Azərbaycanın ilk tarixiçisi, şair, yazıçı, alim və mütəfəkkir Abasqulu ağa Bakıxanov (1794-1847) şərəfli ömür yolu keçib. Onun ictimai-siyasi, şəxsi həyatında baş verən bəzi əhvalatların oxucularımız üçün maraqlı olacağını düşünürük.
Çarın, yoxsa Allahın əmri?
Abbasqulu ağa Bakıxanov Peterburqda olduğu vaxt çar I Nikolayın qonaqlıq məclisinə dəvət olunur. Çara və xanımına çatdırırlar ki, Qafqazdan gələn qonağın ömründə dilinə içki dəyməyib. Nikolayın arvadı çox qürrəli halda söyləyir ki, mən Abbasqulu ağaya ilk dəfə şərab içirdərəm.
O, bir qədəh şərabı qızıl siniyə qoyur və özü gətirib Bakıxanova təqdim edir. O vaxt padşahın zövcəsini qonağa şərab təqdim etməsi ən yüksək hörmət sayılırdı. Abbasqulu ağa ayağa qalxaraq, badəni götürür və üzünü I Nikolaya tutaraq deyir:
– Ey mənim həşəmətli hökmdarım, siz deyirsiniz ki, bu şərabı içim, Allahım isə deyir, içmə! Hansınızın sözünə baxım?
Çox dindar olan çar I Nikolay ani cavab verir:
– Əlbəttə, Allahın!
Abbasqulu ağa əlindəki şərab qabını qaytarıb siniyə qoyur. Nikolayın xanımı isə .. qayıdıb yerində oturur.
Məkkədə son dilək
Belə rəvayət edirlər ki, Abbasqulu ağa Qüdsi Məkkəyə Həcc ziyarətinə gedəndə Quba qazisi Hacı Molla Abdullanı da özü ilə aparıbmış. Qüdsi ziyarətini başa çatdırdıqdan sonra üzünü səmaya, Haqqın dərgahına tutub deyir:
– Ey pərvərdigar! Hər padşahdan mənə bir nişanə verilibdir. Səndən də bir nişanə istəyirəm ki, o mənim son nişanəm olsun.
Hacı Molla Abdulla Qüdsidən nişanə–muradının nə olduğunu soruşur. Abbasqulu ağa deyir:
– O nişanə bu müqəddəs məkanda ölməkdir.
Bu söhbətdən 3 gün sonra, 1847-ci ilin fevralında Abbasqulu ağa Bakıxanov təsadüfən vəba xəstəliyinə tutularaq dünyasını dəyişir. Onu Məkkə ilə Mədinə arasında “Fatimə vadisi” adlanan yerdə dəfn edirlər.
Z.HÜSEYNLİ
XQ