Kirayə mənzillər niyə bahalaşır?

post-img

Yeni dərs ilinin başlanması ilə əlaqə­dar Bakının kirayə mənzil bazarında da “yüksəliş” yaranıb. Ötən aylarla müqa­yisədə qiymətlər 50–100 manat bahalaşıb. Universitetlərin yaxınlığında yerləşən əra­zilərdə evlər minimum 450–500 manata təklif edilir. Bütün bunlar rayonlardan gələn tələbələrin sərfəli mənzil tapmasını çətinləşdirir. 

Bakı Dövlət Universitetinin mexani­ka–riyaziyyat fakültəsinin 2-ci kurs tələbə­si Həsən Məmmədov da belələrindəndir. O, keçən il 2 nəfərlə birlikdə qaldığı evi yay tətilində tərk edib, geri döndükdə isə yerinə başqa kirayənişinin götürüldüyünü görüb. Həsən kirayəni tək ödəməyin çətin olduğunu, buna görə də özünə otaq yoldaşları axtardığı­nı, lakin hələ tapa bilmədiyini dedi.

Digər tələbə Əhməd İslamov Bakıda mənzil tapa bilmədiyi üçün Xırdalanda otaq kirayələyib. O, tələbə adını bu il qazansa da, sevinci uzun sürməyib. Şəhərdən kənarda qalmağı, əlavə vaxt və pul itirəcəyi onu xeyli qayğılandırıb. 

Texniki Universitetin 1-ci və 3-cü kurs tələbələri Qalib Əliyevlə Osman Hüseynov oğlanlar üçün ev tapmağın daha çətin oldu­ğunu dedilər. Osman, necə deyərlər, “tüstülü” qiymətlərdən danışaraq, avqust ayından ev sahiblərinin suni şəkildə bahalaşma yaratdı­ğını dedi.

Gənclərdən nə üçün tələbə yataqxanaları­na müraciət etmədiklərini soruşduq. Dedilər ki, yataqxanalar köhnə və şəraitsizdir, bəzi ali məktəblərdə isə yerli-dibli yoxdur. 

Kirayə bazarındakı tələbləri öyrənmək üçün əmlak agentlərinə yaxınlaşdıq. Satış meneceri Ramin Abdulov bildirdi ki, əsasən, 2, 3 və 4 otaqlı evlərə tələbat çoxdur, qiymət artımı da bu mənzillərdə müşahidə olunur: – Qiymətlər evin şəraiti və binanın təzəliyinə görə dəyişir. Belə evlərin qiyməti 450 manat­dan başlayaraq, 800–1000 manata çatır. Ən baha evlər şəhərin mərkəzində və Yasamal rayonunda təklif edilir. Əsas səbəb evlərin məhdud sayda, tələbatınsa çox olmasıdır. Yeni tikilən binalar problemin həllinə kömək etmir, çünki onlardakı mənzillərin kirayə haqqı yüksək olur.

Ramil Abdulovun sözlərinə görə, qiymət artımı son 2 ildə daha çox müşahidə edilir.

Bunun bir səbəbi də istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan binaların sökülməsidir.

Əmlak işləri üzrə ekspert Elnur Fərzəli­yev isə bildirdi:

– 2016-ci ildən paytaxtda onlarla köhnə, çoxmənizlli bina və fərdi həyət evlərindən ibarət yaşayış massivi sökülərək, yeni tikilən binalarla əvəzlənir. Bu proses hələ də davam edir. Sökülən evlərin sakinləri də onlara yeni yaşayış yeri tikilənə qədər kirayədə yaşamalı olurlar. 

Beləliklə, paytaxt sakinləri özləri də Bakıda kirayənişinə çevrilirlər. Yəni, kirayə bazarında tələbat artır və qiymətlər qalxır. Bu da, öz növbəsində, evaxtaran tələbələrin işini çətinləşdirir. Bu problemin həlli üçün şəhər­dəki köhnə tələbə yataqxanaları sökülməli, əvəzinə, yeni və hündürmərtəbəli binalar, kampuslar tikilib tələbələrin istifadəsinə ve­rilməlidir.

Rüfət MƏHƏRRƏMOV

Sosial həyat