Xəzərdən Atlantikaya yeni güc axını

post-img

C6+1 formatı Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə Qərbə bağlayır

Donald Tramp administrasiyasının xarici siyasət konturlarının yenidən cızıldığı, Vaşinqtonun qlobal prioritetlərini soyuqqanlı praqmatizmlə yenidən müəyyənləşdirdiyi dövrdə Avrasiyanın geostrateji xəritəsində mühüm dəyişikliklərin anonsu verilməkdədir. Nüfuzlu Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya şöbəsinin Baş direktoru Con E.Herbstin səsləndirdiyi fikirlər, sadəcə, ekspert rəyi olmayıb, Ağ Evin yeni Avrasiya doktrinasının manifesti sayılmalıdır. Con E.Herbstin Ağ Ev sahibini əsassız olmayan iddia ilə “sülh təsisçisi” kimi təqdim etməsi və onun təşəbbüsləri çərçivəsində doqquz münaqişənin, o cümlədən Azərbaycan–Ermənistan münaqişəsinin həlli istiqamətində iş aparıldığını vurğulaması Trampın xarici siyasətinin nəticəyönümlü və sövdələşməyə əsaslanan mahiyyətini ortaya qoyur.

Lakin həmin bəyanatın strateji və uzaqgörən hissəsi Mərkəzi Asiyanın ABŞ üçün strateji prioritet bölgə olması və Vaşinqtonda keçirilən C5+1 sammitindən sonra məhz Bakıda forumun təşkil olunmasının təsadüfi olmadığına edilən işarədir. Herbstin platformanın yaxın gələcəkdə Azərbaycanın qoşulması ilə C6+1 formatına çevriləcəyini proqnozlaşdırması təkcə formatın riyazi genişlənməsi anlamını daşımır. Həmin proqnoz, əslində, ABŞ-ın bütün Xəzər–Qara dəniz hövzəsi və Mərkəzi Asiyanı əhatə edən yeni təhlükəsizlik, iqtisadiyyat arxitekturası qurduğunun və bu arxitekturanın təməl sütunu rolunun Azərbaycana həvalə etdiyinin etirafıdır. C6+1 formatının gündəmə gəlməsi Cənubi Qafqazda Zəfərlə yeni reallıqlar yaradan Azərbaycanın geostrateji çəkisinin Vaşinqton tərəfindən, nəhayət, tam miqyasda dərk edildiyini və Bakının artıq bütün geniş Avrasiya məkanının inteqrasiyasında əvəzolunmaz lider kimi qəbul olunduğunu təsdiqləyən tarixi hadisədir.

C6+1 formatı illərdir mövcud olmasına baxmayaraq, əsasən məsləhətləşmə mexanizmi, “yumşaq güc” diplomatiyası və mədəni-humanitar əlaqələrin müzakirə olunduğu platforma çərçivəsindən kənara çıxa bilmirdi. Coğrafi olaraq okeanlara birbaşa çıxışı olmayan, şimaldan Rusiya, şərqdən isə Çinlə əhatələnmiş Mərkəzi Asiya respublikaları üçün C5+1 formatı Vaşinqtonla dialoq üçün əhəmiyyətli olsa da, real geoiqtisadi və geostrateji nəticələr verməkdə çətinlik çəkirdi. Çünki Mərkəzi Asiyanın dünyaya açılan qapıları ya Moskvanın, ya da Pekinin nəzarət etdiyi kommunikasiya xətlərindən keçirdi. Bu isə region ölkələrinin xarici siyasət müstəqilliyini və iqtisadi şaxələndirmə cəhdlərini məhdudlaşdıran fundamental amil idi. Çinin “Bir kəmər, bir yol” təşəbbüsü isə iqtisadi faydalarla yanaşı, özü ilə “borc tələsi” və siyasi asılılıq risklərini gətirirdi. Məhz həmin şəraitdə Vaşinqton Mərkəzi Asiyaya münasibətdə strategiyasını kökündən dəyişdirmək və regiona real alternativ təklif etmək zərurəti ilə üzləşdi. C5+1 formatının reanimasiyası və onun daha funksional modelə çevrilməsi axtarışları da həmin zərurətdən qaynaqlandı. Lakin tezliklə aydın oldu ki, bu formatın həyat qabiliyyətli olması üçün çatışmayan fundamental element Mərkəzi Asiyanı Qərblə birbaşa, etibarlı və rəqib güclərin təsirindən azad şəkildə bağlaya biləcək coğrafi və siyasi körpüdür.

Məhz həmin strateji boşluğu Azərbaycan doldurur. Azərbaycanın C5+1 formatına potensial inteqrasiyası platformanın mahiyyətini kökündən dəyişir və onu, sadəcə, müzakirə klubundan real geoiqtisadi və geostrateji təsir gücünə malik mexanizmə çevirir. Azərbaycanın platformaya qoşulması Mərkəzi Asiyanı Qərbə açan yeganə etibarlı və təhlükəsiz qapını təmin edir. Xəzər dənizi vasitəsilə Qazaxıstan, Türkmənistan limanlarına çıxan yüklər Bakı limanı və Azərbaycanın müasir dəmir yolu infrastrukturu vasitəsilə Gürcüstan, Türkiyəyə, oradan isə Avropa bazarlarına çatdırılır. 44 günlük Vətən müharibəsindəki Zəfər və işğala son qoyulması təkcə regional təhlükəsizlik məsələsi olmayıb, həm də bütün Avrasiyanın nəqliyyat xəritəsini dəyişdirən tarixi hadisə idi. Zəngəzur dəhlizinin açılması perspektivi isə Orta Dəhlizin potensialını dəfələrlə artıracaq və onu Çindən Avropaya qədər uzanan ən səmərəli marşruta çevirəcək. Tramp administrasiyasının Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına xüsusi diqqət yetirməsinin arxasında dayanan əsas strateji məntiq məhz bu dəhlizin geosiyasi və iqtisadi əhəmiyyətidir. Sülh sazişi təkcə iki ölkə arasında münasibətləri normallaşdırmayacaq, həm də ABŞ-ın Mərkəzi Asiya siyasətinin şah damarı olan Orta Dəhlizin tam gücü ilə işləməsini təmin edəcək.

Azərbaycan onilliklərdir Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, TANAP və TAP kəmərləri ilə birlikdə Xəzərin enerji resurslarını birbaşa dünya bazarlarına çıxaran layihələrdir. Həmin infrastruktur gələcəkdə Trans-Xəzər kəməri vasitəsilə Türkmənistan və Qazaxıstan qazının da Avropaya nəqli üçün hazır platformadır. Bundan əlavə, Azərbaycan yaşıl enerji sahəsində də regional liderə çevrilməkdədir. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış yaşıl enerjinin Qara Dənizin dibi ilə çəkiləcək kabel vasitəsilə Avropaya ixracını nəzərdə tutan layihə Azərbaycanın bərpaolunan enerji mənbələri sahəsində Avropa üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. C6+1 formatı ABŞ-ın dəstəyi ilə Mərkəzi Asiyanın zəngin enerji potensialını Azərbaycanın mövcud və gələcək infrastrukturu vasitəsilə Qərb bazarlarına inteqrasiya etmək üçün misilsiz imkanlar yaradır.

Azərbaycanın müasir ordu quruculuğu təcrübəsi hərbi sənaye kompleksinin inkişafı və hibrid müharibə şəraitində qazandığı unikal təcrübə C6+1 formatı çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlıq üçün mühüm əsaslar yaradır. Vaşinqton anlayır ki, Mərkəzi Asiyada dayanıqlı sabitliyin təminatı üçün region ölkələrinin təhlükəsizlik potensialını artırması şərtdir və bu işdə Azərbaycanın təcrübəsi əvəzolunmazdır. Azərbaycan Mərkəzi Asiya ilə Türkiyə arasında təbii coğrafi və mədəni körpü rolunu oynayaraq regionun Qərb dünyasına inteqrasiyasını sürətləndirə bilər.

Donald Trampın özünü “sülh təsisçisi” kimi təqdim etməsi onun xarici siyasətinin sövdələşməyə əsaslanan mahiyyətindən irəli gəlir. Tramp üçün münaqişələrin həlli ABŞ-ın konkret iqtisadi və strateji maraqlarını təmin edən nəticələr əldə etmək vasitəsidir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması təkcə Cənubi Qafqazda sabitliyin bərqərar olması demək deyil. Həmin saziş yuxarıda qeyd olunduğu kimi, bütün Avrasiyanı əhatə edən daha böyük strateji dizaynın – C6+1 formatının və onun əsasını təşkil edən Orta Dəhlizin işə düşməsi üçün həlledici şərtdir. Bakıda forumun keçirilməsi və Azərbaycanın platformaya inteqrasiyası Tramp administrasiyasının məhz həmin nəticəni əldə etmək üçün diplomatik səylərini intensivləşdirdiyini göstərir. Vaşinqton dərk edir ki, C5+1 formatının uğuru birbaşa Azərbaycanın həmin prosesdə iştirakından asılıdır.

C6+1 formatının gündəmə gəlməsi ABŞ-ın Avrasiya siyasətində baş verən paradiqma dəyişikliyinin ən bariz göstəricisidir. Köhnə, qeyri-effektiv dialoq formatları yerini konkret geoiqtisadi layihələrə və strateji hədəflərə söykənən yeni əməkdaşlıq arxitekturasına verir. Həmin yeni arxitekturanın mərkəzində coğrafi mövqeyi, enerji və nəqliyyat infrastrukturu, hərbi-siyasi gücü və balanslı xarici siyasəti ilə Azərbaycan dayanır. Con Herbstin bəyanatı Vaşinqtonun Azərbaycanı Mərkəzi Asiya və Cənubi Qafqazı vahid strateji məkanda birləşdirən əvəzolunmaz regional güc kimi qəbul etdiyini nümayiş etdirir. Prezident Trampın “sülh təsisçisi” missiyası çərçivəsində Azərbaycan–Ermənistan nizamlanmasına verdiyi önəm bütün Avrasiyanın gələcək inkişaf vektorunu müəyyən edəcək qlobal əhəmiyyətli prosesin tərkib hissəsidir. Azərbaycan həmin tarixi prosesdə layiqli yerini tutaraq XXI əsrin qlobal geosiyasi nizamının formalaşmasında həlledici rol oynayan dövlətlərdən birinə çevrilir.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət