Alimlər belə hesab edirlər ki, gigiyenik cəhətdən nə qədər faydalı olsa da, az çimmək lazımdır. Bu fikir çoxlarına qəribə gələcək. Çünki, biz, əslində, tez-tez, yay aylarında isə gündə bir neçə dəfə çimməyi sevir və bundan zövq alarıq.
Bu yazıda yuyunmağın zərərli təsirindən söz açırıq. Qeyd edək ki, fikirlərin sabunla əl-üz yumağa dəxli yoxdur. Çoxumuz şırnaqla, özü də çox isti su ilə çimməyə vərdiş etmişik. Bilməliyik ki, bunun bizim dərimizə faydası yoxdur.
Elmi cəhətdən 37–38 dərəcə temperaturda olan su çimmək üçün təhlükəsizdir. Qaynar suda yuyunmağa adət edənlər bilməlidir ki, bu, dərini zərərli şüalardakı aşındırıcı təsirlərdən mühafizə edən və nəm saxlayan incə piy qatını zədələyir. Dərinin yağlı müdafiə qatında faydalı bakteriyalar və digər mikroorqanizmlər toplanır. Tez-tez, xüsusilə də isti su ilə yuyunmaq onları məhv edir. Nəticədə, qoruyucu sədd aradan qalxır və zərərli bakteriyalar dəri infeksiyalarına və allergik reaksiyalara yol açır. Bununla dəri quru, qıcığa həssas və rəngi qızarmış olur.
Onu da qeyd edək ki, duşda 20 dəqiqədən çox qalmaq da dəridə sadaladığımız xoşagəlməz əlamətlərin yaranmasına səbəb olur.
Z.HÜSEYNLİ, “Xalq qəzeti”

