Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) təşəbbüsü ilə Ombudsman Aparatının əməkdaşları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin vəzifəli şəxsləri və əməkdaşları üçün “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda təlim keçirilib.
Ombudsman Aparatından XQ-yə bildiriblər ki, təlimdə İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova və digər əməkdaşlar tərəfindən müasir dövrdə məlumat almaq hüququnun mahiyyəti, beynəlxalq və milli qanunvericiliyin tələbləri, ombudsmanın bu sahədə fəaliyyəti, eləcə də dövlət orqanları və digər informasiya sahiblərinin bu istiqamətdə daşıdıqları öhdəliklər barədə geniş məlumat verilib.
İştirakçılara, eyni zamanda, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi mexanizmləri, məlumat sahibləri, informasiya sorğularının cavablandırılması qaydaları və məsuliyyət yaradan hallar barədə ətraflı təqdimatlar edilib.
Sonra baş tutan sual-cavab və açıq müzakirə zamanı iştirakçılar öz təcrübələrindən irəli gələn situasiyalar üzrə suallarını ünvanlayıblar. Ombudsman Aparatının nümayəndələri tərəfindən həmin suallar ətrafında izahlar və praktiki tövsiyələr verilib.
Sonda müvəkkilin təşəbbüsü ilə hazırlanmış maarifləndirici çap vəsaitləri iştirakçılara təqdim olunub.




