Bu il Azərbaycan Dövlət Akademik Musiqili Teatrı çoxsaylı uğura imza atıb. Ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyinə həsr olunan "Sən elə bir zirvəsən!.." adlı tamaşa hazırlanıb və ilk dəfə Ulu öndərin doğum günündə təqdim olunub.
Tamaşa Gəncədə, Naxçıvanda, Şəkidə, Mingəçevirdə və Lənkəranda da uğurla nümayiş olunub. Teatr ötən mövsümü həmin tamaşa ilə bağlayıb və cari mövsümü də onunla açıb. Tamaşa növbəti dəfə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Musiqili Teatrın səhnəsində nümayiş olunacaq.
Sənət məbədi peşəkar milli teatrımızın yaranmasının 150 illik yubileyi münasibətilə “Premyeralar paradı” layihəsi çərçivəsində 3 yeni tamaşasını təqdim edib. Bunlar “Nəğməmə inan” (rus dilində), “Kimyagər” (Azərbaycan dilində) və “Anamın kitabı” (ingiliscə) tamaşalarıdır. Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun “Nəğməmə inan” tamaşasının premyerası da olub.
Teatrın aktyoru, Əməkdar artist Şövqi Hüseynov Rusiyanın Lobnya şəhərində keçirilən XXVII “Rus klassikası” Beynəlxalq Teatr Festivalında “Utancaq qız” mono-tamaşasında mükəmməl aktyor oyununa görə diplomla təltif edilib. Aktrisa Gülcahan Salamova teatr sahəsində səmərəli fəaliyyətinə görə və 60 illik yubileyi münasibətilə Teatr Xadimləri İttifaqının mükafatına layiq görülüb. Musiqili Teatrda 2 gün nümayiş olunan "Sevənlərindir dünya" (Əmir Pəhləvan) tamaşasının premyerası maraqla qarşılanıb.
Teatr ilə Özbəkistanın müxtəlif teatrları arasında imzalanan əməkdaşlıq memorandumları qarşılıqlı mədəni əlaqələrin inkişafına bu il də öz töhfəsini verib. Birgə layihələr çərçivəsində teatr kollektivlərinin qastrol səfərləri, rejissor, aktyor mübadiləsi həyata keçirilib. Bu dəfə isə Akademik Musiqili Teatrın qonağı olan Namanqan Dövlət Musiqili Dram Teatrının truppası “Ah, bu qocalar – qəribə qocalar!” komediyasını oynayıb.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistləri Aydan Həsənova və Emin Zeynallı Qazaxıstanın Karaqanda şəhərində keçirilən “DosStar” XII Açıq Operetta və Müzikl Festivalının qala konsertində iştirak ediblər. Onlar “Arşın mal alan” və “Paris Notr-Dama ithaf” tamaşalarından ustalıqla parçalar səsləndiriblər. Teatrın kollektivi sentyabr ayında bir sıra müxtəlif beynəlxalq tədbirlərə qatılıb. Belarus Respublikasının XXVII “Belaya veja” Beynəlxalq Teatr Festivalına dəvət alan teatrın tanınmış aktyoru, Əməkdar artist Şövqi Hüseynov orada “Utancaq qız” (F.Dostoyevski, quruluşçu rejissor: C.Səlimova) mono-tamaşasını təqdim edib. Aktyorlar Nicat Əli və Nərmin Əliyeva Qazaxıstanda keçirilən “TeART-Kokşe – 2023” Beynəlxalq Teatr Festivalında Rusiya Dövlət Teatr Sənəti Akademiyasının təcrübəli müəllimlərinin ustad dərslərində iştirak ediblər. Eleonora Mustafayeva isə həm Özbəkistanın Müstəqillik Günü münasibətilə Daşkənddəki təntənəli mərasimdə, həm də TÜRKSOY-un 30 illiyi ilə əlaqədar Fərqanə vilayətində təşkil olunan XXIV Türk Dünyası Opera Günlərində ölkəmizi layiqincə təmsil edib.
Bu il həm də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının və böyük mütəfəkkir Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında rejissor Samir Qulamovun librettosu və quruluşunda hazırlanan eyniadlı tamaşanın premyerası olub.
Belarus Respublikasında keçirilən “Belaya veja – 2023” Beynəlxalq Teatr Festivalının münsiflər heyətinin sədri, eləcə də bir sıra beynəlxalq teatr festivallarının kuratoru, rusiyalı gənc tənqidçi Alisa Litvinova Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olub. O, tamaşalara baxıb və təəssüratlarını bölüşüb.
8 Noyabr Zəfər Günü ilə əlaqədar teatrda Vətən müharibəsi qəhrəmanlarına, şəhid analarına həsr olunan "Bir nəfəs qədər" tamaşası təqdim olunub. Şanlı Qələbəmizin 3-cü ildönümü münasibətilə Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bakı Uşaq və Gənclər Teatrının birgə layihəsi – “Bir teatr–bir festival”ın davamı kimi hazırlanan “3+3=7” festivalında Azərbaycan Dövlət Akademik Musiqili Teatrı “Bir nəfəs qədər” tamaşasına görə diploma və festivalın kristal mükafatına layiq görülüb.
Teatr uğurlarla kifayətlənmir və yeni tamaşalar üzərində çalışır. Tezliklə sənət məbədində Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncer Çüçenoğlunun "Matroşka" pyesi əsasında "Qadınım" tamaşasının premyerası olacaq.
Növbəti yeni tamaşa Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamalın librettosu və quruluşunda hazırlanan "Əliqulu evlənir" (Oqtay Rəcəbov, Sabit Rəhman) komediyasıdır.
R.QURBANLI
XQ