1992-ci il idi. Kənd əsgərləşmişdi, əli silah tutanların hamısı düşmənlə döyüşürdü. Səməd də döyüşənlərin sırasında həftələrlə mövqelərdə olurdu. Vaxt tapanda evinə baş çəkib qayıdırdı. Evdən üç yaşlı oğlu Səlim yuxudaykən çıxırdı, ləngiyəndə – gecə yarısı Səlim atasının boynuna sarılırdı, hönkürürdü. “Getmə”– deyirdi, Səməd gedirdi...
Dörd döyüşçü kəşfiyyata getmişdi. Sakitlik idi, dərəni keçib dayandılar. Seyrək ağaclığın sonunda təpəliklər olacaqdı. İki təpənin qovuşacağında düşmənin komanda məntəqəsi yerləşirdi. Təpəliyə mümkün qədər yaxınlaşdılar, uyğun mövqe tutub müşahidə apardılar, düşmənin tərpənişlərini diqqətlə izlədilər.
Müşahidəni tamamlayıb geri qayıdırdılar. Qəflətən altı erməni silahlısı ilə qarşılaşdılar. Düşmənin komanda məntəqəsinə yaxın olduğuna görə əvvəlcə atışmaq istəmədilər. Məlumatı qərargaha çatdırmağı altı düşməni öldürməkdən üstün bildilər. Yaxınlaşan düşmən onları görübmüş. Atışma başlayanda Səməd qrup rəhbəri kimi Kərimə tapşırıq verdi: “Sən məlumatı qərargaha çatdır, biz səni himayə edə-edə döyüşəcəyik, döyüşə-döyüşə də geri çəkiləcəyik”.
Onlar qərargaha qayıda bilmədilər. Səmədlə İslam döyüşdə şəhid oldu. Horadiz əməliyyatı qələbə ilə nəticələndi. Şəhidləri işğaldan azad olunan kənddə dəfn etdilər. Səməd şəhid olanda oğlu Səlimin 16 yaşı var idi. Əsgərlikdən sonra da orduda xidmət edirdi. Tankçı idi. İkinci Qarabağ müharibəsi başlayanda onun xidmət etdiyi hərbi hissə də döyüşlərə cəlb olundu.
Füzuli istiqamətində döyüşürdülər. Düşmənin möhkəmləndirilmiş müdafiə sədlərini dağıtmaq əmri verilmişdi. Artilleriya dəstəyi davam etdiyi müddətdə həmləyə keçdilər. Dörd tank bir-birindən beş-on addım aralı düşmənin mövqelərinə sarı irəliləyirdi. Düşmən onların həmləsini müşahidə edə bilməmişdi. Artilleriya atəşindən təntimişdimi, hər nə idisə, xeyli yaxınlaşmışdılar. Tanklardan biri minaya düşsə də, digər tanklar hərəkətini yavaşıtmadı. Minaların arası ilə irəliləyərək atışırdılar. Az sonra düşmənin müdafiə səddini yardılar. Döyüşü piyadalar davam etdirdi...
Piyadalarımız düşmən mövqelərinə həmin yerdən yaxınlaşdı. Döyüş çox çəkmədi, düşmən davam gətirə bilmədi. Tankların atışları düşmənin müdafiəsini xeyli zəiflətmişdi. Tanklar atış apara-apara düşmənin başlıca müdafiə zolağına yaxınlaşmışdı. Səlim hiss elədi ki, sağ cinahda düşmənin atəşi daha sıxdı. Tankı da sağa yönəltdi, atışı da.
Düşmən döyüşə-döyüşə geri çəkilirdi. Qələbə ərəfəsində olduqlarını hiss edən döyüşçülərimizin əzmi kükrəmişdi, qələbə ruhu yüksəlmişdi. Döyüşçülərə elə gəlirdi ki, bu döyüş müharibənin son döyüşüdü, qələbə Şuşaya aparan yolun başlanğıcı olacaq. Tank qəflətən silkələndi və silkələnə-silkələnə dayandı, “Vurdular...”, – Səlim pıçıldamağa macal tapa bildi. Birtəhər tankdan çıxsa da, ayaq üstə dayana bilmədi.
Mövqe qələbəsi qazanıldı. Tankçılar Füzulinin azad edilməsi uğrunda sonuncu döyüşdə iştirak edə bilmədilər. Şəhid atanın oğlu da şəhid olmuşdu. Səlimi də həmin kənddə dəfn etdilər. Artıq Səlimin oğlu Samir hərbi xidmətdəydi. İşğaldan azad edilmiş ərazilərimizdə xidmət edirdi. Nümunəvi əsgər idi. Lokal xarakterli antiterror əməliyyatında Samirin xidmət etdiyi hərbi hissə də iştirak edirdi. Artilleriyaçı idi. Ağdərə istiqamətində döyüş atışları aparmaq əmri verilmişdi. İlk mərmiləri atanda Səlim bir qədər duyğulanmışdı: “Bunlar şəhid ataların sağlığında arzuladığı atışlar olsun!”, “Bunlar şəhid babaların ruhlarının atışları olsun!”, “Bunlar döyüşdə yaralanmış ataların istəyinin atışları olsun!”, – pıçıldadı.
Döyüş şiddətlənmişdi. Düşmən işğalın son nəfəsində daha ağır hərbi cinayətlər törətmək istəyirdi. Amma Azərbaycan əsgəri bunun da qarşısını alırdı. Son nəfəsinə dirsəklənən düşmən artilleriya atışını gücləndirmişdi. Əsgərlərimiz rəşadətlə döyüşürdü. Qələbəyə “beş-üç” addım qalmış yaxınlıqda mərmi partladı. Qəlpələr Samiri də yaraladı. Onu döyüşün içindən çıxarda bildilər. Çoxlu qan itirdiyinə görə həyata qaytarmaq mümkün olmadı. Samir şəhid oldu, onu da atasının yanında dəfn etdilər.
Baba döyüşçü idi, Birinci Qarabağ müharibəsində, ata döyüşçü idi, İkinci Qarabağ müharibəsində şəhid olmuşdu. Nəvə də döyüşçü kimi Azərbaycanın ərazi bütövlüyünü tam bərpa edən antiterror əməliyyatında şəhid oldu.
Səməd, Samir və Səlim eyni qəbristanlıqda dəfn edilib.
Rəşid FAXRALI,
hərbi jurnalist