Zamanı qabaqlayan gənc – 15 yaşlı tələbə

post-img

Hər sahədə zamanı qabaqlayanlar həmişə, hər kəsdə böyük maraq doğurur. Bu günlərdə isə Bakı məktəblisi – 15 yaşlı Məhəmməd Həsənzadənin vaxtından iki il əvvəl tələbə adı qazanması onun kimliyi, bu uğuru necə qazanması ilə bağlı suallar doğurdu.

Öncə onu qeyd edək ki, Məhəmməd həkimlər ailəsində doğulub. Anası oftal­moloq, atası isə cərrah–ginekoloqdur. Məhəmmədin Vasif adlı qardaşı, Fatimə adlı bacısı var. Ailənin başçısı Yaşar Həsənov Naxçıvanda işə göndərildiyinə görə onlar 5 il orada yaşayıblar. 

Bacısı Fatimə 1-ci sinfə gedəndə Məhəmmədin 5 yaşı varmış və ingiliscə 1000-ə qədər sayırmış. O dildə çox söz, hətta şeir də bilirmiş. Bir sözlə, çox zə­kalı uşaq imiş. Fatiməni dərsə aparıb-gə­tirəndə anası Kəmalə xanım Məhəmmədi də özü ilə götürürmüş. Dəhlizdə bacısını gözləyəndə onun şeir söyləməsi, zirəkliyi müəllimlərin diqqətini cəlb edib. Uşağın bu qabiliyyəti barədə xəbər məktəbin di­rektoruna da çatıb. Beləliklə, Məhəmməd 5 yaşında xüsusi yoxlanışla 1-ci sinfə qəbul edilir. 

Kəmalə Həsənova oğlunun uğurun­dan iftixarla danışır:

– Məhəmməd həmişə öndə olmağı sevib. Bu yaşında onun 1 saatı da boş deyil. Vaxtın qədrini onun kimi bilən çətin tapılar. Hansı saatda idman etməyi, dost­ları ilə görüşməyi, hətta telefonla, kom­püterlə məşğul olmağı, yemək yeməyi, dərs oxumağı öncədən sıralayır. Aşağı siniflərdə oxuyanda yuxarı sinfin dərsləri ilə maraqlanırdı. O, 9-cu sinfi 267 say­lı məktəbdə əla qiymətlərlə bitirdi. Son­rakı illərdə Ağdam şəhər 28 saylı köç­kün məktəbində oxudu. O, orta təhsilini fərqlənmə attestatı ilə başa vurdu.

İmtahanlarda mən Məhəmməddən daha yüksək nəticə gözləyirdim. O, 585 yox, 650–700 bal toplaya bilərdi. Əgər o qəza olmasaydı...

Öyrəndik ki, Məhəmməd yanvar ayın­da skuter sürərkən yıxılıb və ciddi zədə alıb, 2 ay yataqda qalıb. Müalicə dərslər­dən geri qalmasına səbəb olsa da, özün­də güc tapıb. Arzuladığı nəticəni əldə edə bilməsə də, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Məhəmməd bildirdi ki, arzuları çoxdur: 

– Hüquq fakültəsini bitirdikdən sonra xarici ölkələrin birində kibercinayətkarlıq­la bağlı təhsil almaq və o sahədə işləmək istəyirəm. Kiberhücumların vurduğu zi­yanın əhatəsi get-gedə genişlənməkdə­dir. Mən də bu sahədə çalışmaq, cinayət­lərin qarşısının alınması üçün lazımi təhsil almaq arzusu ilə yaşayıram. 

Kəmalə xanım həmişə oğlunun bö­yük dəstəkçisi olub:

– Oğlumun ali məktəbə hazırlaşan zaman keçirdiyi yuxusuz gecələr hədər getmədi. Məhəmməd qəza keçirən­dən sonra onu Litvaya, Riqa Texniki Universitetinə ingilisdilli yay düşərgəsinə göndərdim – 3 həftə Riqanı, Estoniyanı, Finlandiyanı, İtaliyanı, Fransanı gəzmək şansı əldə etdi. İmtahandan sonra olan bu gəzinti onun əhvalına yaxşı təsir etdi. 

İki qardaşını, bacısının yoldaşını Vətənə qurban verən Kəmalə xanıma oğ­lunun, ümumiyyətlə, övladlarının uğurları nə qədər xoş olsa da, ürəyindəki kədər üz-gözündən çəkilməyib. İtki onu daxilən sarsıtsa da, bu pozitiv xanıma şəhidlərlə bağlı yazılan, deyilən hər söz təskinlik verir.

“Hələlik, Məhəmmədin təhsil uğur­larına şahid və dəstək olun!”– diləyilə ailədən ayrılıram. 15 yaşlı tələbəmizi isə universitet, mühazirələr, seminarlar və ki­tabxanalar gözləyir.

Uğur olsun, Məhəmməd, tələbə adın mübarək!

Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat