Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Kiyevdə də anılıb

post-img

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Ulu Öndərin Kiyevdəki Heydər Əliyev adına parkda yerləşən abidəsinin önündə anım mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin taleyinin və gələcəyinin təyin olunmasında həmişə həlledici rol oynayıb. “Ümummilli Liderin bizə qoyub getdiyi güclü Azərbaycan bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da güclənir, dünyada söz sahibinə çevrilir. Məhz ona görə də, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad edib”, - deyə Seymur Mərdəliyev əlavə edib.

Sonra Ulu Öndər Heydər Əliyevin səfirlikdəki abidəsi önünə gül dəstəsi qoyulub, Ümummilli Liderin əziz xatirəsi yad edilib.

Daha sonra Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Ukrayna Müsəlmanları Dini İdarəsində anım tədbiri keçirilib və ehsan süfrəsi açılıb.

Mərasimdə səfirliyin diplomatları, diaspor fəallarımız, soydaşlarımız, dini xadimlər iştirak ediblər. Anım tədbirində çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanın tarixindəki əvəzsiz rolundan danışaraq diqqətə çatdırıblar ki, Heydər Əliyevin əziz xatirəsi müsəlman xalqları tərəfindən dərin hörmət və ehtiramla yad olunur.

Mərasimdə Ukrayna Müsəlmanları Dini İdarəsinin sədri, Ukraynanın müftisi Şeyx Əhməd Təmim və digər dini xadimlər tərəfindən Ulu Öndərin əziz xatirəsinə müqəddəs kitabımız olan “Qurani Kərim”dən ayələr və “Yasin” surəsi oxunub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sosial həyat