“Əbədi ömrün ilk əsri”

post-img

Dekabrın 12-də Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ümummilli lider Heydər Əliyevin vəfatının 20 illinə həsr olunmuş anım günü ilə əlaqədar “Əbədi ömrün ilk əsri” adlı elmi sessiya keçirilib. Əvvəlcə tədbir iştirakçıları muzeyin “İstiqlal” zalında təşkil edilmiş Ulu öndərin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış oldular. Sonra muzeyin direktoru akademik Rafael Hüseynov dünya şöhrətli azərbaycanlı, görkəmli dövlət xadimi Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışdı.  Bildirdi ki, Azərbaycanın tarix boyu yaşayan bir çox şəxsiyyətləri var ki, onlar rəmz olaraq qalırlar. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsimi, Şah İsmayıl Xətai xalqımız qarşısında misilsiz xidmətlər göstərmiş, parlaq iz qoymuş böyük tarixi şəxsiyyətlərdir. Heydər Əliyev də məhz belə –Azərbaycan xalqının rəmzinə çevrilmiş görkəmli dövlət xadimidir. Azərbaycan nə qədər müstəqil olacaq, istiqlalımız nə qədər davam edəcək Heydər Əliyev də həmişə xalqın yaddaşında hörmət və ehtiramla xatırlanacaq.

Azərbaycanın müstəqilliyini, istiqlalını məhv olmaqdan xilas etməsini, onu möhkəmləndirməsini dahi liderin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən olduğunu bildirən Rafael Hüseynov deyib: “Heydər Əliyevin Azərbaycanın müstəqilliyini, istiqlalını ən mürəkkəb bir zamanda qoruyub-saxlamağa, onu yeni zaman içərisində yüksəltməyə müvəffəq olub.

Hər bir xalqın ali sərvəti onun istiqlalı, müstəqilliyidir. 

Akademik qeyd etdi ki, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan sonradan etibarlı əllərə tapşırıldı, Ümummilli liderin yolunu, siyasi kursunu Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətlə davam etdirdi. Bu gün Azərbaycan dövlət müstəqilliyini və suverenliyini tam bərpa edib. Respublikamızın hər yerində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. İşğaldan azad olunmuş torpaqlarımızda böyük quruculuq işləri aparılır, məcburi köçkünlər öz doğma yürdlarına qayıdır.

Dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi sovet dövründə bütün sahələrdə böyük inkişafa və quruculuq işlərinə nail olunduğunu deyən R.Hüseynov bildirdi ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmizin adı 15 müttəfiq respublika içərisində sonuncu yerlərdə çəkilirdi. Qısa zamanda böyük sənaye, tədris müəssisələrinin, sosial obyektlərin tikilib istifadəyə verilməsi və Ulu öndərin həyata keçirdiyi siyasət Azərbaycanı qabaqcıllar sırasına çıxardı. 

Ulu öndərin qətiyyəti sayəsində Bakıda yüksəkixtisaslı hərbçi kadrların yetişdirilməsi üçün Cəmşid Naxçıvanski adına hərbi məktəb açıldı ki, bu məktəbin yetişdirdiyi kadrlardan müstəqillik illərində ordu yaradıldı.

Rafael Hüseynov diqqətə çatdırıb ki, Ümummilli liderin müxtəlif sahələrdə milli kadr potensialının daha da gücləndirilməsi istiqamətində mühüm xidmətləri olub. Belə ki, Heydər Əliyevin təşəbbüsü və himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il yüzlərlə gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi. Bu iş ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da davam etdirildi.

Digər sahələrlə yanaşı milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətin təbliği də Ulu öndərin diqqətində olan ən böyük məsələlərdən idi. Heydər Əliyev hər zaman elm və incəsənət adamlarına xüsusi diqqət və qayğı ilə yanaşırdı. “Kitabi- Dədə Qorqud” dastanının 1300 illiyinin, Azərbaycanın görkəmli elm, mədəniyyət xadimlərinin, dahi Nizaminin, Füzulinin, Nəsimin yubileylərinin ölkəmizdə və xaricdə böyük təntənə ilə qeyd edilməsi ümummilli liderin mədəniyyətə, ədəbiyyata olan böyük sevgisindən irəli gəlirdi. 

Muzeyin direktoru əlavə etdi ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Ulu öndər ölkəmizi, müstəqilliyimizi üzləşdiyi təhlükələrdən xilas etdi. Bütün sahələrdə tərəqqi və inkişafa nail olundu. 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı neft şirkətləri ilə bağlanan “Əsrin müqaviləsi” Azərbaycanın gələcək iqtisadi təməllərinin əsasını qoydu, beynəlxalq nüfuzunu artırdı və siyasi çəkisini yüksəltdi.

R.Hüseynov “Azərbaycan dünyaya günəş kimi doğacaq” deyən Ulu öndərin görmək istədiyi Azərbaycanın bu gün müstəqilliyini, suverenliyini tam bərpa etdiyini, 44 günlük Vətən müharibəsində tarixi Zəfərini qazandığını söylədi. Qazanılan bütün nailiyyətlərin Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu və Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini vurğuladı. Natiq əminliklə ifadə etdi ki, Azərbaycan xalqı hər zaman Ulu öndərini böyük ehtiram, iftixar və minnətdarlıqla xatırlayacaq. Gələn il keçiriləcək Prezident seçkilərində Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı İlham Əliyevə yekdilliklə səs verəcək.

Tədbirdə görkəmli dövlət xadimi Heydər Əliyevin həyatının, siyasi fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən videorolik də nümayiş olundu.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

 





Sosial həyat