Funikulyordan bir dön bizim Bakıya bax!

post-img

Uşaqlıq xatirələri unudulmaz olur. Bakı funikulyoruna ilk dəfə orta məktəb illərundə getmişdik. Maraqlı idi: vaqonla üzü yuxarı qalxırsan, şəhərə və Xəzərə gözəl mənzərə açılırdı...

“Wikipedia”da Bakı funikulyorunun 1960-cı il ma­yın 5-də istifadəyə verildiyi yazılıb, amma o dövrün mətbuatı başqa söz deyir. “Xalq qəzeti”nin sələfi “Kommunist”in 3 iyun 1960-cı il sayında oxuyuruq: “Dünən Sovet İttifaqında sayca 5-ci funikulyorun açılışı olmuşdur”. 

...Amma bir qədər əvvələ qayıdaq. “Bakı” qəzeti 2 aprel 1960-cı il sayında o vaxt inşası davam edən funikulyorun şəklini və bu qısa məlumatı oxucuların diqqətinə çatdırıb: “Bakı funikulyoru günü-gündən ucalır. “Dağ tramvayı”na minib Kirov adına parka qalxacağımız gün uzaq deyil”. 

Qəzetin 23 aprel sayında isə ilk səhifədə belə bir xəbər yer alıb: “Bakı funikulyoru, demək olar ki, hazırdır”. 

Açılış mərasimi funikulyorun aşağı pavilyonunda keçirilib və orada Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski və digər şəxslər çıxış ediblər. Daha sonra “Bakı meri” qırmızı lenti kəsib və ilk sərnişinlər Leninq­radda hazırlanmış, 28 nəfər üçün nəzərdə tutulan vaqona mindikdən sonra o, yavaş-yavaş dağüstü parka doğru hərəkət edib. Qəzet yazır: “Vaqon yuxarı qalxdıqca Dənizkənarı park və Bakı körfəzinin ürək açan mənzərəsi sərnişinlərin gözləri qarşısında canlanır. Funikulyorun xətti Lermontov və Saray­kin küçələrinin altında düzəldilmiş tuneldən keçir. Vaqonlar bura çatanda dayanır. Bu dayanacaqda düşüb həmin küçələrə çıxmaq olar. Estakadanın hər iki tərəfində basdırılmış elektrik dirəkləri axşamlar funikulyora xüsusi gözəllik verir. 

Cəmi 3,5 dəqiqə ərzində vaqon funikulyorun iki stansiyası arasındakı 455 metr yolu qət etdi. Bir neçə dəqiqədən sonra yuxarı pavilyonun altında yerləşmiş maşın şöbəsinin güclü motorları vasitəsilə troslar yenə də işləməyə başladı. Sərnişinlərlə dolu olan vaqonun biri aşağı, digəri isə yuxarı hərəkət etdi. Şəhərimizin yeni və gözəl tikintilərindən biri də bakılıların istifadəsinə verildi”. 

“Bakı” qəzetinin 24 sentyabr 1960-cı il sayında “Vətəndaşların nəzərinə!” başlığı ilə belə elan yer alıb: “Yeni təmirdən sonra funikulyor müntəzəm olaraq hər gün səhər saat 10-dan gecə saat 12-dək işləməyə başlamışdır. Siz 3 dəqiqə ərzində dəniz sahilindən şəhərin dağlıq hissəsinə və Kirov adına parka çata bilərsiniz”. 

Yeni təmirdən sonra? Maraqlıdır... Ümumiyyətlə, Bakı funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilib. 2011-2012-ci illərdə funikulyorun əsaslı şəkildə təmiri və yenidən qurulması işləri həyata keçirilib. Onun yeni layihəsi ən müasir standartlar əsasında işlənib hazırlanıb. Funikulyorun aşağı və yuxarı vestibülləri, köhnə relsləri tamamilə təzələnib, yeni vaqonlar alınıb. Mexaniki və elektron qurğuları tamamilə dəyişdirilib, funikulyorun hər iki stansiyası aynabənd üslubunda hazırlanıb. 

Yenidən qurulan Bakı funikulyorunun 2012-ci il mayın 23-də keçirilən açılış mərasimində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Ölkə başçısı çıxışlarının birində funikulyorun “Şəhərimizin tarixini əks etdirən, paytaxtımızın rəmz­lərindən biri” olduğunu vurğulayıb. Birinci vitse-pre­zident Mehriban Əliyeva isə vaxtilə “Baku” jurnalına müsahibəsində belə demişdi: “Mənim üçün Bakı hə­mişə əvəzedilməz auraya malik ən gözəl şəhər olub. İçərişəhər, Dənizkənarı bulvar, Fəvvarələr meydanı, Neftçilər prospekti, Bakı Venesiyası, funikulyor - hər bir bakılı üçün bu yerlər artıq kult hesab edilir”. 

...İllər sonra yenidən Bakı funikulyorundayam. Girişə vurulan lövhədən məlum olur ki, bura bazar ertəsindən (profilaktika günüdür) başqa hər gün səhər saat 10-dan axşam saat 8-ə kimi işləyir (gü­norta saat 1-2 arası fasilədir). Bir istiqamətə gediş qiyməti 1 manatdır. Funikulyorla “yuxarı” qalxıram. “Zaman maşını” məni xəyallarımda ötən əsrin 80-ci illərinə aparır. Düzdür, səyahət uzun çəkmir, təx­minən, 3-4 dəqiqə. Yanımda da yalnız əcnəbilərdir. Təsadüfi deyil ki, funikulyor turistlər üçün Bakıda “mütləq getməli və görməli yerlər”dən biri sayılır.

Rasim MÖVSÜMZADƏ



Sosial həyat