Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dostları say-seçmə insanlar olub: görkəmli siyasətçilər, elm adamları, mədəniyyət xadimləri və s. Onun zəhmətkeş çoban Xanış Şahıyevlə dostluğu isə müdriklik və sadəlik mücəssəməsi olan dövlət başçısının adi bir vətəndaşa səmimi münasibətinin örnəyi kimi yadda qalıb.
Bu sətirlərin müəllifinə Ulu öndərin Xanış kişi ilə bir neçə görüşündə jurnalist kimi iştirak etmək qismət olub. Onların dostluğunun təməli 1994-cü il dekabrın 23-də Prezident Heydər Əliyevin sədrliyi ilə Respublika Sarayında aqrar islahatlara həsr olunmuş müşavirədə qoyulub. Orada lerikli fermerin çıxışı, ölkə rəhbəri ilə dialoqu müşavirədə, sözün əsl mənasında, xeyli xoş ovqat yaradıb.
...Həmin gün natiqlər Prezidentin aqrar sahə ilə bağlı tapşırıqlarının icrası barədə məlumat verir, ölkədə bolluq yaradılmasına töhfələrindən bəhs edirdilər. Heydər Əliyev fermerlərə diqqətlə qulaq asır, suallar verir, kənd camaatının vəziyyəti ilə maraqlanır, xeyir-bərəkət müjdəli tövsiyələrini əsirgəmirdi. Fermer Xanış Şahıyev danışmaq üçün əlini qaldıranda Prezident bunu gördü və ona da söz verdi. Fermer əvvəlcə özünü təqdim edərək bildirdi ki, 64 yaşındadır, ayağı yer tutandan təsərrüfatda çalışıb, taxıl əkib, mal-qara saxlayıb. Bununla yanaşı, 18-i oğlan, 4-ü qız olmaqla 22 uşağı var. Atası İkinci Dünya müharibəsində, iki oğlu Qarabağ uğrunda döyüşlərdə həlak olub, biri isə yaralanıb.
Ardınca Xanış kişi onu bu müşavirəyə dahi rəhbərə olan sonsuz ehtiramının gətirdiyini söylədi: “Televiziyada çıxışlarınıza ailəmiz böyük maraqla baxır, hər sözünüz ürəyimizdən xəbər verir. Xalq üçün çəkdiyiniz zəhmət qəlbimizi dağa döndərir. Sidq-ürəkdən xalqa bağlısınız. Buna görə də xalq tərəfindən sevilirsiniz, hər kəsin məhəbbətini qazanmısınız. Hörmətli Prezident, bilirəm ki, dünyada dostunuz çoxdur. Əgər çoban dostunuz yoxdursa, bloknota yazın ki, Lerikdə çoban Şahıyev Xanış mənim dostumdur”.
Çobanın belə ərkyana çıxışı Ulu öndərə o qədər xoş təsir bağışladı ki, ağsaqqal fermerin dostluq təklifini razılıqla qəbul etdi. Bundan 5 ay sonra – Qurban bayramı günü Xanış kişi xeyli qoyun kəsərək, Prezident Sarayının qarşısına gətirdi və ölkə başçısı ilə görüşüb, bayram münasibətilə onu təbrik etdi. Fermer dahi rəhbərə Lerik camaatının salamlarını çatdırdı. Prezident isə çoban dostunun Qurban paylarının Bakıdakı məcburi köçkün ailələrinə çatdırılması barədə göstəriş verdi.
O ildən başlayaraq çoban Xanış Şahıyev ənənəsinə sadiq qalaraq, hər il müqəddəs bayramlarda qurbanlar kəsir paytaxta gətirib ölkə başçısı ilə görüşürdü. Onların Azərbaycanın xeyrinə qərar qəbul edilmiş Lissabon sammitindən sonra və yeni əsrin əvvəlində Novruz bayramı günü olmuş görüşlərinin xalqımızda xüsusilə böyük ruh yüksəkliyi yaratdığının canlı şahidiyəm.
Həmin illərdə dövlət televiziyasının Cənub bölgəsi üzrə müxbiri olduğum zaman tanınmış fermerlə Lerikdə dəfələrlə görüşmüşəm. Bəzi ağzıgöyçəklər yazırdılar ki, bəs, Xanış kişi heç də çoban deyil, fermer adı ilə ortaya çıxarılan dilli-dilavər musiqiçidir. Mən də onun gənclik illərində tütəklə gözəl musiqilər ifa etdiyini bilirdim. Amma həmin vaxt o, həqiqətən, heyvandarlıqda ad çıxarmış sadə zəhmət adamı idi. Buna görə də həm fermer, həm də keçmiş ifaçı kimi qabiliyyətlərini əks etdirən süjet hazırlayıb televiziyada göstərdik. Xanış kişinin ona məxsus olan Velaçola yamacında arxacdan çıxardığı qoyun sürüsünü otara-otara tütək çalması, heyvandarlıqla bağlı peşəkar səviyyədə söhbətlər etməsi böyük maraqla qarşılandı.
Söhbətlərimizdən birində onun söylədiklərini, az qala, cümlə-cümlə xatırlayıram: “Jurnalistlər məndən çox soruşurlar ki, sən nəyə görə Prezidentlə dostsan və Prezident sənə nə üçün belə dəyər verir? Deyirəm, möhtərəm Prezidentlə ona görə dostam ki, ürəyimdə 3 dağ var – ata dağı və iki bala dağı. Əgər hörmətli Prezident müharibəni dayandırmasaydı, minlərlə insan, millət şəhid olacaqdı. Əgər o, müharibənin qarşısını almasaydı, xalqın övladları, o cümlədən mənim də 14–15 oğlum qurban gedərdi. Buna görə Heydər Əliyevi hədsiz çox istəyirəm. İndi isə atəşkəs yaranıb və bizim düşmənə layiqli cavab verə biləcək nizamlı bir ordu yaratmaq imkanımız var. Bir də ki, Heydər Əliyev əliqabarlı insanlara hörmət və qayğı ilə yanaşan böyük şəxsiyyətdir”.
Yuxarıda xatırlatdığım Novruz bayramı günü baş tutan görüş zamanı Xanış Şahıyev Ulu öndərin xilaskarlıq missiyasını yüksək dəyərləndirərək demişdi: “Əllərimə baxıb ağlayıram, sevinirəm, gülürəm. Ancaq Allah bu əlləri görür. Mən bu əlləri Sənin üçün qaldırmışam və heç nədən narazı deyiləm. Mən bura nəyə görəsə, kiminsə malı ilə deyil, öz əllərimin qabarı ilə gəlmişəm, öz sözümlə gəlmişəm... Sənin haqqında sözü bir dəfə də, yüz dəfə də, min dəfə də danışanda adam doymur. Elə bil ki, heç danışmamışam, ya da birinci dəfədir danışıram. Sənin haqqında nə qədər danışılsa, söz Sənə yaraşır, Sən də sözə yaraşırsan. Mən demişəm: Heydər Əliyev, Sənin başmaqların hər adamın ayağına olar, amma heç kəs Sənin yerişini yeriyə bilməz. Heydər Əliyevin vəzifəyə yox, vəzifənin Heydər Əliyevə ehtiyacı var. Sən balaca vəzifələri də Prezident səviyyəsində aparmısan. Sənin duruşunda da, yerişində də, danışığında da prezidentlik səviyyəsi mövcuddur”.
Həmin görüşdə Heydər Əliyev deyib: “Xanış kişi, mən həmişə səninlə söhbət edəndə çox təəccüb edirəm ki, sən nə qədər müdrik xalq sözü, atalar sözü bilirsən və sənin nitq imkanların nə qədər böyükdür. O qədər gözəl danışırsan ki, bir dənə söz o birini təkrar etmir... Sən kənd adamısan, dağda yaşayırsan. Ancaq bəzən görürsən ki, bizim ayrı-ayrı ziyalılardan sənin danışığın daha yüksək səviyyədədir. Doğrudur, sən mənim haqqımda həddindən artıq xoş sözlər dedin. Buna görə təşəkkür edirəm. Ancaq başa düşürəm, bəzi sözləri də, əlbəttə, məni çox istədiyindən deyirsən. Mən adi bir adamam, Prezidentəm, xalq məni seçibdir. Mən xalqın etimadı ilə də bu vəzifəni aparıram”.
Təəssüf ki, bu, Ulu öndərlə fermer Xanış Şahıyevin son görüşü oldu. Bir neçə ay sonra unudulmaz dahi şəxsiyyət dünyasını dəyişdi. Matəm günü sübh tezdən özünü Bakıya yetirən Xanış kişi böyük dostunu haqq dünyasına yola salanların ön cərgəsində, rəsmi şəxslərin arasında göz yaşı tökə-tökə irəliləyirdi. Bu isə onu göstərirdi ki, böyük dostluq heç bir rəsmiyyət çərçivəsinə sığmır.
…Xanış kişi Ulu öndərə görə çox populyar olmuşdu. Bir dəfə xanımı ilə Sumqayıta – bizə qonaq gəlmişdi. Xəbəri eşidən qonşularımızın hamısı həyətə çıxaraq, Ulu öndərin çoban dostunu yaxından görməyə can atırdı. Bir-bir onunla əl tutub görüşdülər, yaxın adam kimi hal-əhval tutdular. Axşam keçirilən toy məclisində isə Xanış kişinin bəy-gəlinə arzularını bildirməsi və özü ilə gətirdiyi tütəyini çıxarıb ifa etməsi hər kəsi heyran qoydu. Beləcə, Heydər Əliyevin şəxsiyyətinə dəyər verdiyi el ağsaqqalının çıxışı ilə məclisimiz daha təntənəli oldu.
P.S: Azərbaycan Prezidenti İlham Əliyev də Xanış kişi ilə dostluq estafetini həvəslə davam etdirib, Lerikə hər səfərində onunla mütləq görüşüb, səmimi söhbətlər edib. Həmin görüşlərin birində İlham Əliyev tanınmış fermerə bir foto-albom verərək dedi: “Xanış əmi, burada Ulu öndərlə sənin dostluğunu əks etdirən şəkillər toplanıb, qoy, yadigar qalsın”. Xanış kişi bundan çox məmnun olaraq belə cavab verdi: “Sənin mənə əmi deyən dilinə qurban! Bu albom mənim üçün ən böyük hədiyyədir. Göz bəbəyim kimi qoruyacağam”...
Tanınmış fermer 10 ildən çoxdur ki, aramızda yoxdur. Ondan sonra da ailə üzvləri hamılıqla dahi rəhbərin ölməz ruhuna sonsuz ehtiram bəsləyir. Şahıyevlər Prezident İlham Əliyevin hər əmrinə müntəzir əsgər kimi vətənpərvərlik nümunəsi göstərirlər. İki oğlu I Qarabağ müharibəsində şəhid olmuş Xanış Şahıyevin iki nəvəsi də II Qarabağ müharibəsində canından keçərək əbədiyyətə qovuşub. Bu, sostluq ənənəsinə sədaqətin bir nümunəsi oldu.
Əli NƏCƏFXANLI
XQ