Zəfər yürüşününölüm-dirim döyüşü

post-img

Onun söylədikləri kino lenti kimi gözlərimiz önündən keçir. Özümü­zü gerçək döyüş meydanında hiss edirik. Mayor İntiqam Əmirov sa­vaşdan həyəcansız danışa bilmir:

– Döyüş elədir ki, bəzən sənə 200-300 əsgər versələr də, tapşırığı yerinə yetirmək mümkün olmaz. Amma iki-üç nəfər bacarıqlı zabit, rütbəli zabit görəndə elə bilirsən ki, bir briqada köməyinə gəlib. İdarəetmə tam başqa şeydir. Bəzən olurdu ki, döyüşdə əs­gərlər panikaya düşür, xaos yaranır. Əsgərin biri oradan çığırır: “qəlpə dəy­di”, o biri deyir ki, “yaralandım”. Bir başqası isə qışqırır: “Komandir, düş­mən zirehli texnikası gəlir”. Döyüşdə ayağını, qolunu itirən, gözü çıxan, bə­dəni param-parça olan hərbçi az olmur. Belə bir şəraitdə əsgərləri idarə etmək çox çətinləşir, onları döyüşə kökləmək, yenidən təşkil etmək o qədər də asan olmur. Döyüşü təşkil etmək, nizam-inti­zam yaratmaq isə çox önəmlidir. 

Adi bir diqqətsizlik, qorxaqlıq bö­yük faciələrə səbəb ola bilər. Bölmənin rəhbərliyini və nəzarətini möhkəm sax­lamaq vacibdir. Ona görə də peşəkar zabitlərə çox ehtiyac olur. Bəli, döyüş göstərir ki, saydan çox, idarəetmə ba­carığı önəmlidir. Mən bunu gördüm, döyüşlərdə yaşadım. Çətin məqamda qərar qəbul etmək, vəziyyəti düzgün qiymətləndirmək əsas şərtlərdən biri­dir. 

Özümü itirmədim, o stresi yaşama­dım, göz yaşım gəlmədi, ən çətin hal­da çıxış yolunu tapa bildim. Mən belə şəraitdə tabeliyimdə olanlara deyirəm: “Şəhid olanlara Allah rəhmət eləsin, Vətən sağ olsun, bir kənara qoyun, qisasını alaq, döyüşümüzü davam et­dirək. Hələ də fikirləşirəm ki, necə ya­şadım bunları, bu qanlı səhnələri.

Zabitin sözlərinə görə, “N” saylı hərbi hissənin bölmələri Suqovuşan is­tiqamətində hücuma keçmişdi. “Biz isə əvvəlki mövqedə möhkəmlənmişdik. Gecə düşmən yenidən həmlə etdi. Bu barədə komandirlə danışıb artilleriya dəstəyi istədim. Xətdə Əfqan Abdurah­manovun sakit-sakit koordinatları artil­leriya bölməsinə verdiyini eşitdim. Bun­dan əvvəl o, yüksəkliyin müdafiəsində artilleriya ilə işləmişdi və koordinatları yaxşı bilirdi. Özü mənimlə əlaqəyə çıx­dı.

– Yolu bağla, nəzarətdə saxla, əsas diqqətini yola ver, qalan yerdən girə bil­məzlər. – dedi.

– Bağlamışam, – dedim.

Düşmənin əks-hücumunun qarşısı­nı aldıq”. 

Sentyabrın 30-da 4-cü tabora kömək üçün 1-ci tabor komandirinin maddi-texniki təminat üzrə müavini, kapitan Vüqar Əliyev başda olmaqla bir bölük göndərilir. Tabor komandiri dedi: “Qısamüddətli sakitlik oldu, hiss edirdim ki, aldadıcı bir sakitlikdir. Səhə­risi, oktyabrın 1-i axşamı atışma düş­dü, hücumun qarşısını aldıq. Həmin döyüşdə Amil Rzayev qumbaraatan kimi çox fəal iştirak etdi, düşmənin can­lı qüvvəsinin məhv edilməsində önəmli rol oynadı. Oktyabrın 1-də yaralandı, axşamüstü şəhid oldu.

Oktyabrın 2-si, günorta üstü idi, bir də gördüm bizim mövqeyin üstündə pi­lotsuz uçuş aparatı uçur. Dərhal briqa­da komandiri ilə əlaqə yaratdım, PUA ilə bağlı məruzə etdim. Dəqiqləşdirmək istəyirdim ki, aparat bizə, yoxsa düş­mənə aiddir.

Briqada komandiri dedi: 

– Gözlə, dəqiqləşdirək. 

Ermənilərin uçuş aparatı qara olur. Bir az yaxınlaşanda gördüm ki, korpu­su qaradır və dərhal atəş əmri verdim. Az sonra xəbər gəldi ki, biz tərəf ha­vaya pilotsuz uçuş aparatı qaldırma­yıb. Bir neçə dəqiqədən sonra aydın oldu ki, düşmən tərəfi yerüstü kəşfiyyat aparır, kameralar vasitəsilə məlumatlar toplayırmış. 

Saat 15:30 olardı. Durduğumuz yüksəklikdən aşağıdakı dərədən zəif səslər gəlməyə başladı. Ermənilər idi. Həmin istiqamətə müşahidə yeri var­dı və oradan həm 1444 yüksəkliyini izləmək, həm də dərə istiqamətindən gələn səsləri eşitmək olurdu. Minaa­tan batareyanın komandirini də özüm­lə götürüb ora getdim. Yanımızda 2-ci tabora qərargah rəisi təyin olunmuş mayor Azad Həsənov da vardı. Sol­tan Məmmədovun taboru bizdən aralı olduğundan mənim yanıma gəlmişdi. Mən minaatan batareyanın komandi­rini ona görə gətirmişdim ki, dərəyə baxsın, koordinatları çıxarsın və dərə­ni vursun.

Bir neçə dəqiqə keçmişdi ki, mövqe­yimizə artilleriya və minaatanların atəşi başladı, avtomat və pulemyotlardan da atırdılar. Yüksəkliyə düşmənin şəxsi heyəti hücuma keçdi: irəliləməyə can atırdılar. Əfqan Abdurahmanov həmişə deyərdi ki, yolu nəzarətə götür. Elə də etdim.

Gərgin döyüş gedirdi, düşmən nə­yin bahasına olur-olsun, 1353 yüksək­liyini geri almaq, oranı tez bir zamanda tutmaq istəyirdi. Yüksəklik getsə idi, bu vaxtadək əldə etdiyimiz uğurları itirə­cək, əvvəlki mövqeyə qayıdacaqdıq. Yüksəklik nəyin bahasına olur-olsun qorunmalı, son nəfərədək vuruşmalı idik və vuruşduq da. Haradasa saat 16:30-da üzərimizə, daha doğrusu, mən olduğum mövqeyə 120 mm-lik mi­naatanın mərmisi düşdü. Onda gördüm ki, ətrafı toz-duman bürüyüb. Qolum­dan yaralandım, qan sızırdı, kürəyim­dən yaralanmağımdan isə xəbərim yox idi. Sola dönəndə gördüm ki, yaralılar var, yerə uzanıblar. Sağ tərəfdə mənim rabitəçim Ülvi Pənahov şəhid olmuş­du. Şəhid olanlardan biri də baş çavuş Mirzə idi. Mirzə çox cəsur oğlan olub, ölümdən qorxmazdı. Döyüş gedə-gedə şəxsi heyətə çay, yemək paylayar, həm də döyüşərdi. 

Yanıma gələn mayor Azad Həsə­nov, bölük komandirim Xaliq Məmmədzadə də yaralanmışdılar. Xalid ürəkli zabit idi, ən çətin anlarda əzmkarlığı, cəsarəti ilə seçilirdi. Gizir Elvin Abba­sov tabor hərəkət edəndə öncül qrup­da olardı, əgər qabaqda düşmənin hər hansı kəşfiyyat qrupu olardısa, ilk onla­rı qarşılayan və döyüşə girənlərdən biri də o idi. O, yüksəkliyin müdafiəsində də fəal iştirak etdi. 

Mən vurulanda gördüm ki, sən­gərdə olan əsgərlər “kombat yaralan­dı” deyərək oradan çıxmaq istəyirlər. Onların yaralandığımı bilib ruhdan düşmələrinə yol vermək olmazdı, bu panikaya səbəb olardı. Əsgər qorxdu, təlaşa düşdüsə, özünə nəzarəti itirə­cək, hara gəldi qaçacaq. Bunun sonu isə böyük itki deməkdir. Qolumu tuta­raq uca səslə, hamının geriyə, səngərə qayıtmasını əmr etdim. Sonra hərbi hissə komandirinə yaralandığımı mə­ruzə etdim. 

Gizir Fuad Məmmədov, sürücüm Rəşad kürəyimdən yaralandığımı bil­dirdilər. Sanitar gəlib sarğı qoydu, məni döyüş meydanından çıxarıb sığınaca­ğa apardılar. Döyüş meydanında isə taborun qərargah rəisi Etibar Hacıyev qaldı. Yaralanmağıma baxmayaraq, nə qədər çətin olsa da, döyüşü qərargah rəisinin köməyi ilə idarə etdməkdə da­vam etdirdim. Bu yüksəkliyi Əfqanın rəhbərliyi ilə üç gün müdafiə etmiş, əks-həmlələrin qarşısını almışdıq. İndi onu qorumağa, müdafiə etməyə ca­vabdeh mən və taborum idi. Düşmənin əks-həmləsi bu dəfə də uğursuzluğa uğradı. Bu döyüşü uduzmaq haqqımız yox idi. Gecə caat 12-də döyüş sahə­sindən çıxarıldım”.

Bütün çətinliklərə və itkilərə baxma­yaraq, yüksəkliyin düşmən tərəfindən tutulmasına imkan verilmədi. Qanla aldığımız yüksəkliyi heç vaxt geri verə bilməzdik və sonadək qanımızla-canı­mızla qoruduq”.

(Ardı var)

P.ƏFƏNDİ
XQ

Sosial həyat