Ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti ərzində – istər Azərbaycanda hakimiyyətinin birinci dövründə, istərsə də müstəqilliyimizin bərpasından sonrakı mərhələdə xalqımızın azadlığının, dövlətçiliyinin müqəddəratı ilə bağlı tarixi addımlar atıb. Ulu öndər bu yolda “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib, misilsiz fədakarlıqlar göstərib, Vətənin ən ağır günlərində siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən dövlətini, xalqını məhv olmaqdan xilas edib.
Dahi şəxsiyyət bütün bunlara nail olmaq üçün, ilk növbədə, insanların hüquq və azadlıqlarının ifadəsinin və müdafiəsinin ən ali forması olan qanunlara dürüst əməl edilməsi prinsipini önə çəkib, sağlam mənəvi mühitin formalaşması məqsədilə cinayətkarlığa, xüsusən rüşvətxorluq və korrupsiya kimi ağır cinayətlərə qarşı qətiyyətli addımlar atıb.
Ulu öndər ölkəmizdə ali hüquq təhsili sisteminin yüksək səviyyədə, haqq-ədalət çərçivəsində təşkilinə xüsusi önəm verir, bu məsələni daim diqqət mərkəzində saxlayırdı. Bu, təsadüfi deyildi. Çünki vətənpərvər, savadlı və vicdanlı hüquqşünas kadrları yetişdirilmədən respublikada ədalətli cəmiyyət quruculuğunda uğura nail olmaq müşkül idi. Ümummilli lider Azərbaycanın prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda bununla bağlı deyirdi: “Mən xüsusi qeyd etmək istəyirəm ki, 1960, 1970, 1980-ci illərdə Azərbaycanda milli prokuror kadrları hazırlandı, yetişdi və bu gün Azərbaycan prokurorluğunun əsasını təşkil edən kadrlar yüksək peşəkarlığa, hüquqi təhsilə malik olan və öz vəzifələrini yerinə yetirə bilən kadrlardan ibarətdir. Bunlar hamısı bir gündə, bir ildə hazırlana bilməzdi. Azərbaycanda prokurorluq orqanları on illər ərzində təşkil olunmuş, formalaşmış, inkişaf etmiş və bugünkü yüksək peşəkar səviyyəyə çatmışdır”.
Heydər Əliyev xalqın təkidli çağırışı ilə Azərbaycan rəhbərliyinə yenidən qayıtdığı ilk illərdə respublikamız və xalqımız çox ağır sınaqlarla üzləşmiş, dövlətçiliyimizin əsasları ciddi şəkildə zəifləmiş, cinayətkarlıq halları çoxalmışdı. Həmin vaxt dövlət idarəçiliyindəki səriştəsizlik ölkədə vətəndaş qarşıdurmasına, xaosa, hərc-mərcliyə, özbaşınalığa gətirib çıxarmış, müstəqilliyimizin məhv olmaq təhlükəsi yaranmışdı. Bu illərdə prokurorluq orqanlarında da qeyri-sağlam vəziyyət hökm sürür, sistem üzərinə düşən vəzifələri həyata keçirməkdə çətinlik çəkirdi. Ümummilli lider həmin vaxt diqqəti, ilk növbədə, ictimai-siyasi sabitliyin, qanunçuluğun bərqərar edilməsinə, milli dövlətçiliyin və ictimai təhlükəsizliyin qorunmasına yönəltdi, cəmiyyətin cinayətkar ünsürlərdən təmizlənməsini, güclü və səmərəli hüquq-mühafizə sisteminin formalaşmasını diqqət mərkəzində saxladı, daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə qarşı ciddi mübarizə tədbirlərinə başladı.
Heydər Əliyev qısa müddətdə gecəli-gündüzlü fədakar əməyi hesabına ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi, cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoydu. Onun 1994-cü ildə imzaladığı cinayətkarlıqla mübarizə məqsədi daşıyan tarixi fərmanı bu taleyüklü məsələdə– qanunçuluğun və hüquq qaydalarının möhkəmlənməsində, cinayətkar təzahürlərinə, mütəşəkkil cinayətkarlığa, korrupsiya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sərt mübarizədə əsaslı dönüş yaratdı.
Bu məqamda o dövrün mühüm bir hadisəsini də xatırlatmaq istərdim. Bu, dahi şəxsiyyətin Azərbaycan Respublikası Konstitusiyasının 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunması ilə bağlıdır. Belə ki, zəngin dövlətçilik təcrübəsinə əsaslanan Heydər Əliyev müstəqil Azərbaycanın ilk milli Konstitusiyası yaradılarkən qanunun aliliyini önə çəkdi, hüquqi dövlətin bütün prinsiplərini–insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti kimi məsələləri diqqət mərkəzində saxladı, insan haqlarının təminini dövlətin ali məqsədi kimi bəyan etdi.
Yeni Konstitusiyanın qəbul edilməsindən sonra isə Ulu öndərin 1996-cı ilin fevralında imzaladığı fərmanla hüquqi islahatlar üzrə komissiya yaradıldı. Bununla da ölkədə hüquqi islahatların həyata keçirilməsinə başlandı. Bu, ilk növbədə, məhkəmə-hüquq sisteminin müasirləşməsində özünü qabarıq büruzə verdi. Eyni zamanda, həmin komissiya tərəfindən ictimai münasibətlərin müxtəlif sahələrini tənzimləyən bir sıra qanunların, o cümlədən prokurorluğun fəaliyyətinə aid müddəaları nəzərdə tutan normativ-hüquqi aktların layihələri hazırlandı. Bu layihələr əsasında isə respublikanın hüquq sisteminin formalaşmasında əhəmiyyətli rol oynayan “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Polis haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və digər qanunlar qəbul edildi.
Ümummilli lider Heydər Əliyev respublika prokurorluğunun fəaliyyətinin dünya standartları səviyyəsində təkmilləşdirilməsinə, ən yüksək beynəlxalq tələblərə uyğun formalaşdırılmasına mühüm önəm verir, prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərirdi. Dahi şəxsiyyətin 1998-ci il noyabrın 28-də prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr edilmiş təntənəli yığıncaqdakı nitqində “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma, eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız” vurğuladığı sözlər də yuxarıdakı fikrin bariz ifaədsi idi.
Ümumiyyətlə, Ulu öndər dövlət başçısı kimi daim inandığı, güvəndiyi və arxalandığı prokurorluq orqanlarına qayğısını heç vaxt əsirgəmədi. Prokuror peşəsinə dərin hörmət və ehtiramının bariz təzahürü kimi, hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzaladı. Belə bir dəyərləndirmə hər bir prokurorluq işçisində fəaliyyətinə daha məsuliyyətlə yanaşmağı, etimadı doğrultmağı şərtləndirdi.
Yeri gəlmişkən, Ulu öndər Heydər Əliyevin prokurorluq orqanlarının fəaliyyətində səmərəliliyin daha da artırılmasına müsbət təsir göstərən tarixi bir hadisəni də xatırlatmaq istərdim. Belə ki, dahi şəxsiyyətin respublika prokurorluğunun rəhbər işçiləri ilə 2000-ci il aprelin 26-da keçirdiyi görüşdə Ümummilli liderin onların diqqətinə yönəltdiyi tövsiyə və göstərişlər proqram xarakteri daşımaqla bu sahədə reallaşdırılan islahatların icrasını, prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsini, prokurorluğun struktur və mahiyyət baxımından tam yenidən qurulmasını, zəruri normativ-hüquqi bazanın yaradılmasını sürətləndirdi. Bu istiqamətdə gerçəkləşdirilən layihələr isə dövlətçiliyin və milli maraqların etibarlı qorunmasını, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsini, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin ən yüksək səviyyəyə qaldırılmasını şərtləndirdi.
Bütün bunlarla bərabər, bir az əvvəl vurğuladığım tövsiyə və göstərişlər prokurorluq sistemində ciddi tələbkarlıq şəraitinin formalaşdırılması, prokurorluğun demokratik məzmunda yeniləşdirilməsi, mövcud neqativ təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması və kadrların yeni mütərəqqi formalar əsasında seçilməsində əhəmiyyətli rol oynadı. Ümummilli lider Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli fərmanı ilə “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsilə prokurorluq orqanlarına işə qəbulun şəffaf prosedurlar əsasında müsabiqə yolu ilə aparılması qaydalarının müəyyənləşdirilməsi də bunun parlaq ifadəsi idi.
O dövrdə Ulu öndər əfv və amnistiya təsisatlarının yaradılmasına da prioritet istiqamət kimi yanaşdı.1995-2003-cü illər ərzində 7 amnistiya aktının və 32 əfv fərmanının qəbul edilməsi də bunun bariz ifadəsi idi. Həmin amnistiya aktları 77 mindən çox insana şamil edilmişdi. Eyni zamanda, 1993-cü ildən ölüm cəzasının icrasına moratorium qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi dahi şəxsiyyətin böyük qəlb və mənəviyyat sahibi olduğunun təsdiqinə çevrildi, Azərbaycanın demokratik-hüquqi dövlət quruculuğu yolunda olduğunu bir daha sübut etdi.
Ulu öndərin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə prokurorluq orqanlarında islahatlar yeni dövrün tələbləri səviyyəsində məqsədyönlü şəkildə davam etdirilir, prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi, dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması, eyni zamanda, prokurorluq orqanları əməkdaşlarına böyük diqqət və qayğı göstərilməsi məqsədilə davamlı zəruri tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyev 2020-ci il mayın 1-də yeni təyin olunan Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən kadrların peşəkarlığının daim diqqət mərkəzində saxlanılmasının vacibliyini qeyd edərək deyib: “Həm bu gün fəaliyyətdə olan kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməlidir, həm də prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilər yüksək peşəkarlığa malik olmalıdırlar, eyni zamanda, bu vacib amillə bərabər, dövlətçiliyə sədaqət prinsipləri də həmişə üstün olmalıdır”.
Dövlət başçısının bu dəyərli tövsiyəsi ötən müddətdə prokurorluğun daim diqqət mərkəzində saxlanılıb, bu sahədə islahatların dərinləşdirilməsinə və fəaliyyətin təkmilləşdirilməsinə dair mühüm tədbirlər həyata keçirilib, prokurorluq orqanlarının dövrün tələblərinə uyğun şəkildə təşkilinə xüsusi önəm verilib, struktur dəyişikliklərinin və kadr islahatlarının həyata keçirilməsi uğurla davam etdirilib.
Əminliklə bildirirəm ki, prokurorluq işçiləri bundan sonra da dövlətimizin başçısının müdrik və uzaqgörən siyasətini tam dəstəkləyərək, öz fəaliyyətlərini müstəqil dövlətçilik prinsipləri əsasında quraraq səylərini daha da artıracaq, üzərlərinə düşən bütün vəzifələri yüksək məsuliyyət hissi ilə dərk etməklə, vaxtında və keyfiyyətlə yerinə yetirəcək, qanun pozuntularına qarşı mübarizəni gücləndirəcəklər.
Hidayət NURƏLİBƏYOV,
Nərimanov rayon prokuroru, ədliyyə müşaviri