Daşkənddə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib

post-img

Azərbaycanın Özbəkistandakı səfirliyi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi i(AMM) lə birgə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirib.

     Mərasimdə səfirliyin əməkdaşları, Özbəkistanın elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak edib.

     Əvvəl Azərbaycanın Özbəkistandakı səfirliyinin foyesində Ümummilli Liderin büstü önünə əklil və gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb.  İştirakçılar Heydər Əliyev haqqında buraxılan kitab və albomlarla tanış olduqdan sonra “Ulu Öndər Heydər Əliyev fotoşəkillərdə” adlı sərgiyə baxış keçirilib.

Monitorda bu böyük siyasətçinin həyatı, dünya dövlətlərinin rəhbərləri ilə görüşlərini əks etdirən videofilm göstərilib. 

     Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışıb, sözü ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyevə verib. 

     Səfir Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin möhkəmlənməsində mühüm rolundan danışıb.

     Hüseyn Quliyev Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib. O, Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrdən başlamış Moskvadakı fəaliyyəti və ən nəhayət, xalqın təkidli tələbi ilə Bakıya qayıdaraq müstəqil Azərbaycanın Prezidenti seçilməsi, ölkəmizi, sözün əsl mənasında, xilas etməsi haqqında söhbət açıb. H.Quliyev deyib ki, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyev ölkəmizi dünyaya tanıtdı, qısa müddətdə siyasi və iqtisadi islahatlara başladı, nəticədə uğurlu nəticələr əldə edildi.

     Səfir Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında da söz açıb.

     H.Quliyev 44 günlük Vəıtən müharibəsi nəticəsində torpaqlarımızın Ermənistan işğalından azad edilməsi, bu torpaqlarda tikinti-quruculuq işlərinin aparılması haqqında da məlumat verib. 

     “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, diasporumuzun üzvlərindən İsmayıl Məmmədov, Gülnarə Babacanova və başqaları Heydər Əliyevin xatirəsinin daim qəlblərdə yaşayacağını bildirib, qüdrətli dövlət xadiminin Azərbaycan və türk dünyası qarşısındakı xidmətlərindən danışıblar.

     Qeyd edək ki, bu gün Ümummilli Lider Heydər Əliyevin AMM-nin qarşısındakı və Daşkənddəki Heydər Əliyev parkındakı abidələrinin önünə də gül dəstələri qoyuluv, xatirəsi ehtiramla yad edilib. 

 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       

 

 









Sosial həyat