Nuru Paşa at belində...

post-img

Tarixə qızıl hərflərlə yazılan zəfər

1918-ci ilin 15 sentyabrında türk xalqının böyük oğlu Nuru Paşanın komandanlığı altında Qafqazın İslam Ordusunun səyi ilə Bakı erməni–daşnak işğalından azad olunub. Bu, Azərbaycan xalqının taleyində olduqca möhtəşəm hadisədir. Xilaskar türk orudusunun komandanı Nuru Paşa o vaxtdan xalqımızın qəlbində özünə əbədi abidə ucaldıb. 

Nuru Paşa at belində 

Türkiyədən – Qarsdan gəlir. 

“Azərbaycan” deyə-deyə, 

Yaralanmış aslan gəlir... 

Bu parlaq misralar sevimli şairimiz Nəriman Həsənzadənin “Nuru Paşa” poemasındandır. Sənətkar böyük xilas­kara layiq gözəl bir sənət əsəri yaradıb. Nuru Paşadan yazanda gərək yaxşı ya­zasan. Gözəl təbli, ilhamlı, vətənpərvər xalq şairimiz bunu bacarıb.

Azərbaycan Cümhuriyyətinin lider­lərindən biri 1918-ci il mayın sonlarında Gəncəyə gələn Nuru Paşa haqqında belə yazırdı: “O zaman bir tərəfdən müdhiş bir anarxiyaya məruz qalan, digər tərəfdən də bolşevik təcavüzü ilə təhdid olunan Gəncə şəhəri Nuru Paşanı göydən enmiş xilaskar bir mələk kimi qarşılamışdı”. 

Məlumdur ki, 1918-ci il iyunun 4-də yenicə müstəqillik qazanmış Azərbaycan qonşu Gürcüstan və Ermənistanla birlik­də Batumidə Osmanlı Türkiyəsi ilə sülh və dostluq haqqında müqavilə bağladı. Yeri gəlmişkən, “Batumi” müqaviləsi ilə Osmanlı Azərbaycanın müstəqilliyini tanı­yan ilk dövlət oldu. 

Azərbaycan Milli Şurasının rəhbərliyi Osmanlı Türkiyəsindən hərbi yardım istə­di. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət bu haqda Türkiyə hökumətinə müraciət etdi. Türkiyə öz qardaşlıq bor­cunu yerinə yetirdi. Osmanlının müdafiə naziri Ənvər Paşanın əmri ilə 1918-ci ilin iyun ayında türk qoşunları Nuru Paşanın komandanlığı altında Azərbaycana gön­dərildi. 

Beləliklə, Türkiyənin iki hərbi qrupdan ibarət 5-ci Qafqaz diviziyası vaxt itirmə­dən Gümrü–Dilican–Qazax istiqamətində hərəkət etdi. Birinci qrup iyunun 11-də, ikinci qrup isə iyunun 12-də Qazaxa çat­dı. Türk ordusu burada böyük coşqu ilə qarşılandı. 

Sonra 15-ci Çanaqqala diviziyası Gəncəyə gəldi. Nuru Paşanın komandan­lığı altında Azərbaycan korpusu ilə bir­ləşən bu hissələr Qafqaz İslam Ordusunu yaratdılar. 29 yaşlı Nuru Paşa orduya ko­mandan təyin olundu. 

Qafqaz İslam Ordusu 1918-ci il iyu­nun 17-dən sentyabrın 14-dək bir-birinin аrdıncа uğurlu döyüş əməliyyatları ke­çirdi. İyulun əvvəllərində milli qüvvələr Göyçay ətrafında, əsasən, ermənilərdən ibarət Bakı Sovetinin hərbi qüvvələrini məğlub etdilər və Bakı şəhəri istiqamətin­də irəlilədilər. 

1918-ci il iyulun sonunda Qafqaz İs­lam Ordusunun igid əsgər və zabitləri Bakı ətrafına çatdılar. Həmin günlərdə Bakıda qatı millətçi, bolşevik S.Şaumyanın haki­miyyətini “Sentrokaspi” diktaturası əvəz etmişdi. 

İngilislərdən hərbi yardım alan oyun­caq diktatura Qafqaz İslam Ordusunun hücumu qarşısında duruş gətirə bilmə­di. Şiddətli döyüşlərdən sonra, 1918-ci il sentyabrın 15-də – Qurban bayramı günü Azərbaycan–Türkiyə ordu birləşmələri Bakını azad etdilər. Bu, tarixə qızıl hərf­lərlə yazılan gündür! 

Görkəmli yazıçı Manaf Süleymanov özünün məşhur “Eşitdiklərim, oxuduq­larım, gördüklərim” əsərində qəhrəman türk ordusunun Bakıya gəlişi barədə müşahidə və təəssüratlarını qələmə al­mışdır. O, qeyd etmişdir ki, həmin gün­lərdə Bakı sakinləri hədsiz sevinc içində idilər, hər evdə, küçə və meydanlarda böyük bayram əhval-ruhiyyəsi hökm sü­rürdü. Nuru Paşanın adı dillərdə əzbər idi. Bu böyük sərkərdəyə uşaqdan-böyüyə hər kəs sevgi və ehtiram göstərirdi. 

Lаkin Türkiyənin Birinci Dünyа müharibəsində məğlubiyyəti Nuru Pa­şanın başladığı işi yarıda qoydu. Ardın­ca da 1920-ci ilin 28 aprelində bolşevik Rusiyasının qurduğu “qırmızı” imperiya Azərbaycanı işğal etdi. 

...Üç il bundan əvvəl, 2020-ci ilin payı­zında Azərbaycan xalqı əzəli torpaqlarını işğalçı erməni silahlı qüvvələrindən azad etmək uğrunda şanlı Vətən Müharibəsinə başladı, hünər və qəhrəmanlıq nümayiş etdirərək Zəfər dastanı yazdı. 1918-ci ildə olduğu kimi, qardaş Türkiyə bu dəfə də bizə hərtərəfli dəstək oldu. 

Hər birimizin yaxşı yadındadır ki, 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələ­bəyə həsr olunmuş Zəfər paradı keçiril­di. Azərbaycan və Türkiyə prezidentləri, onların xanımları Zəfər paradında iştirak edirdilər. İki qardaş ölkənin əsgər və za­bitləri tədbir iştirakçılarının alqışları altın­da mətin addımlara tribunalar önündən keçdilər. Dostlarımız sevinir, düşmənləri­miz xar olurdu. 

Bizim qardaşlığımızı heç bir qüvvə sarsıda bilməz! Dünən belə olub, bu gün belədir, sabah da belə olacaq. Azərbay­can və türk xalqlarının əzəli və əbədi dostluğu bizim qürur mənbəyimiz olaraq qalacaq! 

Bir daha vurğulamaq lazımdır ki, şanlı 15 Sentyabr qələbəsi bu gün də iki qar­daş xalqın birlik və həmrəylik rəmzi kimi yaşayır. Əsrlər, minillər keçsə də, bu zəfər millətimizin yaddaşından heç vaxt silin­məyəcək. 

Nuru Paşanın komandanlığı ilə Bakı uğrunda döyüşlər Malazgird (1071), İs­tanbulun fəthi (1453), Çanaqqala (1915) və digər tarixi zəfərlər kimi Böyük Turanın tarixinə qızıl hərflərlə yazılıb. 

Türk haqq və ədalət naminə tarix ya­radan millətdir! Onun ən cəsur və mahir sərkərdələrindən biri də məhz Nuru Paşa olub! Ruhu şad olsun! 

Şəmistan NƏZİRLİ,
hərbi tədqiqatçı, yazıçı–publisist:

– Qafqaz İslam Ordusu 105 il əv­vəl Bakını çox böyük fədakarlıqlar nümayiş etdirərək azad etmişdir. Ya­yın qızmar istisində min-bir əziyyətlə Şirvan–Muğan düzünü keçib gələn türk ordusu böyük qəhrəmanlıqlara imza atmışdır. Əgər Qafqaz İslam Ordusunun əsgərləri Bakını işğaldan azad etməsəydi, bolşevik-daşnak və eser-menşevik qoşunları bütün əha­lini Xəzər dənizinə tökə bilərdi. Düş­mənlər böyük soyqırımları törədəcək, uşaq, qadın, yaşlı demədən hamını məhv edəcəkdilər. Onsuz da bunları edirdilər. 

Əgər Nuru Paşanın rəhbərlik et­diyi Qafqaz İslam Ordusu şəhərə gir­məsəydi, Bakını daha faciəli aqibət gözləyirdi. Nuru Paşanın rəhbərlik etdiyi ordunun xeyli hissəsini Azər­baycan hərbçiləri təşkil edirdi. Onlar ikiqat igidliklə vuruşub, qəhrəmanlıq göstəriblər. General Əliağa Şıxlınski, həmin vaxt polkovnik olan Həmid bəy Səlimov və yüzlərlə zabitimiz bu qələ­bədə böyük rol oynayıblar. 

Təsadüfi deyil ki, Nuru Paşa Azər­baycan hərbçilərini “Məcidiyyə” orde­ni ilə təltif edib. O zaman polkovnik olan, daha sonra general rütbəsinə yüksələn Cavad bəy Şıxlınski də bu ordenə layiq görülüb. Yəni, bizim öz qoşunlarımız, Əlahiddə Müsəlman Korpusumuz var idi. Əli silah tutanla­rın hamısı Qafqaz İslam Ordusunun tərkibində vuruşurdu. 6 minə yaxın azərbaycanlı Nuru Paşanın və Əliağa Şıxlınskinin komandanlığı altında dö­yüşüb. Onların nə qədəri şəhid olub. 

O zaman Bakı düşmənlərdən azad edilməsə idi, Azərbaycan Xalq Cümhuriyyəti adlı bir dövlət davam gətirə bilməzdi, sonrakı tariximiz yad­ların tam ağalığı ilə bağlı olardı. Hə­min dövrdə bizə qardaş köməyi hava, su kimi lazım idi. Erməni qaniçən Şaumyanın ən böyük arzusu Bakını erməni şəhərinə çevirmək və paytax­tımızı Rusiyanın bir vilayətinə dön­dərmək idi. Ona görə də hər vəchlə türk ordusunu Bakıya buraxmamağa çalışırdılar. 

Amma Ənvər Paşa o ağır durum­larda belə Azərbaycanı yalnız burax­madı. Osmanlı torpaqları işğalla üz-üzə ikən Azərbaycanı işğaldan azad etmək üçün qoşun göndərmək böyük risk idi, ancaq Ənvər Paşa risklərin adamı idi və bunu etdi. 

Ənvər Paşa və silah yoldaşları soydaşımız olan Azərbaycan türkləri­ni erməni zülmündən, qırğın və təca­vüzlərdən xilas etmək, ermənilərdən törətdikləri qətliamların intiqamını almaq üçün Qafqaz İslam Ordusunu formalaşdırdı və qardaşı Nuru Paşa­nı Azərbaycana göndərdi. İki qardaş xalq birləşdi və Bakı işğaldan azad edildi. 

Mehman SÜLEYMANOV,
hərbi tarixçi, ehtiyatda olan polkovnik 

– Nuru Paşanın komandanlığı al­tında Bakının azad edilməsi əməliyyatı dünya hərb tarixinin ən şanlı səhifələ­rindən biridir. Hücumun təşkili məqsə­dilə 1918-ci il sentyabrın 10-da Qafqaz İslam Ordusu komandanı Nuru Paşa və Azərbaycan Korpusunun koman­danı Əliağa Şıxlinski Bakı ətrafındakı vəziyyətlə tanış olmuş, komandirlərin məruzələrini dinləmişdilər. 

Nuru Paşa ayın 13-də saat 17:11-də Hacı Həsən kəndinin qərbindəki müşahidə məntəqəsində Bakı üzərinə həlledici hücumu başlamaq barədə döyüş əmrini imzaladı. Əmrə əsasən, həlledici hücum sentyabrın 14-nə keçən gecə başlamalı idi.

5-ci türk diviziyası Bayıldan baş­layaraq, təxminən, Biləcərinin qərb ətəklərinə qədər olan ərazidən şəhərə doğru hərəkət etməli idi. Biləcəri–Sa­bunçu–Əhmədli dairəsi boyunca isə 15-ci türk diviziyası hücuma keçməli idi. Azərbaycanın milli hərbi qüvvələri­nin böyük bir hissəsi də məhz bu is­tiqamətdən hücuma qoşulmuşdu. 

Baxmayaraq ki, Qurd qapısı yük­səklikləri ilə topları sürüyüb çıxarmaq elə də asan deyildi, amma göstərilən əzmkarlıq, qətiyyət və yüksək sürət hələ gecə ikən ilk müdafiə səngərlə­rini ələ keçirməyə və orada möhkəm­lənməyə imkan verdi. Bu hücum elə bir sürətlə həyata keçirildi ki, hətta Qafqaz İslam Ordusunun komandanlı­ğı üçün də onun nəticələri xoş bir təəc­cüblə qarşılandı. 

General Denstervil gözlərinə inana bilmirdi ki, onun əsgərlərinin əlverişli mövqelərdə durduqları müdafiə sən­gərləri türklər tərəfindən gecə vaxtı belə bir sürətlə ələ keçirilmişdir... 

Sentyabrın 15-də Qafqaz İslam or­dusu qüvvələri uğurlu hücumu davam etdirdilər və qarşıya qoyulmuş vəzifə­nin həllinə daha da yaxınlaşdılar. Çıxış yolunun qalmadığını görən Sentrokas­pi hərbi diktaturasının rəhbərliyi İranın Bakıdakı konsulu Saədülvüzəradan Bakı üzərinə hücumun dayandırılması üçün vasitəçilik etməyi xahiş etdi. 

Tərəflər arasında aparılan danı­şıqlardan sonra Sentrokaspi rəhbərliyi Bakı şəhərini Qafqaz İslam Ordusu­nun nəzarəti altına verməyi öz üzərinə götürdü. 

Bakının azad edilməsi xəbərini M.Ə.Rəsulzadə İstanbulda olarkən eşitdi. O, dərhal Azərbaycan hökumə­tinin sədri F.Xoyskiyə teleqram göndə­rib Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə təbrik etdi. 

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk sədri Fətəli xan Xoyski Bakının azad edilməsi uğrunda türk hərbçilərinin göstərdiyi xidmətləri Nuru paşaya xitabən belə dəyərləndirmişdi: "Millət sizə minnətdardır". 

Məsaim ABDULLAYEV
XQ











Sosial həyat