Mədəniyyət Nazirliyi Respublika “Xatirə kitabı” redaksiyasının layihəsi əsasında çəkilmiş növbəti 4 film nümayiş olunub.
Filmlər Vətən müharibəsində həlak olmuş Murad Əsədov, Dəyanət Əliyev, Toğrul Abbasov və Mətləb Quliyevin şərəfli həyat və döyüş yolunu özündə əks etdirir. Ağcabədi rayonunda dünyaya gəlmiş bu igidlər 44 günlük Zəfər yürüşünün qəhrəman yolçularıdır.
Nizami Kino Mərkəzində keçirilən təqdimat mərasimində çıxış edənlər – Milli Məclisin deputatı Aydın Hüseynov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin şöbə müdiri Zümrüd Səmədova, “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, filmlərin ssenari müəllifi və rejissoru Vüsal Nuru çıxış ediblər. Natiqlər şərəf tariximizin qızıl səhifələrini yazmış şəhidlərin örnək həyat yolunun işıqlandırılmasının əhəmiyyətindən danışıblar. “Vətən daşı... və ya 44 günün dastanı” layihəsinin dəyərli təşəbbüs olduğu vurğulanıb.
Sonra şəhidlər Murad Əsədov, Dəyanət Əliyev, Toğrul Abbasov və Mətləb Quliyevin qısa, lakin şərəfli həyat və döyüş yolunu əks etdirən silsilə filmlər nümayiş olunub. Sənədli kadrlar ana qucağı qədər əziz, ana nəfəsitək doğma olan Vətən sevgisi haqqında Xalq şairi Məmməd Arazın məşhur “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı...” misralarına sığınaraq döyüşlərə atılan oğulların igidliklərini bədii boyalarla əks etdirib.
Qeyd edək ki, son üç ildə Respublika “Xatirə Kitabı”nın bu mövzuda 20 cild kitabı çap olunub və 12 filmi ərsəyə gətirilib. Bütün bunlar göstərir ki, həqiqətən də, heç kim unudulmur, heç nə yaddan çıxmır.
Ə.DOSTƏLİ
XQ