Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Risalə” elmi araşdırmalar jurnalının növbəti nömrələrinin təqdimatı keçirilib.
Muzeyin direktoru akademik Rafael Hüseynov bildirib ki, dahi Nizami Gəncəvinin əsrlərdən bəri davam edən “Xəmsə”çilik ənənəsi fərqli formatda Ədəbiyyat Muzeyində də özünü göstərir. Bu ənənənin davamı olaraq 2004-cü ildən Ədəbiyyat Muzeyinin “Beşlik” – “Qaynaq” mənbələr toplusu, “Şərq” tərcümə, “Xəzinə” kataloqlar, “Məclis” mərasim topluları və “Risalə” elmi araşdırmalar jurnalı nəşr edilir. “Risalə” jurnalında ədəbiyyatşünaslıq və muzeyşünaslıq üzrə elmi məqalələr, araşdırmalar yer alır. Ədəbiyyatın müxtəlif mövzu və məsələlərinə dair tədqiqatların toplandığı jurnalda muzey əməkdaşlarının, gənc alim və tədqiqatçıların əsərləri elm ictimaiyyətinə təqdim olunur.
Akademikin dediyinə görə, “Risalə” ən sanballı elmi araşdırma və məcmuələrdən biri kimi, filologiya və sənətşünaslıq sahələri üzrə Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər siyahısına daxil edilib, jurnalın beynəlxalq statusu istiqamətində də bir sıra irəliləyişlər olub. Toplunun redaksiya heyətində Azərbaycanla yanaşı, Avropa və Amerikadan da tanınmış alimlər təmsil olunur.
Rafael Hüseynov jurnalın nömrələrində məqaləri dərc edilən müəllifləri təbrik edərək, onlara “Risalə”nin yeni nömrələrini təqdim edib.
XQ