“Heydər Əliyev Azərbaycandır!”

post-img

İşğaldan azad edilmiş Laçında Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb. “Lacinema” Kino Mərkəzində H. Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycandır!” sənədli filminin təqdimatı keçirilib. 

Filmin nümayişindən öncə, Azərbaycanın Dövlət Himni səslənib. Yerli sakinlərin, hərbçilərin iştirakı ilə keçirilən, Prezident nümayəndəliyinin və Laçın Abadlıq Xidmətinin rəhbərliyinin təmsil olunduqları tədbirdə ömrünü Vətənin müstəqilliyi uğrunda mübarizəyə hısr etmiş şəxsiyyətin, Qarabağ savaşında canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

31 il davam edən işğaldan sonra doğma yurd-yuvalarına qayıtmış sakinlər böyük siyasətçinin zamanı qabaqlayan dühasından söz açaraq, Azərbaycanın müstəqil gələcəyi üçün nəsillərə ötürdüyü mirasın dəyərini vurğuladılar. Ölkənin ən çətin günlərində, öz Vətənində köçkün kimi yaşamaq məcburiyyətində qalmış laçınlılarla görüşdə H. Əliyevin söylədiyi ümidverici, nikbin fikirlərin gerçəkləşdiyini xatırlatdılar.

Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikasının xüsusi nümayəndəliyi adından çıxış edən Qalib Abbasov bildirdi ki, Qarabağ müharibəsində, Ali Baş Komandanın iradəsi ilə Müzəffər Ordumuzun qazandığı parlaq qalibiyyətdən sonra, çox qısa müddət ərzində quruculuq sahəsində atılan addımlar daha bir Zəfər salnaməsi sayıla bilər. Bu gün öz “külündən dirçələn” Laçın və bütünlükdə Qarabağ, xalqın yenilməz birliyi qarşısında düşmən qüvvələrin fitnələrinin hökmən boşa çıxacağının isbatı, Liderin böyük siyasət meydanında verdiyi qətiyyətli bəyanatların təsdiqidir.

Yerli sakinlər adından anım gününə toplaşanları salamlayan Qəzənfər Hüseynov doğma torpağa böyük qayıdışın sevincini paylaşaraq,  laçınlıların öz yurd-yuvalarının dirçəlişində daim fəal iştirak edəcəklərini söylədi. 

Daha sonra,  “Heydər Əliyev Azərbaycandır!” filmi nümayiş olunub. Baş prodüseri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, quruluşçu rejissorları Seyran Mahmudoğlu və Fariz Əhmədov, ssenari müəllifi Yunis Orucov olan filmin hazırlanması üçün Azərbaycanın bir sıra regionlarında çəkilişlər aparılıb, böyük həcmdə tarixi məlumatlar toplanıb.

XQ



Sosial həyat