Məişət zorakılığı cəmiyyətə vurulan zərbədir

post-img

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçı­lığı ilə “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Mərasimdə “Azərbaycan Respub­likasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası istiqamətində görülən işlər, eləcə də bu sahədə digər ölkələrin müsbət təcrübələrinə dair təqdimatlar edilib, mövcud problemlər və perspektivlər barədə panel müzakirələri aparılıb.

Konfransda Baş nazirin müavini Əli Əhmədov və dövlət orqanlarının vəzifəli şəxsləri ilə yanaşı, BMT-nin Azərbaycan­dakı rezident–əlaqələndiricisi, BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkə­zi Asiya üzrə regional direktoru, Avropa Şurası Gender bərabərliyi şöbəsinin rəh­bəri, Koreya Respublikası Parlamentinin Gender bərabərliyi və ailə komitəsinin sədri, Almaniya Schlesviq-Holsteyn tor­pağı üzrə Ədliyyə və Sağlamlıq Nazirliyi Probasiya Xidmətləri Departamentinin rəhbəri, Belarus, Böyük Britaniya və ABŞ universitetlərinin alimləri, Naxçıvan Mux­tar Respublikası da daxil olmaqla bütün regionlardan mərkəzi və yerli icra haki­miyyəti orqanlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, vətəndaş cəmiy­yəti institutlarının nümayəndələri və jur­nalistlər iştirak edirdilər.

AQUPDK-nın sədri Bahar Muradova çıxışında məişət zorakılığının cəmiyyətə, xüsusilə, ailə dəyərlərinə vur­duğu ziyandan söz açdı. Bununla bağlı AQUPDK-nə hər il təqribən 400-ə yaxın müraciət daxil olduğunu bildirdi. Qeyd etdi ki, edilən hər müraciət qurum tərə­findən nəzarətə götürülür, zərər çəkmiş şəxslərə dəstək məqsədilə dövlət orqan­ları arasında əlaqələndirmə həyata keçi­rilir. Aparılan genişmiqyaslı məlumatlan­dırıcı və maarifləndirici tədbirlər məişət zorakılığı hallarının daha çox aşkar edil­məsinə təkan verib: “Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan mü­raciətlər son dörd ildə üç dəfə artıb. Belə ki, quruma 2020-ci ildə 178, 2023-cü ilin 11 ayında isə 550 müraciət daxil olub”.

Elm və təhsil naziri Emin Əmrullayev valideynlər arasında olan münaqişənin ailədə uşaqlara birbaşa təsir etdiyini, onlarda psixioloji gərginlik yaratdığını dedi. Bildirdi ki, ailə daxilində baş verən zorakılıq cəmiyyətdə özünü büruzə verir. Məktəblərin təhlükəsizli­yi baxımından nazirlik bir çox layihələr həyata keçirir ki, bunlardan ən uğurlusu “Məktəblinin dostu”dur: “Bu layihənin əhatə dairəsi genişləndirilir. Çünki mək­təblərdə xoşagəlməz hallardan sığorta­lanmamışıq”.

Məişət zorakılığına ən çox məruz qalanların uşaqlar və qadınlar olduğunu söyləyən əmək və əhalinin sosial mü­dafiəsi naziri Sahil Babayev bildirdi ki, Sumqayıtda, Bakıda və Cəlilabadda zorakılıqdan əziyyət çəkənlərə nazirliyin nəzdində fəaliyyət göstərən sosial dəstək mərkəzlərinin əməkdaşları tərəfindən yardım göstərilir. Amma bu zorakılığın qarşısının alınmasına yönələn tədbir de­yil, dəstək xarakterlidir. Məişət zorakılığın qarşısının alınması üçün ailə dəyərlərinin artırılması vacibdir. 

Milli Məclisin komitə sədri Hicran Hüseynova, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, BMT-nin ölkəmizdəki rezident–əlaqələndiricisi Vladanka And­reyeva və digər iştirakçılar zorakılığın qarşısının alınması ilə bağlı təcrübələrini bölüşdülər. 

Panel sessiyalarda məişət zorakılığı­nın müxtəlif növləri və onlara qarşı müba­rizə üsullarına həsr olunmuş məruzələr dinlənildi. “Məişət zorakılığından zərər çəkmiş şəxslərin ədalət mühakiməsinə çıxış imkanları” mövzusunda məruzə ət­rafında geniş müzakirələr aparıldı. 

Ali Məhkəmənin Cinayət Kollegiya­sının hakimi Ələsgər Novruzov məişət zorakılığını cinayətin bir növü adlandırdı və dünyanın aparıcı dövlətlərində də baş verdiyini bildirdi. O, 622 nəfər təqsirlən­dirilən şəxs barəsində işlərin öyrənilməsi nəticəsində müəyyən edilmiş nəticələri də açıqladı: “Müəyyən edilib ki, əsasən təqsirləndirilən şəxslər kişilər, zərərçək­mişlər isə qadınlardır. Belə ki, təqsirlən­dirilən şəxslərdən 94 faizi kişilər, 6 faizi isə qadınlardır”.

Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat və əmə­liyyat axtarış fəaliyyətində qanunla­rın icrasına nəzarət idarəsinin böyük prokuroru Rəfail Süleymanov faktla­ra toxundu: “Ailə-məişət cinayətlərinin aktuallığını nəzərə alaraq, tərəfimizdən aparılan ümumiləşdirmə zamanı müəy­yən edilib ki, 2022-ci ildə qadınlara qar­şı 6671 cinayət faktı qeydə alınıb. Ailə-məişət münaqişəsi zəminində baş verən cinayətlərin 1129-da zərərçəkmiş şəxs qadınlar, 244-də isə kişilərdir. Zərərçək­mişlərdən isə 12-si yeniyetmədir. Onlar­dan 3-ü qız, 9-u isə oğlandır”. O, 2023-cü ildə qadınlara qarşı törədilən 5034 ci­nayətin 1396-nın ailə-məişət münaqişəsi zəminində baş verdiyini diqqətə çatdırdı.

AQUPDK-nin sədr müavini Sədaqət Qəhrəmanovanın moderatorluğu ilə keçən panel iclasda ‘’Məişət zorkılığı hallarının profilaktikası və aşkarlanma­sı’’ mövzusu müzakirə edildi. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin, Daxili İşlər Nazirliyinin, Minsk Şəhər İcraiyyə Komitəsinin, Elm və Təhsil Nazirliyinin nümayəndələri müzakirələrə qoşularaq belə halların aşkarlanmasında polisin, təhsil işçilərinin, uşaqların mühafizəsi məqsədilə yaradılan QHT-nin köməyin­dən istifadə edilməsinin vacibliyini vurğu­ladılar.

Konfrans dekabrın 7-də davam edə­cək.

Zərifə BƏŞİRQIZI
XQ



Sosial həyat