-ci il iyulun 3-də bu üç dost Biləcəridə idilər. Bölgü zamanı İsaqla İslam Gəncəyə, İmran isə başqa hərbi hissəyə düşmüşdü. Amma onları ayırmaq çətin idi. Yalvar-yaxar edib birlikdə qalmağı bacaran dostlar Gəncədəki Daxili Qoşunlarda xidmətə başlayırlar.
40 günlük karantin zamanı İmran bərk xəstələnir. Müalicə üçün hərbi hissədəki tibbi məntəqəyə aparırlar. Bir neçə gündən sonra andiçmə olur. Andiçmədən bir gün sonra isə “Həyəcan” siqnalı verilir. Döyüşə getməli idilər. Dostlarından ayrı düşmək istəməyən İmran xəstə olsa da, gizlincə arxa sırada dayanır. Dostları onu sağalması üçün qalmasını israr etsələr də, İmran inadından dönmür. Beləcə, üç dost döyüş yolunu birgə addımlayırlar. Onların bölüyü Ağdərənin Mehmanə kəndindəki Turbazaya göndərilir.
...Sərsəng su anbarının yuxarısında ermənilər möhkəm mövqe tutmuşdular. Onların mövqeyi dağın başında idi. O gün çox çətin döyüş olur. Müharibənin hələ nə olduğunu dərk etməyən bu 18 yaşlı gənclər verilən əmri yerinə yetirmək üçün irəli can atırlar. O gün çox yaralımız olsa da, əsgərlərimiz ermənilərin mövqeyini ələ keçirirlər. Üç gün bu yüksəklikdə mövqe tutan əsgərlərimiz yenidən kəndə enirlər. Yeni döyüş tapşırığı verilir, İsaq, İslam və cəlayirli Araz Heydərov hər biri 2 əsgərlə, aralarında 300 metr məsafə olmaqla ermənilər gələn tərəfə nəzarət etməli olurlar...
Həmin gecə zülmət kimi qaranlıq idi. Nəfəs çəkmədən iki gün gözləyirlər. İki gündən sonra bir erməni səngərdən çıxıb kolluqda gözdən itir. Artıq qaranlıq düşmüşdü. İki saat sonra atışma başlanır. İslamın dayandığı səmtdən ermənilər hücuma keçirlər. Hava çiskinli və dumanlı idi. Göz-gözü görmürdü. Səhər açılanda İsaq əsgərlərdən birini göndərir ki, görsün nə baş verib. Bir saat keçir əsgər qayıtmır. Araz da İsaqın yanına gəlir. Birlikdə İslamın dayandığı mövqeyə doğru gedirlər. Yarı yolda göndərdikləri əsgərlə qarşılaşılar. Əsgər bunları görüb hönkürtü ilə ağlayır. Birlikdə bölüyün yerləşdiyi mövqeyə gələndə öyrənirlər ki, İslamı vurublar. İsaq ora-bura qaçıb İslamı axtarır. Komandiri onu güclə sakitləşdirir. Onda İsaqın içində elə bil nə isə qırılır. Adını qoya bilmədiyi bu acı İsaqı göynədir, əllərini üzünə tutub, hönkürtü ilə ağlayır ...
İslamı çoxdan aparmışdılar. Son dəfə dostunu görmək acısı ilə qovrulan İsaqa döyüş dostları təsəlli verirlər. Elə bu vaxt ermənilər əsgərlərimizin bu mövqeyini də atəşə tuturlar.
Yeni döyüş tapşırığı alan əsgərlərimiz “Volqa-12” adlanan mövqeyi və Çıldıran kəndini ələ keçirməli idilər. Həmin mövqeyi və Çıldıran kəndini ələ keçirən bölük daha irəli getməli idi. İrəliləmək üçün yol dağlardan keçirdi. Erməni kəndi olan Kicanı ələ keçirdikdən sonra qarşıdakı çılpaq təpə alınmalı idi. Təpənin dörd tərəfi dərin səngər idi. Cəmi 50 nəfərlə bu təpəni ələ keçirmək çətin olsa da, igid oğullarımız gecə qaranlığında artıq təpədə idilər. Daha bir təpəni də ələ keçirmək üçün irəliləyən əsgərlərimiz gecənin qaranlığında bir-birindən ayrı düşməmək üçün tək sıra şəklində ehtiyatla irəliləyirdilər. İkinci təpəyə qalxanda səhər açılmışdı. Gecə qaranlığında bələdçini itirmişdilər. Ətrafda heç kim yox idi. İsaq dostu İmranı səsləyir. Lakin İmran onların arasında deyildi. Heç bir atəş olmamışdı. İmran isə yoxa çıxmışdı. İkinci dostunu itirdiyi üçün İsaq özünü günahkar bilir və için-için ağlayır...
Az sonra meşədən ermənilərin atəşi başlanır. Haylar minamiyotlarla atəş açırdılar. İkinci dostunu da itirən o təpədə İsaq da yaralanır. Ermənilər yenidən təpələri, Çıldıranı ələ keçirirlər. Çox itki verən əsgərlərimiz Ağdərəyə çəkilirlər. Bir neçə saatdan sonra qərargahdan əmr gəlir ki, hücuma keçsinlər. Qərargah komandiri İsaqa döyüşə getməyə icazə vermir: Sən qal. Həm yaralısan, həm də sənə 10 günlük məzuniyyət verilir.
– Mən razılaşmadım. Dedim ki, Araz da mənimlə məzuniyyətə gedərsə, buna razıyam. Araz məni dilə tutdu ki, sən get-gəl, sonra mən gedərəm. Məni aparmağa yeznəmlə atamın əmisioğlu gəlmişdi. Heç nə deməsələr də, ürəyimə damır ki, nə isə olub.
Kəndə çatanda bildim ki, atamı itirmişəm. Atam rota komandirimiz Adil Hafizovun kəndə gəldiyini eşidib Cəlayirə gedibmiş. Geri qayıdanda qəzaya düşür.
Atamla son görüşümü heç vaxt unutmuram. Andiçmə mərasiminə gəlmişdi. Gecə mənlə eyni yataqda yatdı atam. Elə hey ağlayırdı... Kim bilir ürəyindən nələr gəlib-keçirdi...
Atamın hüzn mərasiminin 3-cü günü bir gündə bədənimdə 24 irinli yara əmələ gəldi. Dərhal Zaqataladakı daxili qoşunların hospitalına aparıldım. Ayağımdakı qəlpə zəhərli olubmuş. Müalicə aldıqdan sonra yenidən hərbi hissəyə qayıtdım. Beş ay Lələtəpədə döyüşdüm. Atəşkəs əldə olunsa da, hələ ordudan təxris edilməmişdik. Lələtəpədəki döyüşlərin birində digər həmkəndlimi Həşimi də itirdim. Düz 4 il, 6 aydan sonra ordudan təxris edildim. Ordudan təxris olunmağımın da qəribəliyi oldu. Təxris olunan döyüş dostlarımın hamısına hərb bilet verildi. Mənə isə yox. Dedilər sənin adın heç qeyd olunmayıb. Necə yəni, mən rayon hərbi komissarlığından əsgəri xidmətə göndərilmişəm, düz 4 il 6 aydır döyüşmüşəm, yaralanmışam, döyüş dostlarım yanımdadır. Mənim döyüş yolumun üstündən sanki bir xətt çəkilmişdi. Hələ də həqiqi hərbi biletimi ala bilməmişəm. Çox yerlərə müraciət etmişəm. Cavab yoxdur...
Evə qayıdanda itirdiyim dostlarımın sanki acısını ovundurmaq üçün təskinlik tapa bilmirdim. Qəribə idi. Sağkən mən də dostlarımın yanında imişəm... Dayım Moskvada yaşayırdı. O, məni özü ilə apardı. Bir neçə ildən sonra yenidən Azərbaycana qayıtdım. Ailə qurdum. Bir övladım var. Lakin heç vaxt özümü bağışlaya bilmirəm. Mən də geri qayıtmamalı idim. Vəfasız çıxdım. Üçümüz də bir getmişdik. Həmişə üçümüz bir idik. Mən niyə sağ qaldım?! İndi onlarla yuxularımda görüşürəm. Səhər olan kimi İslamın məzarına baş çəkib yuxumu danışıram. İmran yuxuma daha çox girir. Həmişə də deyir, İsaq, mən ölməmişəm. Amma utanıram kəndə qayıtmağa. Bu yuxular sanki gerçəkdi. Ayılanda bunun yuxu olduğunu dərk edirəm.
Yəqin siz də eşitmiş olarsınız. Vətən müharibəsi başlananda səs yayıldı ki, İmran sağdır... O gün dağda şabalıd yığırdıq, kənddən xəbər göndərdilər ki, tez gəl, İmran gəlir. İnanın ki, elə bil quş olub uçdum. Kənddə hamı yolda idi. Hətta televiziyadan çəkiliş qrupu da gəlmişdi. Camaat maqistral yola çıxmışdı...
Sən demə, bu, bir şayə imiş. Həmin gün mən depressiyaya düşdüm. Xeyli müalicə aldım. İçimdə yenə bir səs var: İmran sağdır.
Elə iki gün əvvəl də yenə yuxuma girmişdi. Deyirdi, İsaq, mən ölməmişəm. Amma üzüm yoxdu kəndə qayıdam…
Həmişə eyni yuxunu görmək məni dəli edir.
Axı, biz üç dost, üç qardaş idik. Biz elə bilirdik, ölsək də birlikdə öləcəyik. Tanrı hərəmizə bir qismət yazıbmış: İslam şəhid, İmran itkin, mənsə qazi.
– Çox qazimizin döyüş yolunu birgə vərəqləmişdim. Bu dəfə dinlədiyim əsl həyat hekayəsi idi. Özü də 1974-cü ildə Qumda doğulub, boya-başa çatan ayrılmaz üç dostun bir qədər acılı, eyni zamanda, qürurlu bir həyat hekayəsi. Onların hər üçü rayonumuzun igid oğullarıdır. Qumlular onlarla –üç dostla həmişə fəxr edir. Və bu gün onların əfsanəvi dostluğu dillərə dastan olub.
Əfsanəyə dönən dostluğunuz gənclərimiz üçün örnəkdir. Hekayə belə tamamlanır: Qumda ayrılmaz üç dost var idi. “Müharibə” adlı kabus onları ağuşunda ayrı saldı: biri şəhid, biri itkin, biri qazi kimi yaddaşlara həkk olundular.
Xavər ƏFƏNDİYEVA,
“Şəlalə” qəzetinin redaktoru
Qax rayonu