Şəhidlərin xatirəsinə bölgələrdə ehtiram
Dünən ölkəmizin bütün şəhər və rayonlarında Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən qeyd olunan Anım Günü münasibətilə şəhidləri yadetmə tədbirləri keçirilib. Sübh tezdən axın-axın şəhidlər xiyabanlarına gələn ictimaiyyət nümayəndələri Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin məzarlarını ziyarət edib, xatirələrinə dərin ehtiramlarını bildiriblər. Saat 12:00-da şəhidlərin xatirəsi ölkəmizin bütün ərazisində bir dəqiqəlik sükutla yad olunub.
NAXÇIVAN
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə 27 sentyabr-Anım Gününə həsr olunan dərsdə iştirak edib.
Səlahiyyətli nümayəndə bildirib ki, işğalçı Ermənistanın 2020-ci ilin iyul ayında Azərbaycan Respublikasının dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törətdiyi genişmiqyaslı hücum və ondan sonrakı təxribatlar Azərbaycanın əks-hücum əməliyyatlarına başlaması ilə nəticələndi. Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində şanlı ordumuz böyük zəfərə imza atdı, torpaqlarımızı işğaldan azad etdi. Vətən müharibəsi ilə ordumuz Ermənistan ordusunun məğlubedilməzlik mifini məhv etdi.
Qarabağ iqtisadi rayonunda aparılan uğurlu lokal anti-terror tədbirləri sayəsində suverenliyimizin bərpa olunmasından bəhs edən səlahiyyətli nümayəndə vurğulayıb ki, biz bu uğurları şəhidlərimizə və qazilərimizə borcluyuq. Onlar bizim qürur mənbəyimizidir: “Siz isə olduqca şanlı bir dövr yaşayırsınız. Sizin gəncliyiniz elə bir dövrə təsadüf edir ki, bu dövr Azərbaycanın yeni yüksəliş dövrüdür. Bu vəzifə də sizin üzərinizə düşür. Çalışın ki, şəhidlərimizi və qazilərimizi heç vaxt unutmayasınız və unutdurmayasınız”.
GƏNCƏ
Azərbaycanın 2-ci böyük şəhərində Anım Günü ilə əlaqədar olaraq inzibati və yaşayış binalarından Azərbaycan və Türkiyə bayraqları asılıb.
Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Quru Qoşunlarının iki general-mayoru Vasif Kazımov və İslam Əmirağayev, Türkiyənin Gəncədəki Baş konsulu, YAP Gəncə şəhər təşkilatının sədri, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının nümayəndəsi, Rus Pravoslav Kilsəsinin Baş keşişi, Gəncədəki Yəhudi Dini İcmasının sədri, eləcə də idarə, müəssisə və təşkilat rəhbərləri, müharibə iştirakçıları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş hərbçilərin adları əks olunan abidə ziyarət olunub, önünə əklil və gül dəstələri düzülüb. Hərbi orkestrin ifasında Dövlət himnimiz səsləndirilib.
Tədbirdə bildirilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qarşısını almaq məqsədilə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb. Vətən müharibəsində 3 minə qədər şəhidimiz olub, mindən çox əsgər yaralanıb, 7 nəfər itkin düşüb. Gəncə şəhəri Vətən müharibəsi dövründə 96-sı hərbi, 26-sı mülki olmaqla, 122 şəhid verib. Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Avtomobillər, yanğınsöndürən maşınlar vasitəsilə saat 12:00-da səs siqnalları verilib.
Daha sonra rəsmilər Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazini ziyarət edib, burada həlak olan mülki şəhidlərin şəkil və məlumatlarını əks etdirən lövhəyə baxış keçiriblər. Rəsmilər onların xatirəsinə ehtiram əlaməti olaraq əraziyə gül dəstələri düzüblər.
Bununla yanaşı, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin iştirakı ilə “Məktəbdən qələbəyə” adlı yürüş təşkil olunub.
Silsilə tədbirlərin davamı olaraq Heydər Əliyev Park-Xiyaban Kompleksinin ərazisində şəhidlərin xatirəsinə ağacəkmə aksiyası gerçəkləşib.
SUMQAYIT
Şəhidlər xiyabanında, qarşısında əbədi məşəl alovlanan “Qalib əsgər” abidəsinin ətrafına toplaşan sumqayıtlılar Anım Gününü elliklə qeyd ediblər. Cəmi 44 günə qazanılan Zəfərin Azərbaycan tarixinə şəhidlərimizin canı, igidlərimizin qanı ilə yazıldığı vurğulanıb. Ziyarətçilər Vətən müharibəsində rəşadətli ordumuzun torpaqlarımızı işğaldan azad etməklə 30 illik yurd həsrətinə son qoyduğunu qürurla xatırlayıblar.
Mərasimdə şəhid ailələri və qazilərimizin ölkə başçısı cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət və qayğısı ilə əhatə olunduqları qeyd edilib. Sumqayıtlılar saat 12:00-da şəhidlərin xatirəsinə dərin ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Sükut dəqiqəsi zamanı dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.
“Qalib əsgər” abidəsinin önünə əklil qoyan şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov sonra orada toplaşmış şəhid ailələrinin üzvləri və qazilərlə görüşüb, onların qayğıları ilə maraqlanıb. Şəhid ailələri onlara göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər. Onu da qeyd edək ki, bir gün əvvəl şəhər rəhbəri vətən müharibəsi qəhrəmanları – Sübhan Cəbrayılov və Ramiz Cəfərovun ailəsi ilə görüşüb, şəhidlər üçün ayrılmış guşəyə baxış keçirib.
Xiyabanda uyuyan 519 şəhidin məzarlarının ziyarəti kövrək anlarla müşayiət olunub. Ölməz qəhrəmanların ruhuna dualar oxunub, ailə üzvlərinə ulu Tanrıdan səbir dilənib. Şəhidlərin adına ehsan verilib.
ŞİRVAN
Anım Günü ərəfəsində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və digər rəsmilər ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərin ailələrini ziyarət ediblər.
Ziyarət zamanı o, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı Zəfər qazanmasından, şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışaraq şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağını diqqətə çatdırıb.
Şəhid ailələri şəhidlərə, onların ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
LƏNKƏRAN
Sentyabrın 27-də Anım Günü Lənkəran rayonunda şəhid ruhlarına böyük ehtiramla qeyd edilib.
Şəhidlər Abidə Kompleksində keçirilən tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra çıxış edən şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov günün önəmi barədə danışaraq bildirib ki, Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyətə malikdir. O, dövlətimizin hər zaman şəhid ailələrinin yanında olduğunu qeyd edib və qeyd edib ki, onlara qayğı və diqqət göstərilməsi hər bir vətəndaşın mənəvi borcudur.
Şəhid Taleh İsmayılovun həyat yoldaşı Gülay İsmayılova çıxışı zamanı bildiribki, qanları ilə tarix yazan şəhidlərimiz xalqımızın qürur mənbəyidir. Şəhid həyat yoldaşı dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərilən həssaslığa, onların qayğı və problemlərini, qaldırdıqları istənilən məsələni şəxsi nəzarətlərində saxladıqlarına görə minnətdarlığını ifadə edib.
Daha sonra şəhid övladlarının və məktəblilərin iştirakı ilə bədii- kompozisiya təqdim olunub. Tədbirin sonunda rayon rəhbərliyi, eləcə də ictimaiyyətin nümayəndələri abidə kompleksini ziyarət edib, önünə tər güllər düzüb, şəhidlərimizə olan hörmət və ehtiramlarını ifadə ediblər.
Anım Günü ilə bağlı rəsmi tədbirdən sonra Lənkəran ŞİH başçısı Taleh Qaraşov, hüquq mühafizə orqanlarının rəhbərləri və icra hakimiyyətinin kollektivi Lənkəran rayonundan olan şəhidlərimizin qəbrlərini ziyarət ediblər, ailələrinə başsağlığı verib qayğıları ilə maraqlanıblar.
Qeyd edək ki, senytabrın 27-də Vətən müharibəsinin ilk günündə şəhid olan Lənkəran rayon sakinləri polkovnik-leytenant Mehman Şirvanov və Qalib Əkbərzadənin məzarları da ziyarət olunub, önünə tər güllər düzülüb.
ZAQATALA
Anım Günü ilə əlaqədar Zaqatalada ümumrayon anım tədbiri keçirilib. Yaşından, vəzifəsindən asılı olmayaraq, hər kəs şəhər qəbiristanlığında şəhid məzarlarını və Şəhidlər xiyabanını ziyarət edib.
Zaqatala şəhərindəki Zəfər kompleksinin önündə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Milli Məclisin deputatı Kamilə Əliyeva, Vətən müharibəsi iştirakçısı Naqim Ağayev, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Zaqatala rayonu üzrə Sektorunun müdiri Araz Əliyev çıxış edərək 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsi xalqımızın qələbəsi və Zəfəri kimi nəsillər ötdükcə ürəklərdə yaşayacaq.
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Valeh Bədəlovun anası Südabə Qazıyeva çıxışında şəhid ailələrinin dövlətimiz tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayıb. Tədbirin sonunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
BALAKƏN
Anım Günü münasibətilə Balakəndə də silsilə tədbirlər keçirilib. Səhər tezdən rayon icra hakimiyyətinin rəhbər şəxsləri, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidlərin ailə üzvləri ilə birlikdə Şəhidlər xiyabanına gələrək mərd Vətən oğullarının məzarları üzərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.
Anım tədbirində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Milli Məclisin deputatı Nəsib Məhəməliyev, şəhid anası Gülşən Kərimova, Vətən müharibəsi qazisi, baş leytenant Hacı Muradov çıxış ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin ruhuna əbədi ehtiram borcumuzdur.
Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə tarixi Qələbə qazandığı minnətdarlıq duyğuları ilə xatırlanıb. Anım tədbirində ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
ASTARA
Anım Günü ilə əlaqədar Astarada keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Şəhidlərin Xatirə Kompleksini ziyarət edib, önünə əklil qoyub. Şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilatların kollektivləri, qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri xatirə lövhələrinin önünə tər qərənfillər düzüblər.
Anım mərasimi bir neçə saat davam edib. Natiqlər xatırladıblar ki, üç il bundan öncə – 2020-ci ilin 27 sentyabrında rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mənfur düşmənə qarşı əks-hücum əməliyyatına başlayaraq şanlı Zəfər tarixinə yol açıblar. Vətən müharibəsində Astara rayonundan 600 nəfərə qədər gənc iştirak edib, 41 igid şəhid olub, 138 nəfər yaralanıb. Müharibədən sonra erməni diversantların qarşısının alinmasında və antiterror tədbirləri zamanı daha 3 astaralı hərbçi şəhid olub. Ümumilikdə, Qarabağ uğrunda mübarizədə rayonun 127 nəfər cəsur, mərd oğlu əbədiyyətə qovuşub.
CƏLİLABAD
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən 27 Sentyabr – Anım Günü münasibətilə Cəlilabad rayonunda da şəhidlərin xatirəsi ehtiramla yad olunub.
Anım tədbirində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və din xadimləri iştirak ediblər.
İcra hakimiyyətinin başçısı tədbirdəki çıxışında 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əzəli Azərbaycan torpaqlarını erməni işğalçılarından azad edərək tarixi Qələbəyə imza atdığını vurğulayıb.
Həkim-nevropotoloq Gülər İsgəndərova, Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, şəhid Səyyad Ağahüseynlinin anası Səyyad Şəhla, qazi palkovnik-leytenant Kamil Düniyev, din xadimi Nadir Şükürov çıxış edərək cəsur döyüşçülərimizin, qazilərimizin igidliklərindən danışıblar. Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan razılığını ifadə edən çıxışçılar Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
BƏRDƏ
Rayon sakinləri Şəhidlər xiyabanında və Bərdə Terror qurbanları abidəsinin önündə 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbirdə işğal qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Tədbirdən öncə Vətən müharibəsi dövründə Ermənistan ordusu tərəfindən Bərdə rayonuna atılan bombalar nəticəsində həlak olmuş mülki şəhidlərin xatirə lövhəsinin önünə tər güllər düzülüb, ruhlarına dualar oxunub. Sonra mərasim Şəhidlər xiyabanında davam edib. Burada uyuyan Vətən oğullarının ölməz xatirəsi önündə hər kəs baş əyib.
Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən sentyabrın 27-də ölkəmizin hər yerində keçirilən Anım Gününün böyük tarixi əhəmiyyəti var. Dünya bizim ərazi bütövlüyümüz uğrunda mərd mübarizlərimizin xatirəsinin necə əziz tutulduğunu bir daha görür. İşğalçılıq, separatçılıq, terror təzahürləri lənətlənir.
TƏRTƏR
Tərtər şəhərinin mərkəzi meydanında quraşdırılmış monitorda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış igid oğul və qızlarımıza həsr olunmuş videoçarxlar nümayiş etdirilib.
Tərtərlilər səhər saatlarından “Şəhidlər” abidə kompleksini ziyarət ediblər. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri də abidə kompleksinin önünə gül-çiçək dəstələri düzüb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi yad ediblər.
Anım Günü ilə bağlı 44 günlük Vətən müharibəsində erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dağıdılmış açıq havada fəaliyyət göstərən ev-muzeyinə sakinlərin ekskursiyası təşkil olunub.
Hazırladı:
Əli ƏLİYEV
XQ










